Bu ölkənin Yerevandakı səfiri Dağlıq Qarabağ məsələsində Belarusun Ermənistanı dəstəklədiyini bəyan etdi
Belarusun Yerevandakı səfiri Iqor Nazaruk yerli mətbuata müsahibəsində ölkəsinin Dağlıq Qarabağ məsələsində Ermənistana dəstək verdiyini deyib. Onun sözlərinə görə, Ermənistan Qarabağ münaqişəsində tək qalmayacaq. Çünki o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə tərəfdaşlarının, dostlarının və qardaşlarının əhatəsindədir.
Belarus səfiri müsahibəsində jurnalistin KTMT-nın cəbhədə baş verən son gərginliklərə reaksiya verib-verməyəcəyinə dair sualını da cavablandırıb: “Ötən həftə ”Baqramyan” poliqonu da daxil olmaqla, Ermənistan ərazisində KTMT xətti üzrə təlimlər keçirildi. Təlimlərdə Ermənistan, Rusiya, Belarus və təşkilata üzv digər ölkələrin hərbçiləri iştirak edib. Təbii ki, bu növ təlimlərə qonşu ölkələr maksimum diqqət ayırırlar. Bu, Ermənistanın Qarabağ münaqişəsində tək qalmayacağına dair aydın siqnal idi. O öz tərəfdarlarının, dostlarının, mən deyərdim ki, qardaşlarının əhatəsindədir. Bu, təcavüzün kollektiv müdafiə ilə qarşılaşacağına dair bütün dünyaya bir mesaj idi”.
Belarus səfirinin bu açıqlaması Azərbaycanda etiraza səbəb olub. Məsələ ilə əlaqədar “haqqın.az” Belarus hökumətinin mövqeyini öyrənmək üçün bu ölkənin Xarili Işlər Nazirliyinə sorğu ilə müraciət edib.
“Minskin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib”, – deyə Belarus Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Dmitri Mironçik səfirin müsahibəsində səsləndirdiyi fikirlərlə əlaqədar sorğuya cavab olaraq bildirib.
Konkret olaraq, səfirin “Ermənistan Qarabağ münaqişəsində tək qalmayacaq” fikrinə gəlincə, mətbuat xidmətinin rəhbəri səfirin sözügedən müsahibə ilə tanış olmadıqlarını deyib.