«The Guardian» qəzeti yazır ki, Moskvanın Suriyaya müdaxiləsi münaqişənin həllinə kömək əvəzinə, onu daha da qızışdıra bilər. Belə ki, regional ölkələr üsyançı qruplara pul, silah və digər dəstək verməklə əslində rəqibləri İranla nüfuz savaşına girişiblər.
«Rusiyanın müdaxiləsi Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə kimi müxalifəti dəstəkləyən ölkələr üçün böyük geriləmədir və yəqin ki, münaqişənin genişlənməsinə gətirəcək güclü reaksiya doğuracaq», – Avropa Xarici Əlaqələr Şurasının aparıcı mütəxəssisi Julien Barnes-Dacey deyir.
Suriya müharibəsinin ta əvvəlindən Səudiyyə Ərəbistanı mövqeyini aydın şəkildə ortalığa qoyub – Bashar al-Assad getməlidir. «Ər-Riyadın mövqeyini dəyişəcəyi görünmür»,- bunu isə Ər-Riyadda İslam Araşdırmaları Mərkəzindən Mohammed Alyahya deyir. «Ər-Riyada və regional müttəfiqlərinə aydın olan odur ki, Rusiya və İranın münaqişəni genişləndirməsi regionda daha artıq sabitsizlik yaradacaq, daha çox qan töküləcək».
Rusiyaya məxsus «Mi-24» helikopteri Suriya səmasında.
Rusiyaya məxsus «Mi-24» helikopteri Suriya səmasında.
Təhlilçilər bildirir ki, Səudiyyə Ərəbistanı Suriyanın cənubundakı üsyançılara dəstək göstərir. Türkiyə və Qətər isə şimalda, «Əhrar əl-Sham» kimi mühafizəkar islamçı silahlıları dəstəkləyir. Bu qrup «əl-Nüsrə» cəbhəsi ilə birlikdə Assad-la şimalda atəşkəs də əldə edib. Rusiyanın bomba zərbələrinin bir səbəbi də bu qruplaşmaların hökumət qüvvələrinə qalib gəlməsi olub və qırıcıların ilk hədəflərinə çevriliblər.