Samir Şərifov xarici ezamiyyə xərclərini ixtisar edib
“Azərbaycanın gələn il üzrə dövlət büdcəsi builkindən az olsa da, xərclərin azaldılması heç də bütün sosial, həssas qruplara aid deyil”. Bunu ANS TV-yə müsahibəsində maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, azalma əsasən dövlət investisiya proqramlarının bir qədər kiçildilməsi hesabına baş verib və bütün sosial öhdəliklər və proqramlar yerinə yetiriləcək: “Əmək haqqı, pensiya və müavinətlərin ödənilməsi əvvəlki illərdə olduğu kimi tam məbləğdə təmin ediləcək. Sadəcə gələn il biz o layihələrə maliyyə ayıracağıq ki, onlar artıq icradadırlar. Bunlara bir keçid layihələr deyirik. Onların icrasının növbəti ildə və yaxud ondan sonrakı ildə də davam etdirilməsi gözlənilir. Yeni layihələrə başlanmasına isə fasilə verilib, bu da maliyyə imkanlarımızla bağlıdır. Onlar bir qədər ləngiyə bilər, sonra həyata keçirilə bilər. Bəzi lüzumsuz xərcləri ixtisara salmışıq. Yəni, prioritetlik təşkil etməyən, məsələn, xarici ezamiyyə xərclərini ixtisar etmişik”.
Xatırladaq ki, bir neçə gün “Azadlıq” qəzeti bu barədə yazmışdı.