Dövlətin milyardlarını mənimsəyənlər niyə hələ də iş başındadır?
Azərbaycan hakimiyyətinin yarıtmaz siyasəti, acgözlüyü, ölkə sərvətlərini talan etməsi hər dəfə daha çılpaq şəkildə özünü göstərir. Uzun illərdən sonra “uğurlu siyasət”in nəticəsi kimi 10 milyardlarla xarici borc üzə çıxır.
Məlum olur ki, ən çox gəlirlə işləyən strukturlar da dövlət zəmanəti hesabına milyardlarla borc götürüb və bu borc da öz effektini verməyib. Maliyyə naziri Samir Şərifov da etiraf edib ki, səhmlərinə dövlətin nəzarət etdiyi bəzi qurumların borclanma ilə bağlı fəaliyyəti ürəkaçan deyil. O bildirib ki, bəzi qurumlar dövlət zəmanəti iləÿgötürülmüş borclara xidmət göstərə bilmirlər: “Hazırda biz bu borcların müəyyən hissəsini dövlət büdcəsi hesabına ödəməyə məcburuq. Ona görə, bu bizim növbəti ilin dövlət büdcəsində öz əksini tapıb. Beləki, bizim dövlət borcuna xidmətlə bağlı xərclərimiz artıb. Bunun bir qismi qeyd etdiyim kimi manatın devalvasiyası nəticəsində, digər qismi isə məhz belə amillərə görə artıb”- deyə Samir Şərifov bildirib.
Digər tərəfdən etiraf olunur ki, Azərbaycan Beynəlxalq Bankı heç bir girov olmadan müəyyən sahənin adamlarına milyardlarla vəsait verib.
Deməli, bu illər ərzində qazanılan milyardlar “Azərenerji”, “Azərsu”, Nəqliyyat Naizrliyi və digər strukturlara bəs etməyib və dünya banklardan borc almaq zərurəti yaranıb. Daha sonra bu pullar da mənimsənilib, şəffaf idarə olunmayıb və nəticədə bu strukturların borclarını dövlət büdcəsi hesabına ödəmək qərarına gəliblər. Bəli, 5 milyard azalma ilə növbəti ilə qədəm qoyan büdcəmiz, üstəlik, xarici borcların ödənməsinə yönələcək.
Məsələ burasındadır ki, milyardlarla vəsaitin mənimsənilməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə heç kim cəzalandırılmır. Hansıki, 10-larla vicdanlı vətəndaş saxta “vergidən yayınma” ittihamı ilə ağır cəzaya məhkum edilib. Qəpik-quruşa görə sadə insanları həbs edənlər, milyardlara görə cavabdeh olanlara “yaşıl işıq” yandırıb. Digər tərəfdən, sadə vətəndaşa ağır şərtlər altında, yüksək faizlərlə verilən kreditlər, müəyyən iş adamlarına heç bir girov olmadan verilirmiş.
Təbii ki, bu ölkədə milyardları heç kim özbaşına mənimsəyə bilməz və hakimiyyətin başında duranlar bu prosesə nəzarət edirlər.
Necə olur ki, adı çəkilən strukturlar yüksək qiymətlərlə xidmət göstərdikləri halda külli miqdarda borca girirlər? Niyə bu strukturların fəaliyyəti araşdırılmır və iri məmurlar həbs edilmir?
Göründüyü kimi, büdcənin çöküşünə, valyuta ehtiyatlarının israf olunmasına, kütləvi borclanmanın yaranmasına dövlət strukturları səbəb olur. Bu qədər acgözlüklə, korrupsiya ilə iqtisadiyyatı necə gücləndirmək olar? Ən iri dövlət strukturları mütəmadi gəlirlərlə işləmələrinə baxmayaraq, həm vergidən yayınır, həm də dövlət büdcəsinə borc yükləyirlər.
Bütün bunları isə hansısa jurnalist, müxalifət fəalı demir. Bütün bunları ölkənin Maliyyə Naziri etiraf edir. Bu həm də korrupsiyanın, dövlət əmlakına xəyanətin və ölkəni yarıtmazların idarə etməsinin etirafıdır.
Samir