Tibbi sığortanın gələn il tətbiqinə ümid etmək olarmı?
Maliyyə naziri Samir Şərifov Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə 2016-cı ildən başlanılacağını bildirib. Nazir artıq bunun üçün tələb olunan qanunvericilik bazasının formalaşdırıldığını və gələn ildən praktiki işlərin həyata keçiriləcəyini deyib.
Xatırladaq ki, Azərbaycanda tibbi icbari sığortanın tətbiqi üçün 15 ilə yaxındır qanunvericilik bazası yaransa da, təssüf ki, bu mexanizm hələ də işə salınmayıb. Dünyada bir çox ölkələrinin səhiyyə sistemi sığorta üzərində qurulsa da, ölkəmizdə icbari tibbi sığortanın olmaması təəssüf doğurur. Bu barədə 1999-cu ildə prezident tərəfindən imzalanan qanun layihəsi hələ də həyata keçirilmir. Nəticədə səhiyyə sistemimizdə çoxlu sayda neqativ hallar yaranır. Əksər hallarda xəstə ilə həkim arasındakı anlaşılmazlıqlar məhz tibbi sığortanın olmamasından qaynaqlanır.
Yada salaq ki, 1999-cu ildə “Tibbi sığorta haqqında” qanun qəbul olunub və “Tibbi sığorta haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” prezident fərmanı var. 2008-2012-ci illərdə ölkədə səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı hazırlanıb. Bu sənəd Nazirlər Kabinetinin 11 avqust 2008-ci il tarixli qərarıyla təsdiq olunub və Nazirlər Kabineti yanında Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb.
Qanuna görə Icbari Tibbi Siğorta sığorta hadisəsi baş verdikdə əhalinin tibbi və dərman yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. O, dövlət sosial sığortasının tərkib hissəsidir və əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Əhalinin sosial müdafiəsi forması olan icbari sığortanın tətbiqi üçün Icbari Tibbi Sığorta fonduna üç mənbədən – dövlət büdcəsi, işəgötürənlər və işləyən vətəndaşlardan vəsait daxil olmalıdır. Deyilənə görə, icbari tibbi sığorta zamanı səhiyyənin maliyyələşməsinin ağırlığı əsasən, büdcənin üzərinə düşəcək. Ilkin şərtlərə görə, əmək qabiliyyətli hər bir vətəndaş icbari tibbi sığorta fonduna ayda orta hesabla 5-10 manat, işə götürənlər hər işçiyə görə 10-12 manat ödəyəcək. Əhalinin bir hissəsi isə icbari sığorta haqqı ödəməkdən azad olacaq.
Əhalinin böyük əksəriyyəti qeyri-leqal əmək fəaliyyəti göstərdiyindən əmək müqavilələri bağlanılmır və nəticədə vergidən yayınmalar olur. Tibbi icbari sığortaya keçid üçün isə bu, çox önəmli məsələdir. Çünki bunun üçün leqal maaş, leqal vergi sistemi tənzimlənməlidir ki, mexanizm işə düşsün. Beləliklə, tibbi sığortanın tətbiqi işçilərin əmək haqqından və əmək haqlarından olan ayrılmalar, tibb müəssisələrinin akkreditasiyası kimi müxtəlif parametrləri əhatə edən çoxsahəli prosesdir.ÿ
Tibbi sığortanın tətbiqi bir çox səhiyyə və dövlət strukturlarının marağında olmadığından proses ləngiyir.
Burda bir sıra dövlət strukturlarının da marağı var. Bir neçə ildir ki, bu qərarın tətbiq edilməsinə müxtəlif strukturlar mane olur. 2008-ci ildə Səhiyyə Nazirliyi tərəfindən icbari tibbi sığortanın konsepsiyası hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunsa, Nazirlər Kabineti yanında müvafiq agentlik yaransa da, icbari tibbi sığortanın tətbiqi prosesi ona görə ləngiyir ki, bu istiqamətdə həm maliyyə mexanizmləri, həm qurumlar arasında münasibətlər mexanizmi, həm də klinikaları seçmə mexanizmi işləmir. Icbari tibbi sığortanın tətbiqi çox mühüm və səhiyyədə maliyyə sistemini dəyişdirən bir məsələ olsa da, hələ də reallaşması mümkün deyil. Bəzi millət vəkilləriÿ”Tibbi sığorta haqqında” qanunun icrasının ləngiməsində Nazirlər Kabinetini qınayır, Maliyyə Nazirliyini tibbi sığortanın tətbiqinə maraq göstərməməkdə günahlandırırlar. Qanun tibbi sığortanın maliyyə mənbələrinə aydınlıq gətirmir və əksər məsələlər müvafiq icra hakimiyyətinə, qurumuna həvalə edilib. Bu məsuliyyətli iş Səhiyyə Nazirliyinə deyil, NK yanında yaradılan Tibbi Sığorta üzrə Dövlət Agentliyinə həvalə edilib. Təbii olaraq bu da Səhiyyə Nazirliyinin ürəyincə deyil. Çünki tibbi sığorta tətbiq edilərsə, bütün maliyyə vəsaitlərini agentlik idarə edəcək.ÿBu o deməkdir ki, artıq nazirlik agentliyə tərəfdaş deyil, rəqibdir. Bəzi məmurlar üçün isə dövlətin vəsaiti anlayışı mövcud olmadığı üçün də vəsaitlər üzərində mübarizə gedir. Bu qanunun icrasının ləngiməsində maliyyə vəsaitlərinin azlığı, qanundakı boşluqlar və. s kimi onlarca səbəbin hər birinin yeri var.
Bir sıra ekspertlərin fikrincə, qanunun icrasının ləngiməsində bu amilin də rolu az deyil.
Amma bu bir faktdır ki, tibbi sığorta vətəndaşların səhiyyə xərclərinin azalmasına, işsiz insanların səhiyyə xidmətlərindən yararlanmasına kömək göstərəcək. Bu sistem əhaliyə istədiyi səhiyyə müəssisəsində müalicə və müayinə imkanı verəcək. Maddi imkandan aslı olmayaraq hər kəs arzu etdiyi şəkildə müalicə ala biləcək.
Eyni zamanda, həkim və xəstə arasında qeyri-leqal ödəniş problemi də aradan götürüləcək. Yəni, həkimlər ona müraciət edən xəstənin sığorta kartı vasitəsilə qonorar əldə edəcək. Nəticədə peşəkar həkimlər leqal olaraq yaxşı qazanc əldə etmiş olacaq.
Hamının üzləşdiyi ortaq bir vəziyyət, imkansız şəxslərin bədbəxt hadisənin baş verəcəyi təqdirdə vəsaiti hardan əldə edəcəyidir. Çünki, müalicə üçün o öz vəsaitindən istifadə edəcəyini bilir. Müalicə və müayinə isə kifayət qədər baha olur. Gələcəkdə bu layihə həyata keçirilərsə, qəfil baş verən bütün sağlamlıq problemləri üçün icbari sığortadan istifadə ediləcək, əsasən də, qadınlar doğuş zamanı sığortadan bəhrələnə biləcək.
Bir vacib məqam da vətəndaşlara lazım olan antibiotiklər, ağrıkəsicilər və digər dərmanların sığorta kartına aid edilməsidir. Tibbi sığorta əhalinin birbaşa ehtiyacı olduğu sahələri əhatə edəcək.
Sonda qeyd edək ki, hökumət artıq hansı qrupların yükünü üzərinə götürəcəyini bəyan etməli, digər qanunlarla uyğunlaşmanı təmin etməli, hansı növ xidmətlərin paketə daxil olacagını dəqiqləşdirməli və səhiyyə sistemində ləngiyən islahatlara başlamalıdır. Bir sözlə, illərdir sığortası olmayan tibbimiz əhalinin ölən ümidinə şəfa missiyasını reallaşdırmalıdır.
Sosial şöbə