O, hüquqlarının təmin olunmasını tələb edir
Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 11/38, mənzil 14-də məskunlaşan Xankəndi şəhər sakini Mehdi Əsədov redaksiyamıza müraciət edib. Baş nazirin müavini Əli Həsənova üz tutan şikayətçi söyləyir:
“Mən ehtiyatda olan polkovnik-leytenant, 2-ci qrup əlil və müharibə veteranıyam. Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və hərbi qulluqçuların statusuyla bağlı müvafiq qanunlarla əlaqədar mənzillə təmin olunmalıyam. Xocalı rayonunda qeydiyyata dayanmağımın üç ayından mənzil alanadək Xocalı rayon Icra Hakimiyyətinin başçısı tərəfindən mənə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməlidir. Bu barədə Xocalı icra başçısına maliyyə naziri Samir Şərifovun imzaladığı məktubda bildirilib.
Hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin və ailə üzvlərinin hüquqları pozulanda onların hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə yerli icra hakimiyyəti başçısına qarşı məhkəmə iddiası qaldırmaq və digər dövlət orqanına müraciət etmək hüququ var. 2008-ci ildən Xocalı icra başçısı ağır vəziyyətdə yaşayan məcburi köçkün ailələrinin sayının kifayət qədər çox olduğu və mənim mənzillə təmin olunmağıma kömək etmək imkanının olmadığını bildirib. 2013-cü ildə icra başçısının qəbulunda olanda o, rəsmi ərizəylə müraciət edəcəyim təqdirdə bu məsələnin həllini mümkün saymışdı. Lakin təqdim etdiyim ərizəyə iki aydan çox vaxt keçməsinə baxmayaraq heç bir cavab verilməyib.
2004-cü ildən etibarən mənzil və ya sığınacaq üçün mənə yaşayış yeri verilməsi üçün müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətlərimin həlli üçün qeydiyyatda olduğum rayonun icra strukturuna müraciət etmək tövsiyə olunur. Məskunlaşdığım Sumqayıt şəhərinin rəhbərliyi isə ehtiyacımı təmin etmək iqtidarında olmadığını bildirir. 20 ildən çox hərbi xidmət keçdiyimi nəzərə alaraq mənim qanunla nəzərdə tutulmuş qaydada mənzillə təmin olunmağıma, buna qədər isə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya verilməsi üçün müvafiq kömək göstərməyi xahiş edirəm”.
Sosial şöbə