İnanclı kəsim nə seçkiyə qatılacaq, nə də hər hansı namizədi dəstəkləyəcək
Parlament seçkilərinə bir aydan az vaxt qalsa da, ölkədə seçki ab-havası qətiyyən hiss olunmur. Cəmiyyətin də keçiriləcək seçkiyə münasibəti birmənalıdır. Noyabrın 1-də Türkiyədə də parlament seçkiləri keçiriləcək. Amma bu ölkədəki seçki ab-havasıyla Azərbaycandakı vəziyyət müqayisə ediləsi deyil. Məhz parlament seçkilərinin azad və ədalətli, rəqabət şəraitində keçiriləcəyinə heç bir təminat olmadığı üçün Milli Şura və bir ısra partiyalar seçkidə iştirakdan imtina edib.
İlqar İbrahimoğlu: «Seçkidə nə özümüz iştirak edəcəyik, nə də kiməsə dəstək verəcəyik»
DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, İçərişəhər “Cümə” məscdinin imam-camaatı İlqar İbrahimoğlu da qarşıdan gələn seçkiyə qatılmağın heç bir mənası olmadığını deyib. İ.İbrahimoğlu «Yeni Müsavat»a müsahibəsində bildirib ki, onlar nə seçkiyə qatılacaqlar, nə də hər hansı namizədi dəstəkləyəcəklər: «Seçki ilə bağlı yanaşmamız da aydındır. Hesab edirik ki, ümumilikdə ölkədə demokratik potensial çox aşağı düşür. Hətta budəfəki seçki prosesi ilə keçəndəfəki, ondan öncəki seçkiləri müqayisə eləsək, görəcəyik ki, bu tendensiya azalan xətt üzrə inkişaf edir. Ölkədə demokratik potensialın aşağı düşməsinin bütün təzahürləri ortadadır. Bu, özünü sərbəst toplaşmaq azadlığında da göstərir, media azadlığında da göstərir, ümumiyyətlə demokratiyanın bütün sahələrində eyni proses yaşanır. Şəxsi fikrimizə gəldikdə, biz bu məsələləri həm İçərişəhər Cümə məscidi icması formatında, həm DEVAMM olaraq kollegial məsləhətləşirik; builki seçkidə bizim xüsusi fəallıq göstərmək qərarımız yoxdur. Seçkidə nə özümüz iştirak edəcəyik, nə də kiməsə dəstək verəcəyik. Eyni zamanda bu iki yanaşma tərəfdarları ilə də normal münasibətimiz var. Bu məsələdə hər hansı təkfirçilik və inkarçılığı da doğru saymırıq. Bizə görə hər iki nəzəriyyənin yaşamaq haqqı var».
Tale Bağırzadə: «Bizim də seçkiylə bağlı mövqeyimiz boykotdur»
Seçkiyə inanclı kəsimin digər nümayəndələrinin də münasibətini öyrəndik.
“Müsəlman Birliyi” hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə də bildirdi ki, Azərbaycanda hazırda seçki ab-havası yoxdur, seçki mühiti görsənmir: «Xalqın seçim etmək imkanları yoxdur. Hazırkı durumda xalqın ciddi sosial-iqtisadi problemlərinin qaldığı, haqq mübarizəsi apardıqlarına görə həbs edilən siyasi məhbusların olduğu bir vəziyyətdə təşkilatımızın İdarə Heyəti də seçkiyə qatılmamağı, heç kimin namizədliyini dəstəkləməməyi düşünür. Bu qərarı bir neçə günə elan edəcəyik. Bizim də seçkiylə bağlı mövqeyimiz boykotdur».
Hacı Natiq Kərimov: «Bu ab-hava ilə normal seçkinin keçirilməsi mümkün deyil»
Nardaran Ağsaqqallar Şurasının sədri, İslam Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Kərimovun da fikrincə, seçki ab-havasının olmadığı prosesə qatılmaq yalnız görüntüyə xidmət edir: «Bu cür ab-havada seçkiyə getmək prosesi legitimləşdirməkdən başqa bir şey deyil. Bizim də seçkiyə oyun oynamaq məqsədilə getmək fikrimiz yoxdur. Hazırda namizədliklərini kimlər verirlər? Yalnız hökumətin adamı olanlar namizəd olur. Bu ab-hava ilə normal seçkinin keçirilməsi mümkün deyil. Azərbaycan xalqı bu seçkilərə biganədir».
Xəyal