Nazirin bacısının da işdən çıxarılması xəbəri yayıldı, amma təsdiqlənmədi
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Loğman Məmmədov işdən çıxarılıb. Bu barədə “Azadlıq”a Nəqliyyat Nazirliyindəki mənbədən məlumat daxil olub. Loğman Məmmədov Nəqliyyat Nazirliyinin ən böyük avtobazalarından birinə rəhbərlik edirdi. Məlumata görə, Loğman Məmmədov təqaüd yaşı çatdığı üçün işdən çıxarılıb. O, Ziya Məmmədovun böyük qardaşıdır. Nəqliyyat naziri bir müddət əvvəl Loğman Məmmədovun oğlu Rövşən Məmmədovu işdən çıxarmışdı. Rövşən Məmmədov “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəisi vəzifəsində çalışırdı.
Bu arada nəqliyyat naziri Ziya Məmmədovun bacısı, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın tutduğu vəzifədən azad edildiyi barədə xəbər yayılıb.
Xəbəri yayan Istiqlal.az saytı bunu nəqliyyat nazirinin “vurulması” ilə bağlayıb. Sayt xatırladıb ki, bundan əvvəl Ziya Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alınıb. “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb, taksilərə lisenziya verilməsi ASAN xidmətə tapşırılıb və s.
AzNews.az saytı isə “Tərəqqi” liseyindən bu xəbərin təkzib edildiyini bildirib. Saytın yazdığına görə, xəbəri dəqiqləşdirmək üçün əlaqə saxladıqları liseydən onlara deyilib ki, Məhbubə Məmmədova dünən işdə olub, sonra da Təhsil Nazirliyinin təşkil etdiyi böyük toplantıya qatılıb və orada çıxış edib.