Namizədlər anti-demokratik şəraitə görə seçkilərə qatılmaqdan imtina edir; YAP-ın bəzi namizədləri isə geri çəkilməyə məcbur olunur
Parlament seçkilərinə namizədliyini irəli sürmüş daha bir şəxs anti-demokratik seçki mühitinə etiraz olaraq bəyanat yayaraq seçkiyə qatılmaqdan imtina edib. 70 saylı Masallı şəhər seçki dairəsindən bitərəf kimi namizədliyini irəli sürmüş Masallı Ziyalıları Ictimai Birliyinin sədri Məmmədağa Eynullayevin bəyanatında deyilir:
“Bəyan edirəm ki, Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyimi 70 saylı Masallı şəhər seçki Dairəsindən irəli sürdüyüm andan, Masallının icra başçısı Rafil Hüseynovun təqib, təziq, şantaj, həbs təhdidlərinin daha da artmasının şahidi oldum. 2014-cü ildə keçirilən bələdiyyə seçkiləri zamanı namizədliyimin ləğv edilməsi, seçkidə iştirakıma yaradılan çox iyrənc, çirkin hərəkətlər bu gün də davam edir. Rafil Hüseynov rayon bələdiyyəsini qanunlarla deyil, öz iradəsinə uyğun formalaşdırdı. Lakin Musaküçə kəndinin sakinləri saxtakarlığın həyata keçirməsinə mane olaraq seçkilərin nəticələrinin ləğv edilməsınə nail oldular. Bundan sonra mənə və kəndimizin fəallarına qarşı çox iyrənc kampaniya başladıldı. Rafil Hüseynovun sifarişi ilə 10 aydan artıqdır ki, istintaq və məhkəmə süründürməçiliyindən əziyyət çəkirik.
Rafil Hüseynovun çoxsaylı qanunsuzluqları, iqtisadi, seçki cinayətləri barədə ölkə rəhbərliyinə etdiyimiz şikayətlərə, müraciətlərə, keçirdiyimiz mətbuat konfranslarına da heç bir reaksiya verilmir.
Hər gün təhdid, təziq altında yaşamağa, haqlarımızın, hüquqlarımızın sistemli şəkildə pozulmasına, rayonumuzda normal seçki mühitinin olmamasına etiraz olaraq imza vərəqələrini təqdim etmədən namizədliyimi geri götürür, seçkidə iştirakdan imtina edirəm.
Bundan sonra da qanunsuzluğa, haqsızlığa, ədalətsizliyə, zülmə qarşı mübarizəmi daha fəal şəkildə davam etdirəcəyəm”.
Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmadı
Bu arada bəlli olub ki, “Azəri-Türk” Qadınlar Birliyinin sədri, deputat Sabiq Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmayıb. Tənzilə Rüstəmxanlı lent.az-a açıqlamasında deyib ki, Dairə Seçki Komissiyası heç bir əsas olmadan onun namizədliyini qeydə alınmaması ilə bağlı qərar çıxarıb: “Onlar da yaxşı bilir ki, heç bir rəqib mənimlə mübarizə apara bilməyəcək. Mənim bütün sənədlərim qaydasındadır. Hamı məni yaxşı tanıyır. Bilirlər ki, mən bu ölkədə tanınmış biriyəm. Haqqımı tapdalayıblar”.
Tənzilə Rüstəmxanlının sözlərinə görə, dairədən namizədliyinin qeydə alınmamasına səbəb kimi onun seçiciləri aldatmasını göstəriblər: “Guya ki, mən seçiciləri aldatmışam. Imza verən şəxslər bilməyib ki, kimə imza verirlər. Halbuki, bütün imzaların alınmasında şəxsən iştirak etmişəm. Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət vermişəm. Inanıram ki, mənim tapdanmış haqqım bərpa olunacaq”.
Tənzilə Rüstəmxanlı 42 saylı Sumqayıt Ikinci Seçki Dairəsində namizədliyini irəli sürmüşdü. 42 saylı Sumqayıt Ikinci Seçki Dairəsinin hazırkı deputatı Musa Qasımlıdır.
M.Qasımlı builki seçkilərdə dairəsini dəyişərək, Sabir Rüstəmxanlının deputat olduğu 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini verib.
YAP-çı niyə namizədliyini geri götürdü?
Hakimiyyət düşərgəsində bəzi şəxslər seçkilərdən kənarda qoyulub. Məsələn, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Milli Məclisdə 41 saylı Sumqayıt birinci seçki dairəsini təmsil edən millət vəkili Leyla Abdullayeva deputatlığa namizədliyini geri götürüb.
Azvision.az-ın xəbərinə görə, bu barədə hakim partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib. YAP rəsmisi bildirib ki, Leyla Abdullayeva namizədliyini öz istəyi ilə geri götürüb. Onun namizədliyini hansı səbəbdən geri götürməsi isə məlum deyil.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında iddia edib ki, buna səbəb L.Abdullayevin dövlət qulluğunda işə keçməsi ilə bağlıdır.
O qeyd edib ki, hazırda məktəb direktoru işləyən L. Abdullayeva dövlət qulluğunda işə keçmək qərarına gəlib, bu halda isə qanun onun seçkili orqanda təmsil olunmasına icazə vermir: “Bu səbəbdən də namizədliyini geri götürüb. Onun hansı dövlət qulluğunu tutması isə hələ bilinmir. Işə götürüləndə açıqlanacaq”.
YAP-ın açıqladığı seçki siyahısında Leyla Abdullayeva 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd kimi təqdim edilmişdi.
Əslində isə baş verənlərin kökündə YAP daxilindəki ziddiyyətlər dayanır. Bu barədə ötən saylarımızda ətraflı məlumat vermişik.
Abbas Abbasovun oğlu deputat olmaq istəmir
Baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu deputat Aydın Abbasovla da bağlı məsələyə aydınlıq gəlib. Aydın Abbasov “Facebook” səhifəsində yazıb ki, bu ilki parlament seçkilərində iştirak etməyəcək: “Son zamanlar millət vəkililiyinə namizədliyimlə bağlı çoxsaylı zənglər və mesajlar alıram. Hər kəsə cavab vermək imkanım olmadığından, yazılı şəkildə cavab verib suallara son qoymaq istəyirəm.
10 ildir ki, aktiv siyasətdəyəm, millətimə, dövlətimə xidmət edirəm. Hər zaman da xidmət edəcəyəm. Lakin daha milət vəkili olaraq deyil.
Bildirmək istəyirəm ki, bu dəfə Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyəcəyəm. Namizədlərin hər birinə uğurlar arzu edirəm!
Seçicilərim və doğma Gəncə şəhərinin sakinləri mənə hər zaman müraciət edə bilərlər. Gəncə bizim üçün doğma və əvəzolunmazdır”.
Qeyd edək ki, Milyarderlər Ittifaqı yaranandan sonra Abbas Abbasov Azərbaycan hakimiyyətinin hədəfinə gəlib. Hətta onun həbsinə hazırlıq getdiyi barədə də iddialar var.
Etibar Hüseynov “ofsayd”da qaldı
Hakimiyyətin başqa bir kadrı, deputat Etibar Hüseynov da parlament seçkilərindən kənarda qoyulub. “Əziz dostum və qardaşım Ülvi Quliyevin bir sıra obyektiv səbəblərdən namizədliyini deputatı olduğum 15 saylı dairədən irəli sürməsi planlarımı dəyişdi”, – deyə o, modern.az-a bildirib. E.Hüseynov deyib ki, hər şeyi sıfırdan başlamaq böyük maliyyə, vaxt və enerji tələb edir.
“Etiraf edək ki, bugünkü kifayət qədər siyasiləşmiş cəmiyyətimizdə arxanda ciddi siyasi qüvvə və maliyyə rıçaqları olmadan bitərəf şəkildə seçkiyə qatılmaq və qalib gəlmək çox çətindir”, – deyə deputat bildirib.
E.Hüseynov əlavə edib ki, buna görə də qarşıdan gələn parlament seçkilərinə qatılmamaq qərarı verib.
E.Hüseynov müxalifəti söydüyünə görə mandatla mükafatlandırılmışdı. Lakin 2014-cü ilin aprelində ANS-də yayımlanan “Bazar səhəri Rövşanə ilə” verilişində məcburi köçkünlərlə bağlı səsləndirdiyi fikirlər qalmaqala səbəb olmuşdu. E.Hüseynov bildirmişdi ki, şəhər mədəniyyətində boşluğun, problemlərin yaranmasının kökündə “radio, televiziya olmayan mühitdən çıxmış, etikaya, müasirliyə aidiyyəti olmayan, öz yaxınlarını itirib psixi gərginlik içində şəhərə axışan ac-yalavac məcburi köçkünlər və qaçqınlar” dayanır. Bu fikirlərdən sonra ciddi qınaqla üzləşən E.Hüseynov Milli Məclisin iclasında məcburi köçkünlərdən üzr istəmişdi. Spiker O.Əsədov isə bildirmişdi ki, Milli Məclisin intizam komissiyasının sədri Siyavuş Novruzov E.Hüseynovla ciddi söhbət aparıb və deputatı ciddi tənqid ediblər: “Bacardığı qədər, qabiliyyəti çatdığı qədər üzr istədi. Millət vəkillərindən xahiş edirəm ki, bu məsələni xırdalamayaq”. Sonra spiker üzünü Etibar Hüseynova tutaraq “Əslində, yaxşı ki, ətraflı danışmamısan. Bu vəziyyətdən sonra nə qədər az danışsan, daha yaxşıdır” deyərək ona bundan sonra uğursuz açıqlama verməməyi məsləhət görmüşdü. Bu qalmaqaldan sonra E.Hüseynovun üzərindən xətt çəkiləcəyi gözlənilən idi.