Əli Kərimli: “Bu qərar ölkədə hüququn rəsmən dəfn edilməsidir”
AXCP sədrinin müşaviri Məmməd İbrahim barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Nərimanov Rayon Məhkəməsində hakim Məzahir Sadıqov bu haqda qərar verib.
Məmməd İbrahimin vəkili Yalçın İmanov “Azadlıq”a açıqlamasında bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək. Eyni zamanda, Məmməd İbrahimin azadlıq hüququnun qanunsuz məhdudlaşdırılmasından məhkəmə nəzarəti qaydasında ayrıca şikayət veriləcək.
“Hakim həbs qərarını oktyabrın 3-də saat 15.20-də gəlib elan elədi. Halbuki, Məmməd İbrahimin şübhəli şəxs qismində saxlanma müddəti oktyabrın 2-də saat 23.30-da başa çatmışdı. Bu isə o deməkdir ki, o, təxminən 16 saat ərzində formal da olmasa, məhkəmə qərarı olmadan, qanunsuz şəkildə saxlanılıb. Bu isə Avropa Konvensiyasının 5-ci maddəsinin pozuntusudur ki, ondan şikayət verəcəyik”, – deyə Yalçın İmanov bildirib.
Vəkilin sözlərinə görə, hakim qərarı elan edəndən sonra Məmməd İbrahim dostlarına mesaj göndərib: “Bircə onu dedi ki, “dostlar möhkəm olsunlar, hər şey qaydasındadır”.
Xatırladaq ki,Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevin şikayət ərizəsilə sentyabrın 30-dan şübhəli şəxs qismində saxlanılan Məmməd İbrahimə qarşı dünən CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb və barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb. Proses saat 15.40-da başa çatıb və hakimlər guya qərar vermək üçün müşavirəyə gediblər. Lakin günün sonuna qədər hakimlər müşavirədən geri qayıtmayıblar. Məhkəmənin önündə gözləyən jurnalistlərə və AXCP fəallarına isə hər dəfə hakimlərin qayıdıb qərarı elan edəcəkləri deyilib. Yalnız saat 22 radələrində prosesin bu gün saat 15.00-dan davam edəcəyi xəbər verilib.
Onu da əlavə edək ki, Məmməd İbrahimin şübhəli şəxs qismində saxlanma müddəti dünən saat 23.30-da başa çatır. Qanuna görə, müddət başa çatana qədər ya şəxsə ittiham elan olunaraq barəsində qətimkan tədbiri seçilməli, ya da sərbəst buraxılmalıdır.
***
AXCP sədri Əli Kərimli müşaviri barəsində çıxarılan məhkəmə qərarına operativ reaksiya verib. AXCP lideri bu qərarı ölkənnin cəngəllik qanunları ilə idarə olunmasının sübutu sayır. Əli Kərimli münasibətini facebook səhifəsində yayıb:
“Cəngəllik qanunları ilə idarə olunan ölkəmizə xoş gəldiniz. Müşavirim Məmməd İbrahimə qarşı üzəduranların xidmətindən istifadə edərək, bir təhər Cinayət Məcəlləsinin 221.1. (xuliqanlıq) maddəsi ilə cinayət işi düzüb -qoşublar. Bu maddənin sanksiyasında ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmaq nəzərdə tutulur. Gördüyünüz kimi, sanksiyada nəzərdə tutulan cəzaların ikisi azadlıqdan məhrumetmə ilə bağlı deyil. Cinayət işinin özünün saxta olması bir tərəfə, bu maddə ilə ittiham olunan şəxsə qarşı 2 aylıq həbs qətimkan tədbiri seçmək hüquqi absurdur, ölkədə hüququn rəsmən dəfn edilməsidir.
Gen və dərin qazın. Əlbəttə, bir gün qazdığınız hüquqsuzluq quyusuna özünüz də düşərsiniz!”.
***
2.10.2015
Məhkəmə Məmməd İbrahim haqqında qərar verə bilmədi
Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi qərar vermək üçün müşavirəyə gedən hakimin yanında olub
Nərimanov Rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimlə bağlı qərar vermək üçün bu gün günorta saat 15.40-dan müşavirəyə gedən hakim Məzahir Sadıqov altı saat sonra geri qayıdıb və məhkəmənin sabah saat 15.00-a qədər təxirə salındığı elan olunub.
Qeyd edək ki, Məmməd İbrahim bu gün günorta saat 15.00-dən qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilib. Təxminən yarım saat məhkəmə iclası keçirilib və ondan sonra hakim qərar vermək üçün müşavirəyə gedib. Altı saata yaxın o, geri qayıtmayıb. Məmməd İbrahimin vəkili Yalçın İmanov hakimin bu cür hörmətsiz davranışına etiraz edib.
Məhkəmə qarşısında jurnalistlərə açıqlama verən Yalçın İmanov bildirib ki, hakim müşavirəyə getsə də, Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Fəxrəddin Şıxəliyev də onun kabinetindədir: “Bu da çox ciddi qanun pozuntusudur. Qanuna görə, müşavirə otağında hakim və ya hakimlərdən başqa heç kim ola bilməz”.
Xatırladaq ki, Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevin şikayət ərizəçilə sentyabrın 30-dan şübhəli şəxs qismində saxlanılan Məmməd İbrahimə qarşı bu gün CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb və barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb.
Onu da əlavə edək ki, Məmməd İbrahimin şübhəli şəxs qismində saxlanma müddəti bu gün saat 23.30-da başa çatır. Qanuna görə, müddət başa çatana qədər ya şəxsə ittiham elan olunaraq barəsində qətimkan tədbiri seçilməli, ya da sərbəst buraxılmalıdır. Göründüyü kimi, Məmməd İbrahimin barəsində qətimkan tədbiri seçilmədi. Belə olan halda, onun saat 23.30-dan sonra sərbəst buraxılmaması çox ciddi qanun pozuntusudur.