Hökumətin sözçülüyünü edənlər 15 il əvvəlin həqiqətini niyə açmalı oldu?
AXCP-yə və onun liderinə qarşı qarayaxmalar davam edir. Cəbhəçilər bütün labrintlərdən qalib çıxdıqca, qarayxma dəstəsi daha iyrənc “boya”lardan istifadə edir. Amma həyat çox ədalətlidir və gec-tez hər kəs öz qiymətini alır. Yəni bu gün Əli Kərimlini aşağılamağa çalışanlar, hakimiyyətin aşağılayıb “liliput” etdiyi adamlardı. Sındırılmış, söndürülmüş, dizləri sürünməkdən qabar olmuş həmin şəxslər rejimin “mətbəx pişiyi” rolunu oynayırlar. Təbii ki, Əli Kərimli heç vaxt “mətbəx pişikləri”nə cavab vermir. Çünki zibil vedrəsinə atılmış sür-sümük qarşılığında yaşayanlar Əli Kərimlinin kitabına “şikar” kimi düşməyib.
Maraqlı olan budur ki, rejim məddahlarının anti-Kərimli yazıları əslində Əli Kərimlinin xeyrinə işləyir. Çünki bütün belə yazılarda yekə etiraflar üzə çıxır. Növbəti belə yazılardan biri rejimin zindanda ram edib öz mətbəxinə saldığı, hazırda İlham Əliyevə onun rəsmi sözçüsündən daha artıq sözşülük edən Eynulla Fətullayevin qələmindən süzülüb.
“Alternativsiz Əli Kərimli alternativsiz İlham Əliyevə qarşı” başlıqlı məqaləsində Fətullayev əlbəttə, xoş niyyət gedməyib və öz aləmində Əli Kərimlini aşağılamağa çalışıb. Amma özü də bilmədən etiraf edib ki, Əliyevlər Əli Kərimlini heç bir pul və vəzifə qarşılığında mövqeyindən çəkindirə bilməyiblər. Bir vaxtların alovlu anti-Əliyevçi yazarı sanki ağır bir pərtliklə yazır: “90-cı illərin sonlarında-2000-ci illərin əvvəllərində amerikalılar Kərimlini hər vəchlə yeni oyun qaydalarını qəbul etməyin vacibliyinə inandırmağa çalışırdılar. Onu dəstəkləyir və oğul Əliyevin gələcək hökumətində təmsil olunmağa həvəsləndirirdilər. Səfir Stenli Eskuderonun məşhur modelini yaxşı xatırlayırıq. O, Əliyevləri Kərimlinin gələcək hökumətdə baş nazirin müavini kimi, onun daha 5 adamının isə nazir kimi təmsil olunmasına razılıq vermək üçün dilə tuturdu. Əliyevlər o dövr üçün razılaşmışdılar. Kərimli isə bütün planları pozdu. O, necə deyərlər, vaqonları parovozun qabağına düzdü”.
Bəli, indi hökumətin siyasi-ideoloji işlərində həvəslə qara fəhləlik edən bu adam, bəlkə özü də bilmədən, etiraf edir ki, Əli Kərimli şəxsi karyerasının deyil, prinsiplərinin cığırı ilə gedib. Müəllif 2000-ci ildə baş verənləri 2015-ci ildə qələmə alır və hədəf yenə də Əli Kərimlidir. Deməli, Əli Kərimli bu illər ərzində prinsiplərindən dönməyib və bir an da olsa Əliyevlərin qatarına bilet almayıb.
Ümumiyyətlə, Əli Kərimli sıradan biri olsaydı, hökumət mirzəsi belə bir yazını qələmə almazdı. Əgər bu qədər qələmə sarılıbsa, deməli, ağaları Əli Kərimlinin varlığından hələ də sarılıq keçirirlər.
Parovoz və vaqon məsələsinə gəlincə, mənzərə düzgün təsvir edilməyib. Sadəcə olaraq Əli Kərimli “vaqon”unu öz düzdüyü relsin üzərində sürdü. Bu rels isə heç bir halda Əliyevlərin “stansiya”sına getmirdi.
Beləliklə, Əliyevlərin stansiyasında “təkər yağlayan” müəllifə bəlkə təşəkkür də düşür ki, Əli Kərimlinin yeganə alternativ olduğunu və Əliyevlərlə mübarizədə güzəştə getmədiyini acizanə şəkildə etiraf edir.
S.Novruz