Konqresmenlərin Bakıya şübhəli səfərilə bağlı qalmaqal davam edir
ABŞ Konqresində Azərbaycana şübhəli səfərlə bağlı qalmaqal səngimir. Konqresmenlərin Azərbaycan hökumətinin pulu ilə səfər etməsinə görə onların özlərilə yanaşı, Konqresin Etika Komitəsi də hədəfə çevrilib. Buna səbəb isə Komitə rəhbərliyinin bu olayı ört-basdır etmək cəhdidir. Bu məsələ ilə bağlı çoxsaylı tənqidlərdən sonra Etika Komitəsi daxilində araşdırma aparılıb və nəticələr də komitəyə təqdim olunub. Lakin Komitə rəhbərliyi hesabatı ictimaiyyətə açıqlamaqdan imtina edib. ABŞ-da Milli hüquq və siyasət Mərkəzi bu mövzuda geniş material hazırlayıb. Materialda Azərbaycandakı rejim dünyanın ən çox korrupsiyalaşmış hakimiyyəti kimi təqdim olunub. Materialın tərcüməsini təqdim edirik:
***
Con Bonerin spikerliyi Konqresin Etika Komissiyası üçün uğursuzluq olub. O, bir sıra vacib islahatlardan imtina edərək, Etika Komitəsinin Konqres üzvləri tərəfindən yol verilən hüquq pozuntularını ört-basdır etmək kimi ənənəvi vəziyyətə qayıtmasına kömək edib.
Hazırda Boner Etika Komitəsinin sədri, Respublikaçı Carlz Dentlə birlikdə Konqresin Nümayəndələr Palatasının 10 üzvünün 2013-cü ildə Azərbaycana şübhəli səfərilə əlaqədar yaranmış qalmaqalda onları təmizə çıxarmağa çalışır.
Iyulun 31-də Etika Komitəsi açıqlama yayaraq bəyan etdi ki, on konqresmenin Azərbaycana səfərində heç bir hüquqi və ya qayda pozuntusu aşkar olunmadı. Yəni “artıq bu mövzuda növbəti araşdırmalara ehtiyac yoxdur və məsələ qapadılır”.
Amma etik qruplar üçün məsələ qapanmaqdan çox uzaqdır. Əslində, Norm Ornşteyn kimi islahat tərəfdarları ilə yanaşı, həm liberal, həm də mühafizəkar qruplar Etika Komitəsindən konqresmenlərin Azərbaycana səfərilə bağlı araşdırmaların nəticələrinin tam açıqlanmasını tələb edir.
Hesabata görə, konqresmenlərin Bakıya səfərini qeyri-kommersiya qurumları təşkil edib. Əslində isə onların səfər xərclərini Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ödəyib.
“Hesab edirik ki, bu hesabat konqresmenlərin bir sıra daxili nizam-intizam qaydalarını açıq-aşkar pozması faktlarını Etika Komitəsinin ört-basdır etdiyini təsdiqləyəcək”, – deyə Milli hüquq və siyasət mərkəzinin sədri Ken Bem bildirib.
Azərbaycan Mərkəzi Asiyada yerləşən ökədir. Bu ölkəni dünyada ən çox korrupsiyalaşmış hakimiyyətlərdən birinə rəhbərlik edən Ilham Əliyev dəmir yumruqla idarə edir. Azərbaycan Dövlət Neft Şirkətinin Konqresdən nə istədiyi sirr deyil. “Şahdəniz” yatağında Iran Milli Neft Şirkətilə tərəfdaş olan ARDNŞ Irana qarşı sanksiyalardan uğurla yayına bilmişdi.
Konqresmenlərin Azərbaycana şübhəli səfərilə bağlı hesabat Etika Komitəsinə təqdim olunsa da, komitə onu ictimaiyyətə açıqlamadı. Bu məsələ “The Washington Post”a sızdı və hesabatın mahiyyəti mayın 13-də dərc olundu. Hesabatda göstərilib ki, on nəfər konqresmen 2013-cü ildə Bakıdakı konfransa Azərbaycan Dövlət Neft Şirkətinin pulu hesabına getməklə Konqresin qaydalarını pozub. Həmçinin 32 nəfər heyət üzvü havayı səfərdən yararlanıb.
Onların bir qismi özlərini müdafiə edərkən iddia edib ki, səfərin xərclərini Azərbaycan Dövlət Neft Şirkətinin çəkdiyini bilməyiblər. Lakin bu məsələ ilə bağlı araşdırma aparanlar müəyyənləşdirib ki, Bakıda sözügedən konfrans zamanı zalda ARDNŞ-in çoxsaylı banerləri olub.
Bakıdakı konfransda iştirak etmiş konqres üzvlərindən Ivetta D.Klark eyni zamanda, Etika Komitəsinin üzvüdür.
Siyasət şöbəsi