Hamının hədəfində olmaq arzulanan hal deyil. Amma hamıya görə hədəfdə olmaq, qürurvericidir. AXCP bu illər ərzində hamının mənafeyindən çıxış etməyi, nəfsin istəyini boğmağı, çətinliklərlə qol-boyun olmağı bacardı. Yarandığı gündən etibarən mütəmadi olaraq AXCP-yə əzələ nümayiş etdirdilər, hücum çəkdilər, güllə atdılar. Amma heç vaxt AXCP-nin başına şillə vurmaq mümkün olmadı. Əllər havaya qalxsa da, dik duran başlara çata bilmədi. Beləliklə, illər ötdü, vəziyyət daha da ağırlaşdı və xeyli başlar “şillə” ilə mükafatlandırıldı. İndi başı dik olanlar “dikbaşlar”ın ordusu ilə üz-üzə qalıb. İsrarla bu başa daş vurmağa çalışırlar. Həm də “daş tutanlar”ın arasında xeyli “şillələnmiş başlar” var. İçəridən və dışardan hamı “əl uzatmaq” həvəsinə düşüb.
Sanki, ölkədəki intiharların, boşalan büdcənin, dünya ilə münasibətlərin korlanmasının, korrupsiyanın, insanların şərlənərək həbs olunmasının günahkarı AXCP-dir. Amma yazımızın məqsədi bu deyil. Sadəcə olaraq ümumi mənzərəni qısa şəkildə göstərmək istədik.
Əsl komediya isə hələ qabaqdadır. Belə ki, “hökumətin qəzeti” statusunu israrla qoruyub saxalayanlar, başı əyilib sinəsinə düşənlər, AXCP-nin “açar”ını axtarmaq fikrinə düşüblər. Guya, partiyaya daxildən və xaricdən olan basqılar, Əli Kərimlinin partiya “açar”ını itirməsinin göstəricisi imiş. Bəli, həftədə bir dəfə “zamok” dəyişənlər, “açar” axtarışına çıxıblar.
Bu bədbəxtlər başa düşmür ki, AXCP “açar-qıfılla” idarə olunmur və mübarizədəki uzunömürlülüyün səbəbi “qapıları bağlamaq” deyil. AXCP “döyüş qalası”na girəndə qapını arxadan bağlayıb və açarı dənizin dibinə atıb. Bunu ona görə edib ki, nə vaxtsa qapını açıb qaçmaq həvəsi yaranmasın. Demək istəyirik ki, küçədə-bayırda qarşınıza çıxan “açar”lar bizə məxsus deyil. Nə açar gəzdiririk, nə də açarımızı könüllü surətdə hökumətə təhvil vermişik. Ola bilər ki, öz “açar”larınızın içində AXCP-nin açarını görə bilməmək sizdə kompleks yaradır.
AXCP və Əli Kərimli nə itiribsə, bilərəkdən, qəsdən itirib. Bəli, komfort həyatı, yaxşı pullar qazanmaq şansını könüllü itiriblər.
Əslində, bu gün AXCP-ni hədəf seçənlərin məqsədi, “cəbhə qalası”na açar tapmaqdı. Bu adamlar istəyir ki, “əqidə əsgərləri” qaladan qaçmaq, döyüşü yarımçıq qoymaq həvəsinə düşsünlər. Amma yenə də mühüm bir məqamı unudurlar. Artıq gecdir, hətta bu “qapı”nın açılması da “döyüşü” dayandırmayacaq. Ona görə ki, vicdanla silahlanmışların qaçmağa yeri yoxdur. Axı, insan özündən qaça bilməz. 5-3 nəfərin qaçmağı isə təbiidir. Çünki, “vicdan silahı” ndan hamı istifadə edə bilmir. Əslində bu 5-3 nəfər yalnız özünü qətlə yetirməyə qadirdi. Əgər qaladan qaçmaqla özünü qətlə yetirirsənsə, niyə qaçmalısan?
Birdə ki, partiyanın açarını itirmək faciəli hal deyil. Faciə o zaman başalyır ki, insan əqidəsinin, mənliyinin, vicdanının açarını itirir. Bütün dəyərlərə qıfıl vurub, açarları könüllü təslim edənlər, tarixin “sandığı”nda bit-birə ilə oynayacaqlar.
Bizim məqsədimiz ölkəni böhrandan çıxaracaq “açar”ı tapmaqdı. Onların məqsədi isə “böhran açarı” istehsal etmək.
Bir sözlə, AXCP-nin ayağına hələ çox “itmiş açarlar” dəyəcək. Biz bu “açar” sahiblərinin halına acıyırıq. Allah “qapınızı” açsın