Ölkədə baş verən son hadisələrdən sonra nəsə yazıb-pozmağa heç zaman olmayan qədər çətinlik çəkirəm. Bunun adı bəlkə də yaradıcılıq böhranıdır (bu ağır və iddalı ifadə üçün Allah müəllifi bağışlasın).
Yox, mən əsla Mehriban Əliyevanın vitse-prezidentliyinə görə qəm dəryasına batanlardan, “hər şey bitdi” deyənlərdən deyiləm. Əlbəttə, “Mehriban Əliyeva yıxılan evləri, iqtisadiyyatı, nizamı düzəldəcək” iddasında olan yaltaq dəstəsinin də sırasında durmamışam.
Bu təyinat bir iş üçün yararlıdır – Mehriban Əliyevanın birinci şəxsliyə gedən anti-konstitusion yolunu asanlaşdırmağa, vəssalam. Mehriban Əliyevadan səmimi formada möcüzə gözləyənləri qarşıda dərin depressiya gözləyir. O adamlara qardaşcasına ən böyük məsləhətim o olar ki, nə qədər dərmanlar bahalaşmayıb alıb ev-eşiklərin anti-depresiya dərmanları ilə doldursunlar. Mehriban Əliyeva bu vaxta qədər ölkənin ən böyük QHT-nə rəhbərlik eləmiş şəxs olub və bu günə qədər bir Allahın bəndəsi o QHT-nin maliyyə hesabatı ilə tanış deyil. Halbuki, qanun bu şəffaflığı istisnasız tələb edir. Heydər Əliyev Fondu maliyyəsinin hardan və necə formalaşdığını açıqlamasa da, biz tez-tez mətbuatda sahibkarlardan, başqa dövlət qurumlarından bu fond üçün qanunsuz yığımlar, töycülər alındığını oxumuşuq. İndi kimi inandırmaq olar ki, ölkənin dərin bir böhrana girdiyi, əlimizə möcüzə nəticəsində gələn milyardlarla pul havaya sovrulduqdan sonra bir şəxs hər şeyi sahmana salacaq?
Bəs Mehriban Əliyevanın yeni təyinatı doğrudanmı Azərbaycanda dəyişikliyin olmasını birdəfəlik arxa plana atır? Xeyr, min dəfə xeyr. Nəzərə alın, bu yolla hakimiyyət əbədi olsaydı, bu gün dünyanın hər yanında beş-altı ailə dövlətlərin başında idi. Hətta cəngavərlik, hünərməndlik xarakteri ilə seçilən sülalələr qürub edir, dəyişir. Ən yaxın tariximizdə belə yüzlərlə nümunələr var ki, heç ciddi müxalifləri olmadığı halda belə, rejimlər süqut edib gedirlər.
Bizdə isə vəziyyət qaranlıq görünsə də, xeyli ümidverici cəhətləri var. Bu gün ölkədə tam bir avtoritar cəhənnəm qurulmasına baxmayaraq, prosesləri dərk edən və ona qarşı dayanan insanlarımız, təşkilatlarımız var. Özü də onlar az sayılmaz. Bəli, baş verənlərə rəğmən səsin ucaldan insanlar gözə az dəyir. Ancaq mən məhz o səsi çıxmayanların naləsin, qəzəbin görə və duya bilirəm ( Alim Qasımovun “mən səsi görürəm” söhbəti olmasın).
Bütün müqayisələr qüsurludur, deyirlər. Mən buna inanıram. Siz də inanırsınızsa, problem yoxdur, davam edə bilərik.
Belə bir nakam sosioloq var- doktor Əli Şəriəti, iranlı olub, Fransada təhsil alıb, İngiltərədə çox cavankən vəfat edib. Onun imam Əli ilə bağlı bir sözü var. Yazır ki, Əlinin ən böyük və təsirli sözü 20 illik sükutudur (burda o Əlinin xilafətdən kənarda, passiv müxalif mövqedə qalmasın nəzərdə tutur). Başqa bir kitabında isə doktor Şəriəti “ən böyük tərcüməçi başqalarının sükutun tərcümə edəndi” yazır. İndi deyəsən tale mənim də üzümə gülüb, müdrikləşməyə başlayıram ( inşallah bu zənnimdə peşman olmaram), xalqımızın sükutun yavaş-yavaş oxuya, anlaya bilirəm. Lap siftədən yazdığım “yaradıcılıq böhranı” da bununla əlaqəlidir. Nəsə yazmaq istəyirəm, görürəm ki, bir bükük boyun, bir möhtaclıqla açılan əl, qəzəblə düyümlənən yumruq, məchulluğa zillənən göz məndən daha hünərli, daha təsirli bir fikir ifadə edir. Təkaraçılqıdan və onlarla müqayisədə cılız görünməkdən, nə gizlədim, utanıram.
Natiq Güləhmədoğlu