AXCP sədri Əli Kərimli feysbuk səhifəsində partiya üzvü Zeynalabdin Bağırzadəyə qarşı amansız işgəncələrdən yazıb. Yazını təqdim edirik:
Soruşuram, bu xəbərə necə biganə qalmaq olar? 57 yaşlı Zeynalabdin Bağırzadəyə cəzaçəkmə müəssisəsində dəhşətli işgəncə verilib. Zeynalabdin bəy yarıçılpaq şəkildə, əlləri, ayaqları bağlanaraq 20 dərəcə şaxtada huşunu itirənə qədər (5 saata yaxın) qarın üstündə saxlanılıb (daha ətraflı şərh bölümündə). Zeynalabdin Bağırzadə AXCP üzvüdür. Onu qardaşı, AXCP Naxçıvan təşklitanın sədri Yaşar Bağırzadəyə təzyiq etmək məqsədilə şərləyərək həbs ediblər.
Heç bir normal insan vətəndaşına qarşı belə dəhşətli işgəncələrin sifarişini verə, insanlığa zidd belə hərəkətləri ört-basdır edə bilməz. Özünü normal insan sayan bütün vəzifəli şəxsləri vəzifəsini yerinə yetirməyə, işgəncə cinayətini törətmiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırıram.
Rejim başçılarına müraciət edirəm: Qurduğunuz rejimin onsuz da xalq arasında heç bir dəstəyi yoxdur, belə hərəkətlər isə xalqı daha da qəzəbləndirə bilər. Xalqı qəzəbləndirən hərəkətlərdən çəkinin!
Zeynalabdin bəyə işgəncə vermiş vəzifəli şəxslərə – işgəncə aparatının vintlərinə müraciət edirəm: siz bədbəxt insanlarsınız, sonunuz çox faciəli olacaq. Sonunuz ya elə bu rejimin vaxtında Hacı Məmmədov, Akif Çovdarov, İlqar Əliyev kimi olacaq, ya da xalq hakimiyyətinin ədalət məhkəməsi qarşısında məsuliyyət daşıyacaqsınız. Unutmayın ki, insanlıq əleyhinə olan cinayətlərin məsuliyyətə cəlb etmə müddəti heç vaxt bitmir!