Nemət Əliyev: «Bankların zərərini qarşılamaq meydana çıxanda hökumət səxavət boxçasını açır, amma əhaliyə lazım olanda bu yada düşmür»
«Standard Bank»a kömək məqsədilə dövlət Əmanətlərin Sığortlanması Fonduna 10 il müddətində 0.15 faizlə 460 milyon manat pul ayrılıb. Maraqlıdır xarici valyutada kredit götürənlərin devalvasiyadan sonra vəziyyətini yaxşılaşdırmaq üçün 250 milyon manat vəsait tapa bilməyən hökumət nəyə görə 460 milyonu cüzi faizlə on illik kreditə verir. Necə olur ki, xarici valyutada kredit götürənlərə yardım maliyyə intizamsızlığı yaradır. Amma banklara yardım normal qarşılanır.
İqtisadçı Nemət Əliyev bildirdi ki, Azərbaycanda mövcud olan bankların iri dövlət məmurlarına məxsus olduğu sirr deyil. Ona görə lazım gələrsə, məmurlar hətta bankların bütün zərərini belə qarşılamağa hazırdırlar: «Bağlanan banklarda olan vəsaitlərin qaytarılması üçün gərəkən maliyyənin ayrılması qərarı da bu qəbildəndir. Bəs, həmin bankların fəaliyyətini davam etdirməsinə şərait yaratmaq nə dərəcədə doğrudur. Oxşar aqibət Beynəlxalq Bankla bağlı yaşandı. Altı milyard vəsait Beynəlxalq Bankdan çıxarılıb və geri qaytarılmır. Belə olan halda sağlamlaşdırılması adı altında dövlət büdcəsindən iri maliyyə vəsaitləri ayrıldı. Belə çıxır ki, doğurdan da bankların üzləşdiyi zərərləri qarşılamaq məsələsi meydana çıxanda hökumət səxavət boxçasının ağzını açacaqdır. Amma əhalinin çətinliyi ortaya çıxanda bu səxavətdən əsər-əlamət qalmır. Bu ədalətsiz yanaşmadır. Həm Beynəlxalq Banka, həm də son zamanlar bağlanan digər banklara ayrılan vəsaiti əhaliyə yönəltsəydilər, bir sıra iqtisadi problemləri həll etmək olardı. Əhalinin banklara olan borcları artır. Buna bir səbəb də yüksək faizlərin tətbiq olunmasıdır. Digər tərəfdən əhalidən asılı olmayan səbəblərdən, hökumətin yürütdüyü siyasətin sayəsində mili valyuta dəyərdən salınıb. Əhali külli miqdarda borc vəsaitlərinə yüklənib».
Xəyal