Sivil Toplum Platforması (STP) oktyabrın 5-də geniş nümayəndə heyəti ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard və Aİ ofisinin əməkdaşları ilə görüş keçirib.
Görüşdə xanım Marda STP-nin yaranma zərurəti və fəaliyyət istiqamətləri, qarşıya qoyulmuş məqsədlər barədə məlumat verilib.
Daha sonra avropalı diplomatlarla ölkədəki ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyəti, medianın hüquqi və praktik durumu, siyasi azadlıqlar və siyasi məhbus problemləri, sosial-iqtisadi vəziyyətin ağırlaşmasından doğan nəticələr, mövcud problemlərdən çıxış yolları, habelə beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri müzakirə edilib.
Tərəflər əməkdaşlığın qarşılıqlı dialoq şəraitində keçirilməsinin önəmini vurğulayaraq, bundan sonra da STP ilə Avropa İttifaqı arasında təmasların sıxlaşdırılmasının faydalı olacağı qənaətinə gəliblər.
Sivil Toplum Platforması müstəqil vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən Azərbaycanda avtoritarizmdən demokratiyaya keçid məqsədilə siyasi və iqtisadi islahatların təşviqi üçün yaradılıb.
Politoloq Nəsimi Məmmədli facebook səhifəsində özünün də qatıldığı görüşü belə dəyərləndirib:
“Bu gün Sivil Toplum Platforması (STP) olaraq geniş nümayəndə heyəti ilə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərləri ilə görüş keçirdik. Görüş barədə mediada ümumi xəbərlər yayılsa da bu xüsusi qeydlərimi oxucularımızla bölüşmək istəyirəm.
Daxili qərarımıza əsasən görüşdə müstəqil tərəf kimi mən, qısaca olaraq ölkəmizdəki ictimai-siyasi vəziyyət və siyasi azadlıqların durumundan danışdım.
Artmaqda olan sosial-siyasi narazılıqların xarakteristikasını və onun doğura biləcəyi təhlükəli nəticələri diqqətə çatdırdım. Etimadlı siyasi-hüquqi islahatlar olmadan, iqtisadi islahatların ciddi səmərə verməsinin mümkünsüzlüyünü əsaslandırmağa çalışdım. Sosial böhran dövründə siyasi azadlıqlar məhdudlaşdıqca ölkədə xaotik proseslərin artacağı ehtimalından narahat olduğumuzu bildirdim.
Azərbaycanda ən ciddi problemlərin məhz siyasi azadlıqlarla bağlı olduğunu, faktiki olaraq müxalif siyasi fəaliyyətlə məşğul olmağın özünəməxsus təhlükəsini və çətinliklərini qeyd etdim. Siyasi fəaliyyətin həm qanunvericilik yolunun məhdud olmasını, həm də praktik olaraq qapandığını ifadə etməyə çalışdım.
Referendum ərəfəsi və sonrası daha da artan təqiblər və həbslərin görünən səbəblərini izah etməyə çalışdım. Xüsusilə də mitinqlərdən sonra ən total basqı altında olan yüzlərlə AXCP üzvlərinə qarşı bu gün də davam edən basqıları qeyd etdim.
Təəssüflə bildirdim ki, cəmiyyətin bütün sahələrdə mövcud olan dərin problemlər, ölkəmizdə siyasi azadlıqların olmamasından qaynaqlanır.
Bu durumun dəyişməsi istiqamətində hərtərəfli səy göstərilməsinin zəruriliyini bildirdim. Nüfuzlu beynəlxalq qurumların hökumətimizi gerçək islahatlara inandırmasının vacibliyini vurğuladım. Görüşü maraqlı fikirlərlə və müzakirələrlə zəngin olan məhsuldar başlanğıc hesab edirəm”.