Ekspertə görə, səfər zamanı böyük ehtimal ilə “türk axını” layihəsinə imza atılacaq
Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-da Türkiyəyə səfər edəcək. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O, Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağını və Ümumdünya Enerji Konqresində çıxış edəcəyini söyləyib: “Səfər oktyabrın 10-da baş tutacaq. Ümumdünya Enerji Konqresində çıxış və ikitərəfli görüşlər olacaq”.
Qeyd edək ki, Ümumdünya Enerji Konqresi oktyabrın 9-13-də İstanbulda keçiriləcək.
Ekspertlərə görə, bu səfər Ərdoğanın Rusiyaya səfərinin davamıdır və iki tərəf üçün də mühüm əhəmiyyət kəsb edir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Türkiyə-Rusiya münasibətləri maraqlı dönəmə qədəm qoyub. Rus təyyarəsi vurulandan sonra rəsmi Moskvanın ittihamlarının kəskin xarakter daşıdığını deyən E.Şahinoğlu vurğuladı ki, Rusiya Türkiyəni hətta İŞİD-ə silah verməkdə, onlardan neft almaqda ittiham edirdi: “Amma hazırda tam fərqli mənzərə yaranıb. Rusiya kanalları bu təbliğatdan tamamilə kənardır. Rusiya onsuz da Qərbdən təcrid olunub və tərəfdaşlara ehtiyacı var. Eyni zamanda Türkiyənin də Rusiya ilə münasibətləri normallaşdırmasına ehtiyac var. Çünki Türkiyənin də ABŞ və Avropa Birliyi ilə münasibətləri o qədər də yaxşı deyil. Oktyabrın 10-da səfər zamanı böyük ehtimal ilə “türk axını” layihəsinə imza atılacaq”.
E.Şahinoğlu hesab edir ki, amma Türkiyə Rusiya yaxınlaşması Qarabağa xeyir verməyəcək. Amma iki dövlətin yaxınlaşması Azərbaycanın xeyrinədir. Amma bu o demək deyil ki, bu normallaşma Qarabğ probleminin həllinə tövhə verəcək.
Xəyal