Nemət Əliyev: “Belə vəziyyət isə manatın rolunun əhəmiyyətli dərəcədə azalmasını ifadə edir”
Azərbaycan əhalisinin bank əmanətlərinin strukturunda dollarlaşma dərəcəsi 2016-cı il sentyabrın 1-nə 81,6% təşkil edib. Əvvəlki ay bu göstərici 80,8% olub. İlin əvvəlində isə əmanətlərdə dollarlaşma səviyyəsi 85%, 2015-ci ilin analoji dövründə isə 74,8% təşkil edib.
Cəmi depozit bazasında sentyabr ayının 1-nə dollarlaşma dərəcəsi 81,04% olub. Əvvəlki ay bu göstərici 80,01%, ilin əvvəlində 81,6%, ötən ilin analoji dövründə isə 74,89% təşkil edib.
Kreditlərin strukturunda sentyabrın 1-nə dollarlaşma dərəcəsi 48% təşkil edib. Avqustun 1-nə bu göstərici 48,2%, ilin əvvəlində 49,4%, 2015-ci ilin analoji dövründə isə 43,12% olub.
Bəs dollarlaşmanın bu həddə çatması iqtisadiyyata nə vəd edir? İqtisadiyyatın bu dərəcədə dollardan asılı vəziyyətə düşməsi manat üçün hansı gələcək yaradır?
İqtisadçı Nemət Əliyev bildirdi ki, iqtisadiyyatın 82 faizinin dollarlaşması o anlama gəlir ki, əməliiyatların böyük hissəsi dollarla həyata keçirilir. Belə vəziyyət isə manatın rolunun əhəmiyyətli dərəcədə azalmasını ifadə edir: “Aydın olur ki, Mərkəzi Bank manatı gərəksiz bir vasitəyə çevirib. Hökumətin Mərkəzi Bankla birgə qəbul etdiyi qərarlar bu həddə gətirib çatdırıb. Əgər bir müddət əvvəl müəyyən addımlar atmaq hesabına nəticələr əldə etmək mümkün idisə, həmin o addımların müsbət nəticələr verəcəyi az inandırıcıdır. Bundan sonra vəziyyət daha da ağır olacaq. Daha heç bir imitasiya addımlarının effekti olmayacaq. İqtisadiyyatın dollarlaşması daxili bazarın xarici valyutadan asılı olması anlamına gəlir. Belə çıxır ki, ölkə daxilində qiymətlərin səviyyəsinə xarici faktorların təsiri daha əhəmiyyətli olacaq. Bu da qiymət səviyyəsinin nəzarətdən çıxması, əhalinin vəziyyətinin daha da ağırlaşması deməkdir. Bunan sonrakı dövrdə heç olmasa real islahatlar aparılmalıdır. Baxmayaraq ki, artıq qısa müddətə real nəticələrə nail olmaq imkanı çox aşağı düşüb. Amma yenə də müəyyən addəmlar atıb, qeyri-neft sektorunun inkişafına nail olmaq olar”.
Xəyal