Sentyabrda dollar satışı 60 faiz artıb
Nemət Əliyev: «Manatın dəyərinin bərpa olunması istiqamətində atılan addımların heç bir həfə dəyməyib»
Azərbaycan Dövlət Neft Fondunun valyuta hərraclarında xarici valyuta satışı, 2016-ci ilin sentyabr ayında avqust ayı ilə müqayisədə 59,9% artıb.
Hesablamalara görə, ARDNF-in sentyabr ayında valyuta satışı 630,9 milyon dollar təşkil edib. Fondun avqustda xarici valyuta satışı 394,5 milyon dollar təşkil etmişdi.
Sentyabrda ARDNF 8 hərracda iştirak edib, satışın orta həcmi 78,86 milyon dollar təşkil edib. Avqustda fond 9 hərraclarda iştirak etmiş, satışın orta həcmi 43,83 milyon dolla təşkil etmişdi.
Avqustda olduğu kimi sentyabrda da ARDNF kommersiya banklarına valyuta satıb.
Sentyabrın birinci yarısında valyuta bazarında tələbatın təklifdən yüksək olması müşahidə olunsa da, ayın ikinci yarısında isə əks vəziyyət var idi – banklar tam həcmdə deyil, hərraca çıxarılan valyutanın bir hissəsini alırdılar.
Hesablamalara görə, ümumilikdə, yanvar-sentyabr ayları ərzində ARDNF 3 milyard 912,3 milyon dollar məbləğində xarici valyuta satıb.
ARDNF valyuta hərraclarında valyuta satışının əsas mənbəyi kimi çıxış edir. (İnterfaks-Azərbaycan)
Azərbaycanda pul bazası daha 600 mln. manat azalıb
Azərbaycanda pul bazasının həcmi 2016-cı il oktyabrın 1-nə 6,81 mlrd. manat təşkil edib. “Report” AMB-yə istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 601,9 mln. manat və yaxud 8,12% azdır. Son bir ildə pul bazasının həcmi 240,1 mln. manat və yaxud 3,4%, ilin əvvəlinə nisbətən isə 91,5 mln. manat və yaxud 1,32% azalıb.
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmi 2016-cı il oktyabrın 1-nə 4 132,7 mln. ABŞ dolları təşkil edib.
Bu, sentyabrın 1-i ilə müqayisədə 59,8 mln. dollar və yaxud 1,43% azdır.
Son bir ildə qurumun valyuta ehtiyatları 2,882 mlrd. dollar və yaxud 41,09%, ilin əvvəlinə nisbətən isə 884 mln. dollar və yaxud 17,62% azalıb.
Manatın məzənnəsinin stabil saxlanması üçün atılan daha bir addım keçirilən hərracların qrafikinə dəyişiklik edilməsidir. Azərbaycan Mərkəzi Bankının (AMB) mütəmadi olaraq keçirdiyi valyuta hərraclarının qrafiki dəyişdirilib.
Bu həftədən etibarən hərracların həftənin III və V günlər keçirilməsi ilə bağlı qərar qəbul olunub. Hərracların 3 sessiyada aparılması planlaşdırılır. Bununla yanaşı, bundan sonra hərraca çıxarılan valyutanın məbləği kommersiya bankları üçün öncədən açıqlanmayacaq. Həmçinin, hərraclarda kommersiya banklarının alışla bərabər valyuta sata biləcəyi, iştirakçıların əməliyyat zamanı kimliyinin gizlin saxlanılacağı bildirilir.
Bəs, bütün bu göstəricilər manata nə vəd edir? Mərkəzi Bankın rezervlərinin azalmasının fonunda, dövriyyədən 600 milyon manatın yığılması da manata kömək etmir. Digər tərəfdən MB sentyabr ayında kimi hərraclara yüksək həcmdə dollar çıxara bilməyəcək. Bu temdə davam MB-nin imkanları xaricindədir.
İqtisadçı Nemət Əliyev hesab edir ki, MB artıq nəyə qadir olduğunu 2015-ci ildə göstərib. Ötən il ərzində iki devalvasiyaya imza atan MB-nin bundan sonra manata dəyər qazandıracağının az inandırıcı olduğunu deyən N.Əliyev bildirdi ki, hazırda gərəkən addımların atılmaması bu fikri deməyə əsas verir: «Faktiki olaraq milli valyuta dəyər itirir və bu proses hələ də davam edir. Ölkə iqtisadiyyatı bu üzdən ciddi itkilər verib, əhali böyük zərbələr alıb. Xarici valyutada borcu olanların borc yükü süni şəkildə artırılıb. Ölkənin bank sektoru çöküb, iqtisadi gəlirlər azalıb. Artıq iki il keçib. Mərkəzi Bankın manatı özünə gətirməsi üçün kifayət qədər vaxtı var idi. Vəziyyət düzəlmək əvəzinə daha da pisləşib. Ölkənin tədiyyə balansında 6 milyard dollar kəsir yaranıb. Bu itkilərdən sonra 6 milyard da kəsir yaranıb. Manatın dəyərinin bərpa olunması istiqamətində atılan addımların heç bir həfə dəyməyib».
Xəyal