“İldırımsürətli” deputatlar 1 gündə 30 məsələni müzakirə edəcək
Azərbaycanda avtoritar bir idaretmə mövcud olduğu üçün bütün sahələrdə “möcüzə”vi proseslərin şahidi olmaq mümkündür. Təhsil, səhiyyə, məhkəmə və digər sahələrdə aparılan “islahat”larda da bu “möcüzə”lərə rast gəlmək olar.
Ancaq “rekord möcüzə” Milli Məclisin aktivinə yazılmalıdır. Ona görə yox ki, mandat alveri ilə bağlı faktlar meydana çıxdı. Ona görə yox ki, səsvermə zamanı bir nəfər başqalarının da yerinə səs verə bilir. Təbii ki, bu faktlarla da Ginnesin “Rekordlar” kitabını narahat etmək olar.
Ancaq Milli Məclisi birmənalı “irəli”yə çıxaran hadisə sessiyalarda gündəliyə salınan məsələlərin sayıdır. Təsəvvür edin ki, “ildırım sürətli” deputatlarımız bir neçə saatın ərzində 20-30 məsələni müzakirə edib, qərar verə bilirlər.
Milli Məclisin payız sessiyasında növbəti plenar iclası oktyabrın 14-də olacaq. Parlamentdən verilən məlumata görə iclasın gündəliyinə 30 məsələ daxildir. Bunlar “Büdcə sistemi haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Təhsil haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Reklam haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarın maraqlarının qorunması haqqında”, “Yol hərəkəti haqqında” və sair qanunlara, o cümlədən Vergi, Mülki Prosessual, Əmək, İnzibati Xətalar məcəllələrinə dəyişikliklərdir.
Göründüyü kimi gündəlikdə xeyli mühüm məsələlər var. Amma bu mühüm məsələrin 30-na birdən “quş” qoyulacaq. Bəli, deputatlarımız “ildırım sürətli” müzakirə praktikasına sadiqdilər. Normalda 3-4 saat ərzində 25-30 məsələnin müzakirəsinə nail olmaq mümkün deyil. Bunun üçün ilahi bir qüvvəyə sahib olmaq gərəkdir. Yəni deputatlarımız “seçilmiş”lərdən olmalıdır. Bizim deputatlarımızı isə, nəinki Allah, heç bəndələr də seçməyib. Belə olan halda, 125 vəkil hansı qüvvənin təsirindən “3-cü kosmik sürət”ə nail ola bilir?
Əslində, ölkənin bu qədər dərin quyuya düşməsinin bir səbəbi də budur. “Fatı qalx, Fatı otur” prinsipiylə işləyən parlament, bütün taleyüklü məsələlərə sifarişə uyğun olaraq “hə” və “yox” cavabı verib.
23 il ərzində ölkədə demokratiyanı, şəffaflığı, insan haqlarını, iqtisadi dayanıqlığı təmin edə bilməyən adamlar, 1-2 saat ərzində 30 məsələni “həzmi rabe”dən keçirirlər.
Bəli, “supermen” deputatların sayəsində super müzakirələr oktyabrın 14-də də davam edəcək. 30 seçicinin ayağına getməsələr də, 30 məsələni ayaqlarına gətirirlər. Yaxud, 20 ildə 20 kəlməlik çıxış etməyən adamlar, 1 gündə 30 məsələni “söküb-yığacaqlar”.
Bir sözlə, analoqsuzluq prosesi davam edir.
İlham