Buna səbəb funt sterlinqin məzənnəsinin 31 ilin minimumuna enməsidir
Ekspertə görə, Azərbaycanın valyuta ehtiyatlarına böyük ehtiyacı olduğu bir zamanda hadisələrin bu cür inkişafı yaxşı perspektiv vəd etmir
Böyük Britaniyanın milli valyutası – funt sterlinq baş nazir Tereza Meyin (Theresa May) açıqlamasından sonra ABŞ dolları ilə müqayisədə 1,2750 USD/GBP səviyyəsinə kimi geriləyərək son 31 ilin minimumuna enib.
“Bloomberg” agentliyinin verdiyi xəbərə görə, britaniyalı baş nazirin 2017-ci ilin ilk rübündə ölkəsinin Avropa İttifaqından (Aİ) ayrılmaq prosesinə başlayacağı ilə bağlı açıqlamasından sonra funt sterlinq dünyanın 31 ən önəmli valyutasından 29-na qarşı dəyərdən düşüb. Xatırladaq ki, T.Mey sentyabrın 2-də Birmingem səhərində Mühafizəkarlar Partiyasının illik toplantısında Britaniyaya köçən insanların sayını azaldacaq və Aİ-dən ayrılma prosesinə başlayacaq.
Neft Fondu ehtiyatlarının 5 faizini funtda saxlayır
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Britaniya funt sterlinqində olan valyuta ehtiyatları üzrə “Brexit” qərarının verildiyi 23 iyundan bu günədək 271 mln. ABŞ dolları zərər edib.
ARDNF-in investisiya portfelinə mövcud olan 1 194,3 mln. funt sterlinqin ABŞ dolları ekvivalentində dəyəri iyunun 23-də 1 793 mln. dollar idisə, hazırda bu rəqəm 1 522 mln. dollar təşkil edir. Keçən ilin analoji dövrü ilə müqayisədə isə funt sterlinq ehtiyatlarının dollar ifadəsində dəyəri 302 mln. dollar, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 444 mln. dollar olub.
Funt sterlinqin məzənnəsinin bu ilin sonuna qədər dollarla müqayisədə daha 4% ucuzlaşacağı ehtimal edilir. (report)
İqtisadçı Nemət Əliyev bildirdi ki, funtun dəyər itirməsi Britaniyanın AB-dan çıxması ilə bağlı ola bilər. Baş verənlərin fonunda funtun dəyər itirməsinin bir xəbərdarlıq olduğunu deyən N.Əliyev vurğuladı ki, funtun dəyər itirməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək: «Funtun dəyərdən düşməsi bu valyutada saxlanılan bütün aktivlərin dəyərdən düşməsi anlamına gəlir. Bu dəyərdən düşməyə görə, Neft Fondu enmə əmsalı qədər itkiyə məruz qalacaqdır. Neft Fondunun onsuz da investisiya portfelinin idarə olunmasında bir bacarıqsızlığı var. Adi bir misal göstərək. Azərbaycanın xarici borcları 7.6 milyard dollardır. Gələn il bu qədər borca görə, indiki qiymətləndirə ilə ən azı 350 milyon manat faiz ödəmələri həyata keçirməlidir. Amma 2015-ci il ərzində Neft Fondu 37 milyard dollar pul idarə edib. Bu məbləğdən Neft Fondunun gəlirləri heç 300 milyon deyil. Yeddi milyarddan beş dəfə çox maliyyə vəsaitinin idarə edilməsinə görə Neft Fondu bu qədər biyabırçı gəlir əldə edib. İndi təsəvvür edin Neft Fondunun funt sterlinqdəki aktivləri dəyər itirəcək. Onsuz da Neft Fondunun gəlirləri aşağı idi. Azərbaycanın valyuta ehtiyatlarına böyük ehtiyacı olduğu bir zamanda hadisələrin bu cür inkişafı yaxşı perspektiv vəd etmir».
Xəyal