Milyardların oğurlanmasına göz yumanlar, “Azadlıq” ın maliyyə qaynaqlarını axtarırlar
Ölkədə baş verənlərə nəzər salanda insanı həm gülmək, həm də ağlamaq tutur. Qanunları, hüququ, cinayət məcəlləsini oyuncağa çeviriblər. Ölkədə korrupsiya göz deşir, hüquqsuzluq meydan sulayır, talançılıq hər tində hiss olunur, amma hökumət qəpik-quruşun dalınca düşüb.
Milyardları oğurlayanlar azad gəzir, halal zəhməti ilə yaşayanları zindana salıblar. Milyardların izinə düşən yoxdur, qəpiklərin mənbəyini axtarırlar. Bu mənada “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin həbsi də “şedevr” hadisədi.
Əvvəlcə bu adamı “gülənçi” adıyla həbs edirlər, maşınına Gülənni kitablarını qoyurlar. Sonra məlum olur ki, kitabların redaktoru, ön söz yazanı hökumət düşərgəsinin adamlarıdı. Daha sonra məlum olur ki, ən böyük Gülənçilər hökumət komandasında məskən salıblar. Beləliklə, Faiq Əmirliyə qarşı “gülənçi” ittihmaın nə ölkə icitmaiyyəti, nə də Türkiyə hökuməti qəbul etmədi.
Ona görə də yeni ittiham hazırlayırlar. “Azadlıq” qəzetinin maliyyə qaynaqlarını araşdırırlar, Faiq Əmirliyə yeni maddə düzəltmək üçün dəridən-qabıqdan çıxırlar. Təsəvvür edin ki, 3 il əvvəl qəzetdə başsağlığı verən adamı da dindirməyə çağrırlar. 8 aydır əməkdaşlarına maaş verə bilməyən, 70 min manat alacağından məhrum olan qəzetin maliyyə qaynaqlarını axtarırlar. Sanki, ölkəni böhran vəziyyətinə salan, büdcəni boşaldan, vergi sistmeini çökəldən “Azadlıq” qəzetidir.
Ölkədə korrupsiya fontan vurur, hökumət “Azdlıq” qəzetində qazıntı aparır ki, maliyyə fontanı tapsın. Hansıki, bu qəzetdə maliyyənin çeşməsi də olmayıb.
Əgər Faiq Əmirlinin həbsində məqsəd həqiqətən də şəffaflığı təmin etməkdirsə, o zaman bu araşdırma məmurlarla bağlı niyə aparılmır? 1500-2000 manat maaş alan məmurun saysız-hesabsız villalara, avtomobillərə necə sahib olması niyə araşdırılmır? İcra başçısının, komitə sədrinin, nazirin maliyyə qaynaqları niyə araşdırılmır? Məmur övladları xaricdə holdinqlər yaradıblar, bunun mənbəyi niyə ortaya çıxarılmır?
150 milyard neft pulunun taleyi ilə maraqlanan yoxdur, “Azadlıq” qəzetinin maliyyə qaynaqlarını araşdırırlar. Milyardları mənimsəməkdə ittiham olunan elder Mahmudov azadlıqda gəzir, əleyhinə heç bir dəlil olmayan Faiq Əmirli həbs həyatı yaşayır. Tağı Əhmədovdan 3 milyon manatın izahatını istəyən yoxdur, Faiq Əmirlidən “Azadlıq”ın maliyyə mənbəyinin izahatı istənilir.
Göründüyü kimi Faiq Əmirlinin həbsi birbaşa sifarişdir. İlk gündən də bəyan etmişdik ki, bütün bu “ssenari”lər qəzetin fəaliyyətini durdurmağa yönəlib.Sadəcə olaraq hökumət bu qondarma ittihama don geyindirə bilmir. Ona görə də gülməli vəziyyətə düşüblər və gülməli araşdırmalar aparırlar. Hansıki, Faiq Əmirliyə torba tikmək üçün sərf etdikləri zamanı, Hesablama Palatasının hesabatlarındakı mənimsəmə faktlarına yönəltəsydilər, xeyli maliyyə qaynağının izinə düşərdilər.
Bir sözlə, hökumətin məqsədi büdcəyə pul yığmaq, vergi ssitmində şəffaflıq yaratmaq deyil, şəffaflıq tələb edənləri, ölkədən oğurlanan milyardların izahatını istəyənləri zərərsizləşdirməkdi.
Vicdanlı insanlara “Gülənçi” damğası vura-vura, özlərini də gülməli vəziyyətə saldılar.
Akif