Azərbaycanda insan haqlarının pozulmasına göz yumduğuna görə Bernie Ecclestona göndərilən məktubda nələr var?
Phil Bloomer: «Sponsorlar yarışların repressiv dövlətlərdə keçirilməsindən cana yığılıblar»
Iyunun 19-da Bakıda keçiriləcək “Grand Prix” yarışları ərəfəsində “Formula-1″ə çağırış edilib ki, Azərbaycanda insan haqlarının pozulmasına görə səsini ucaltsın və bununla da ”öz imicini yaxşılaşdırsın”. Bu barədə Böyük Britaniyanın məşhur “The Guardian” qəzeti yazır.
BBC-nin məlumatına görə, Azərbaycanda insan haqlarının bərbad vəziyyətinə diqqət çəkmək məqsədilə yaradılmış “Insan haqları naminə idman” koalisiyası “Formula-1″dən Bernie Ecclestoneun Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı mövqe bildirməsini istəyib.
“Biz ”Formula-1″in rəhbəri Bernie Ecclestonu Azərbaycanda insan haqları ilə bağlı məsələlər barədə fikir bildirməyə və siyasi məhbusların azadlığa buraxılmasını tələb etməyə çağırmışıq”, – deyə koalisiyanın koordinatoru Rebecca Vincent bildirib. Qeyd edib ki, ona açıq məktub yazsalar da, hələlik cavab yoxdur.
“Cənab Ecclestone, həqiqətən də xeyirxahlıq edə biləcək məqamdadır. Bu yalnız mənfəət götürüb, korrupsioner adamlara köməklik göstərməkdənsə, ”Formula-1″in imicini yaxşılaşdırmaq və Azərbaycan xalqına kömək etmək imkanıdır”, – deyə xanım Vincent bildirib.
Bu kampaniyanın Biznes və Insan Haqları Resurs Mərkəzinin icraçı direktoru Phil Bloomer tərəfindən də dəstəkləndiyini deyən Vincent qeyd edib ki, onlar heç də Bakının “Formula-1″ təqvimindən çıxarılmasını tələb etmirlər: ”Biz onları yarışı ləğv etməyə, adamları isə yarışa tamaşa etməməyə çağırmırıq. Biz cənab Ecclestondan repressiyalara rəvac vermək əvəzinə, onlara qarşı aydın mövqe tutmağa çağırırıq. O, ötən il demişdi ki, “Azərbaycanda böyük insan haqları problemi yoxdur və adamlar xoşbəxt görünürlər”. Beşcə dəqiqə “google”a baxmaq kifayətdir ki, nələrin baş verdiyi aydın olsun”.
“The Guardian” yazır ki, Vincent və “Insan haqları naminə idman” koalisiyasının nümayəndələri “Formula-1″in London ofisində olub, təşkilatın iki vəzifəli rəsmisilə görüş keçiriblər. Danışıqların bu ilin sonlarında davam etdirilməsi barədə razılıq əldə olunub.
“Insan haqları naminə idman!” koalisiyası həmçinin pop ulduzları Pharrell Williams, Enrique Iglesias və Chris Brownun nümayəndələri ilə görüşərək, bu müğənniləri həftəsonu Bakıda “Grand Prix” açılışındakı çıxışlarını ləğv etməyə çağırıblar. Onlardan da hələlik heç bir cavab alınmayıb.
Cənab Bloomer “Formula-1″in insan haqlarına dair siyasət formalaşdırmasını təqdir edib və bildirib ki, təşkilat bu sadə siyasətin həyata keçirilməsinə çalışmalıdır. Onun sözlərinə görə, bir çox qurumların belə siyasətə malik olmalarına baxmayaraq, onlardan bir çoxları üçün bütün bunlar kağız üstündə qalır.
Bloomerin sözlərinə görə, Bernie Ecclestoneun indiyədək tutduğu mövqe məhz belə yanaşmanı nümayiş etdirir.
“The Guardian” yazır ki, insan haqları kampaniyasının Londonda keçirilən konfransında “Bakı Grand Prix” yarışını işıqlandıran müxbirlər nəyi bilməlidirlər?” adlı məlumat kitabçası paylanıb. Bu kitabçada “Formula-1″ yarışının keçirildiyi ölkədə insan haqları fəallarının, jurnalist və blogəerlərin vəziyyəti barədə məlumatlar verilir.
Tənqidin dezinfeksiyası
Phil Bloomer deyib ki, Azərbaycan ötən il Avropa oyunlarına sahiblik edib və bu kimi çox bahalı şöhrətpərəstlik layihələrindən dezinfeksiya və müasir iqtisadiyyat imici yaradılması üçün istifadə edilir.
Bloomer yada salır ki, Bəhreyndə “Formula-1″ yarışları keçirilərkən küçələrdə etiraz edən insanları döyür və həbsxanaya atırdılar. Bloomer bunu da xatırladıb ki, böyük idman tədbirlərinin sponsorlarının da səbr kasası daşmaqdadır.
Onun sözlərinə görə, sponsorlar yarışların repressiv dövlətlərdə keçirilməsindən cana yığılıblar. Məsələn onlar bildirmişdilər ki, eybəcər, çirkli, zəhərli FIFA brendi ilə əlaqələndirilmək istəmirlər.
Bloomerin fikrincə, məhz sponsorların narazılığı təşkilatçıları hərəkətə gətirə bilər. “The Guardian” yazır ki, Ecclestone çərşənbə axşamı onunla əlaqə yaratmaq cəhdlərinə cavab verməyib, lakin Londondakı Azərbaycan səfirliyi dialoqa açıq olduğunu bildirib.
Bununla yanaşı, səfirlik müğənnilərin çıxış etməməyə çağırılmasının yaxşı bir ideya olmadığını deyib.
“Yəni bütün idman tədbirləri ləkəsiz Qərb demokratiyalarında keçirilməlidir?”, – deyə səfirliyin sözçüsü irad tutub.
Knightsbridge görüşü
“The Daily Telegraph” qəzetinin “Formula-1″ müxbiri Daniel Cohnson isə Bakı yarışı ilə bağlı insan haqları kampaniyasının bir sıra yeni təfərrüatlarını açıqlayıb.
Müxbir yazır ki, “Insan haqları naminə idman!” koalisiyasının Londonun Knightsbridge ərazisindəki ofisində keçirilmiş görüşdə Bernie Ecclestone şəxsən iştirak etməsə də, kampaniya iştirakçılarını qurumun hüquqşünası və Ecclestonun yaxın adamı Sacha Woodward-Hill və başqa bir müşavir qəbul edib.
“The Telegraph” yada salır ki, “Human Rights Watch” təşkilatının 2015-ci il üçün hesabatına görə, keçmiş sovet respublikası Azərbaycanda onsuz da bərbad vəziyyətdə olan insan haqlarının vəziyyəti son illərdə daha da pisləşib.
Birinci və axırıncı ola bilər
Məqalədə deyilir ki, “Formula-1″ ötən il ”Insan haqlarına hörmətə sadiqlik Bəyannaməsi” adlı sənəd qəbul edib, lakin Ecclestonun Azərbaycanda heç bir insan haqları problemi olmadığını dilə gətirməsi insan haqları fəallarını hiddətləndirib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin diplomatı olmuş, insan haqları müdafiəçisi Rebecca Vincent deyir ki, Ecclestonun belə bəyanatlar verməsini təbii qarşılayır. Lakin o, əlavə edib ki, kampaniyaçılar onu mövqe bildirməyə çağırmaqda davam edəcəklər.
“The Telegraph”ın müxbiri yazır ki, beynəlxalq qurumlar bu il 16 insan haqları fəalının həbsxanadan buraxılmasını alqışlasalar da, onlar barədə ədalətin hələ də bərpa olunmadığını söyləyirlər.
Məqalədə deyilir ki, Azərbaycanın “Formula-1″ yarışına ev sahibliyi etmək şərəfi üçün 36 milyon dollar ödədiyi barədə məlumatlar yayılıb. Bu yarışın 10 il müddətində Azərbaycanda keçirilməsi planlaşdırılıb.
“Lakin neft qiymətlərinin dramatik enişi ilə əlaqədar çapalayan iqtisadiyyat şəraitində hazırkı yarışın yeganə tədbir olmayacağına şübhələr var”, – “The Telegraph” yazır.