Vahid Məhərrəmov: «Bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə, kartof və taxılın istehsalında azalma gözlənilir»
Qış aylarının ərzaq ehtiyacını baha olan məhsullarla birtəhər yola verən əhali yayın gəlişini səbirsizliklə gözləyirdi. Lakin bölgələrdə leysan yağışları və güclü dolu insanların məhsul bolluğuyla bağlı arzularına sədd çəkdi.
Bol məhsul, əslində, təbii ki, daha ucuz qiymətlər deməkdir. Fəqət, bu məsələ ölkədə heç də təbii şəkildə tənzimlənmir. Bu mənada, qışdan sonra ucuz yay məhsullarıyla keçinmək arzusunda olan əhali, indi qiymətlər artımı təhlükəsilə baş-başadır.
Görəsən, hazırkı iqlim şəraitindən irəli gələn hadisələr kənd təsərrüfatı məhsullarının qiymətində bahalaşmaya gətirib çıxara bilərmi? Yağıntının normadan çox olması yerli meyvə-tərəvəz məhsullarının qiymətinə necə təsir edə bilər?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, intensiv yağışların yağması və dolu məhsuldarlığa ciddi təsir edəcək. Ekspertin fikrincə, xüsusilə kartof və taxıl məhsullarının istehsalında azalma gözlənilir: “Lakin bu amilin qiymətləri artırması gözlənilən deyil. Idxal inhisarda olduğu üçün, məhsullar azaldıqca, inhisarçılar həmin məhsulları xaricdən gətirəcək. Ölkənin taxıl ehtiyacı onsuz da idxaldan asılıdır. Kartof istehsalı da ehtiyacın 60 faizini ödəyir. Hava şəraiti məhsulların keyfiyyətinə təsir edəcək. Fermerlərin, kəndlilərin gəlirləri azalacaq. Bu da onların sosial həyat tərzinin ağırlaşmasına gətirib çıxaracaq. Yəni mövcud hava şəraitinin məhsullara təsiri bundan ibarət olacaq”.
Nigar