Ölkədə inflyasiya məmurların dediyi rəqəmdən xeyli yuxarıdır
Dövlət Statistika Komitəsi bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətlərilə bağlı hesabat açıqlayıb. Hesabatdan aydın olur ki, qiymətlər 2015-ci ilin eyni dövrünə nisbətən 10,4 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,4 faiz artıb.
Statistik məlumata görə, bu ilin may ayında aprelə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,7 faiz azalıb. Qeyri-ərzaq məhsullarının qiymətləri 0,3, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz artıb.
Ay ərzində düyünün, qarabaşaq yarmasının, toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, yerkökünün, çuğundurun qiymətlərində bahalaşma olub. Makaron məmulatlarının, mal və qoyun ətinin, pasterizə olunmamış üzlü südün, alçanın, çiyələyin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, kartofun, sarımsağın, soğanın, göyərtinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Mayda aprel ayı ilə müqayisədə, qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, qaz plitəsi, elektrik sobası və kondisionerlərin qiymətlərində bahalaşma olub. Televizor və kompüterlərin, soyuducu və paltaryuyan maşınların, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən soyuq su təchizatı və kanalizasiya xidmətlərinin qiymətləri bahalaşıb. Hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb.
Göründüyü kimi, qiymətlərdə bu qədər artım müşahidə edilir. Bahalaşmaya keçən ilin ikinci devalvasiya prosesindən sonra daha böyük vüsətlə start verilib. Ərzaq məhsullarının qiymətində ən azı, iki dəfə artım baş verib. Bu isə ölkədə inflyasiyanın rəsmi şəkildə təqdim edilən səviyyədən xeyli çox olduğu anlamına gəlir. Hələ bir müddət öncə ekspertlər devalvasiyayla əlaqədar bu il ölkədə inflyasiyanın ikirəqəmli olacağını deyirdilər. Devalvasiya prosesi ölkəyə idxal olunan məhsulların qiymətində ciddi artıma səbəb oldu. Çünki idxal olunan və bəzi istehsal olunan məhsullarda qiymət artımı şübhəsizdir. Dəfələrlə qiymət artımı isə inflyasiyanın sürətlənməsinə gətirib çıxarır. Inflyasiya səviyyəsinin yüksək olması idxal məhsullarında qiymət artımının yüksək olması deməkdir. Onun qarşısının alınması isə yalnız daxili istehsalın dəstəklənməsi və idxalı əvəz edən istehsalın inkişafıyla mümkün ola bilər. Rəsmi şəkildə bu il qiymət artımı 12,1 faiz səviyyəsində proqnozlaşdırılsa da, hökumət 2016-cı ildə orta illik inflyasiyanın 4,4 faiz səviyyəsində olacağını iddia edirdi.
Sosial şöbə