Afrika ölkəsi Burundidə hakimiyyəti prezidentin dərslikdəki fotosunu korlamaq ittihamı ilə 11 məktəblini həbs edib.
İnsident ötən həftə, paytaxtdan 50 kilometr məsafədə yerləşən Muramvya əyalətində baş verib. Həbs olunan məktəblilərin yaşı 14-19 arasındadır. Onları 5 ilə qədər həbs və 32 ABŞ dolları məbləğində cərimə gözləyir.
Xəbərə görə məktəblilərə prezident Pyer Nkurunzizanın dərs kitablarından birində həkk olunmuş fotosunu korlamaq ittihamı verilib. Bildirilir ki, məktəblilər prezidentin fotosunu qaralayıblar. Burundidə belə əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulur.
Əyalətin quberantoru məktəblilərin həbsinə haqq qazandırıb. “Ədalət zəfər çalmaldır. Kral Allahdan sonra ikincidir. İndi bizdə kral yoxdur, onu prezident əvəzləyir. Nəticədə o, Allahdan sonra ikinci yerdə dayanır. Bu uşaqlar ciddi cinayət törədiblər”-qubernator Niyunqeko deyib.
Valideyinlər ki, ittihamı qəbul etmir. Onların bildirdiyinə görə prezidentin fotosunun korlandığı dərs kitabından bir neçə sinif istifadə edib və məktəblilər həmin kitabı heç vaxt evə gətirməyib. Ona görə də bu əmələ görə konkret uşağın ittiham olunması düzgün deyil. Məktəblilərin həbsi etirazlara da səbəb olub, polis etirazçılara atəş açıb.
Pyer Nkurunziza ötən il üçüncü müddətə namizədliyini irəli sürüb və Burundidə vəziyyət gərginləşib. Müxalifət onu konstitusiyanı pozmaqda ittiham edir. Çünki konstitusiya bir şəxsin iki dəfədən çox prezident seçilməsini qadağan edir. Lakin prezident deyib ki, konstitusiyanı pozmayıb, çünki birinci dəfə ümumxalq səsverməsi ilə deyil, parlament tərəfindən prezident seçilib. Lakin Nkurinzizanın üçüncü müddətə seçilməsinə görə ölkəni iğtişaşlar bürüyüb, yüzlərlə adam həlak olub. Burundinin 10.4 milyon əhalisi var, adambaşına düşən ÜDM-in həcminə görə dünyada axırdan ikinci yerdədir. (azadliq.org)