“The İndependent” qəzeti bu sayında da özünün “sərnişinlərin təyyarələr haqqında bilmədikləri” rubrikasını yeni məlumatlarla davam etdirib. Qəzet bu məlumatların “uçuşlarda bişmiş” keçmiş heyət üzvlərindən alındığını iddia edir.
Uçuşdan qorxanların nəzərinə
Məqalədə deyilir ki, uçuşdan qorxan sərnişinlər hər hansı təhlükəsizlik problemlərindən xəbərsiz qalacaqlarından narahat olmamalıdırlar.
Təyyarənin uçuşu ilə bağlı texniki problemlər yarananda kapitan və bələdçilər bunu açıq şəkidlə elan edirlər. Yəni pilotlar da daxil, heç kəs ölmək istəmir.
Açıq qapıların ziyanı
Daha sonra bildirilir ki, yəqin bir çox sərnişinlər stüardessaların hamını yerbəyer etməyə tələsdiklərinin daim şahidi olurlar. Bunun öz səbəbi var. Qaydalara görə hava şirkəti stüardessaların ödənişli iş vaxtı olaraq yalnız qapıların bağlı olduğu müddəti hesablayır.
Bu isə o deməkdir ki, stüardessa 13 saat da işdə ola bilər, lakin o yalnız 5 saatın məvacibini alacaq. Əgər uçuş sizə görə ləngiyirsə, stüardessaların üzündəki əsəbi təbəssümün mənasını başa düşməlisiniz.
Nə birincisiniz, nə də axırıncı
Keçmiş hava bələdçisi Fatihah Sudewo-nun verdiyi məlumata görə uçuş vaxtı sizə verilən adyal və balışlar sizdən əvvəl də istifadədə olmuş ola bilər.
Bu xüsusilə də ucuz biletlərlə uçuş təklif edən hava şirklətlərinin təyyarələrində baş verir. Yəni hər bir uçuş başa çatdıqdan sonra sərnişinlərdən yığılmış adyalları yenidən qatlayır və növbəti uçuşda üşüyənlərə paylayırlar. Başqa bir stüardessa isə məsləhət görür ki, açılmamış paketin içində olan adyal və balışları istəyəsiniz.
Pürrəngi təyyarə çayı?
Təyyarədə verilən çay və qəhvə barədə də xoşagəlməz xəbərlər var. Keçmiş hava bələdçiləri deyirlər ki, təyyarədə paylanan çay və qəhvələr üçün suyu təyyarənin qarnında yerləşən su çənindən götürürlər. Bu çənlər isə demək olar heç vaxt təmizlənmir. Odur ki, işbilənlər bağlı butılkada olan sudan istifadə etməyi məsləhət görürlər.
Siz tualetdə ikən…
Sizin ayaqyoluna vaxtsız gedişiniz təyyarənin gecikməsinə səbəb ola bilər. Məsələn əgər siz təyyarənin enişinə müəyyən vaxt qalanda tualetə getmisinizsə və orada ləngiyirsinizsə, bələdçilər bu barədə kapitana xəbər verirlər.
O isə siz qayıdıb yerinizə gələnədək müəyyən eşelonda dövrə vurur və bu zaman onun yerini başqa bir təyyarə də tuta bilər.
Kapitanın payından…
Hə, bir də yemək barədə. Bilin ki, ekipajın yeməyi sizinkindən fərqli və daha yaxşı olur.
Ekipajın xörəklərinə adətən təzə meyvə, çərəz və bəzi içkilər də əlavə edilir.
Bəzi təyyarələrdə buna “kapitan menyusu” da deyirlər.
(bbc azəri)