Vəkil Ceyhun Yusifov: «İlkin istintaq müddəti 4 ay olduğu halda, adicə rəyi 9 aya əldə edən müstəntiqin peşəkarlığına necə inanaq?»
Həbsdə olan keçmiş polis əməkdaşı Samir Əliyevin işinə ədalətli baxılması üçün döymədiyi qapı qalmayıb. Günahsız həbs olunduğunu, qətlin onun boynuna zorla qoyulduğunu deyən Samir Əliyevin vəkili Ceyhun Yusifov da onunla həmrəydir. Müdafiəçi də deyir ki, bu iş üzrə istintaqı aparan müstəntiq Aslan Ibrahimov qanunun tələblərinə əhəmiyyət vermir.
“Çox təəssüf ki, hələ də istintaqın bu şəkildə aparılmasına göz yumulur. Müstəntiq Aslan Ibrahimov müvəkkilim Samir Əliyevə münasibətdə qanunlara açıq-aşkar sayqısızlıq edir, insan ləyaqətini alçaldan hərəkətləri davam etdirir”, – deyə Ceyhun Yusifov bildirib.
Samir Əliyevin həbsindən sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində sözügedən qətl üzrə Aslan Ibrahimovun rəhbərliyi ilə istintaq qrupu araşdırmalara başlayıb. Istintaq müddətində Samir Əliyevə valideynləri və həyat yoldaşı görüşmək qadağan edilib, azyaşlı 4 övladı ilə həttda telefon danışığı belə, istintaq qurtarana qədər qeyri-mümkün hesab edilib.
Vəkil deyir ki, müstəntiq hər vasitə ilə müdafiəni qurmalarına çox ciddi əngəllər yaradır: “Müstəntiq Aslan Ibrahimov Samir Əliyevin elementar hüquqlarına hörmətlə yanaşmır. Bu yolda o qədər absurda gedir ki, hətta Samir Əliyevin 6 aylıq övladı ilə şüşə arxasında görüşünü belə yasaqlayır. Yazır ki, Samir Əliyevlə görüş həmin uşağa zərərçəkmişə təsir etmək imkanı verə bilər. 6 aylıq uşaq kimə təsir edə bilər? CPM-in 268-ci maddəsinin tələblərinə uyğun olaraq, 10 gün ərzində elan edilməli olan ekspertiza rəyləri bəzən 8-9 ay sonra elan olunur, axı bu gülməlidir. Bəhanəsi isə o olur ki, guya həmin rəy müvafiq qurumlar tərəfindən 9 ay gec göndərilib. Ilkin istintaq müddəti 4 ay olduğu halda, adicə rəyi 9 aya əldə edən müstəntiqin cinayət təqibini peşəkar aparmasına biz necə inanaq? Və ya təqsirləndirilənin adi rəylə tanış olmaq hüququ 9 ay ləngidilirsə, bunun hüquqda adı nədir? Çox təəssüf ki, belə gülməli, absurd qadağalar tətbiq edən və primitiv normaları belə gözləməyən şəxsə belə bir ağır cinayətin araşdırılması tapşırılıb”.
Vəkil ümid edir ki, Respublika Prokurorluğunun rəhbərliyi yol verilən qanun pozuntuları ilə bağlı müraciətlərə biganə yanaşmayacaq: “Ümid edirəm ki, müvafiq addımlar atmaqla, bir günahsız insanın amansız qətli və daha bir günahsız insanın həbsi, dəhşətli mərhumiyyətlərilə nəticələnən cinayət işinin araşdırılmasını peşəkar müstəntiqlərin birinə tapşıracaqlar. Normalda müstəntiq iş üzrə araşdırma aparmaq üçün atmalı olduğu addımların əvəzinə Samir Əliyevə, onun ailə üzvlərinə və ətrafına, hətta vəkillərinə təzyiq göstərmək yolunu tutub”.
Vəkil qeyd edir ki, atılan bütün addımlar cinayətin Samir Əliyevin boynuna qoyulmasına yönəlib: “Müstəntiq istintaq taktikası əvəzinə, müxtəlif üsullarla təzyiq yolunu tutub. Bunun əvəzində normal istintaq aparsaydı, Samir Əliyevin günahsızlığını sübut edən dəlillərə qiymət verməyə cəhd göstərsəydi, bu gün tamam fərqli mənzərə olardı. Samir Əliyev də keçmiş həyat yoldaşının qatilinin həbs edilərək ən sərt şəkildə cəzalandırılmasını tələb edir. Müstəntiq isə öz absurd mülahizələrinə əsaslanıb Samir Əliyevi cinayəti törətmiş şəxs kimi təqdim etməkdən çəkinmək istəmir”.
Aytən