Bu gün də tarixi bir gündür. 24 il əvvəl ölkəmizin tarixində ilk və təəssüf ki, həm də son dəfə demokratik prezident seçkisi keçirilmişdi. Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy ən populyar olduğu dövrdə seçicilərin cəmi 59 faizinin səsini alaraq prezident seçilmişdi. Əbülfəz Elçibəyin prezident seçilməsindən sonra ölkədə dərhal ciddi islahatlar başlanmışdı. Partiyalar, ictimai təşkilatlar, həmkarlar ittifaqları, mətbuat və məhkəmələr haqqında qanunlar demokratik idarəetmənin hüquqi bazasını formalaşdırdı. Sürətli iqtisadi islahatları təmin edəcək 35 qanundan ibarət olan iqtisadi islahatlar paketi cəmi bir neçə ayın içində hazırlanıb, qəbul olundu. Büdcə təşkilatlarında işləyənlərin əvvəlki hakimiyyət dövründən yığılıb qalmış 3 aylıq maaş borcları tez bir zamanda ödənildi. Ciddi təhsil islahatları başlanmışdı. Müəllimlərin əmək haqqı 3 dəfə qaldırıldı. Test sisteminin tətbiqi və Rusiya qoşunlarının böyük risklər bahasına olsa da, ölkədən çıxarılmasını da bilirsiniz. Ordu quruculuğu, Qarabağın işğaldan azad edilməsi Elçibəy hakimiyyəti üçün əsas prioritet idi. Cəmi 1 ilin ərzində işğal altında olan Qarabağın 40 faizi düşməndən azad edilmişdi. Təəssüf ki, bütün bu işlər yarımçıq qaldı. Azərbaycanı istəməyən daxili və xarici qüvvələr hərbi qiyam və dövlət çevrilişi yolu ilə bu prosesi durdurdu.
Yox, mən demək istəmirəm ki, Elçibəy hökumətində hər şey ideal idi, işlər əla gedirdi. Əlbəttə ki, ciddi çatışmazlıqlarımız da var idi. Təcrübəsizlik də, sıralarımıza təsadüfi adamların qoşulması da, subardinasiya qaydalarının tez–tez pozulması da, hakimiyyətin vahid komanda ola bilməməsi də, bəzi hərəkatçıların rüşvətə bulaşması da olub. Bu çatışmazlıqları özümüz o vaxt da görürdük və bu barədə açıq danışırdıq. Həm də təkcə danışmırdıq, tədbirlər görməyə də başlamışdıq. Ona görə də əminəm ki, Elçibəy hakimiyyəti devrilməsəydi, zaman içində həmin çatışmazlıqlar da aradan qaldırılacaqdı. Ən önəmlisi o idi ki, Elçibəy hakimiyyəti həqiqətən xalq hakimiyyəti idi. Xalqın seçdiyi, xalqa xidmət edən və xalqın dəyişə biləcəyi hakimiyyət idi. Ə.Elçibəy və komandasının əksəriyyəti təmiz adamlar idi. Hakimiyyətə varlanmaq deyil, xalqa xidmət imkanı kimi baxırdı. Azərbaycan siyasi və iqtisadi islahatların magistral yoluna çıxmışdı və Ə.Elçibəy heç olmasa, seçildiyi 5 ili hakimiyyətdə qalsaydı, həmin islahatlar artıq nəticə vermiş olacaqdı. Təəssüf ki, mümkün olmadı. İkinci cümhuriyyətimiz də süquta uğradı. Atalar isə üçdən deyib. Gərək üçüncü dəfə cümhuriyyətimizi, xalq hakimiyyətini elə möhkəm təməl üzərində bərqərar edək ki, yaramaz adamlar onu yenidən dağıda bilməsin!