Tələbələr hökumətin «qayğı»sından yararlana biləcəkmi?
Heç kimə sirr deyil ki, islahat proqramları, anti-böhran tədbirləri görüntü xarakteri daşıyır. Devalvasiyadan sonra onlarla sərəncam imzalanıb, fərmanlar verilib, qurumlar yaradılıb və bütün bunların heç bir praktiki əhəmiyyət kəsb etmədiyi sübut olunub. Sadəcə olaraq “iş görürük” təəssüratı yaratmaq istəyilrər.
Indi də ortaya yeni bir yalan atıblar. Ölkədə təhsil haqlarının yüksək olduğu, təhsil haqqını ödəyə bilmədiyi üçün 17000 tələbənin ali məktəblərdən kənarlaşdırıldığı və bu məslənin ciddi narazılığa səbəb olduğu aydındır. Hökumət isə bu məsələdə də imitasiya edərək, təhsil kreditləri məsələsini gündəmə gətirib.
Guya, Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər veriləcək. Bu barədə Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunan media-brifinqdə Fondun icraçı direktoru Rüfət Mahmud məlumat verib.
Onun sözlərinə görə, Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
Rüfət Mahmudov təhsil kreditlərindən yararlanmağın şərtlərini də açıqlayıb. Fondun maliyyə imkanlarından istifadə etmək üçün tələbə Azərbaycanın vətəndaşı olmalı, təsisçi olan ali məktəblərdən birində təhsil alıb, təhsilinin davam etdirilməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərinin və özünün daha əvvəl aldığı kreditlər üzrə de-folt hadisələr baş verməməlidir, valideynlərin illik gəlir xərcləri 10 min manatdan artıq, tələbələr 25 yaşdan yuxarı olmamalıdır. Maliyyə kreditləşməsi bu il üçün yalnız bakalavr pilləsində təhsil alan tələbələrə şamil olunur. Əsas şərtlərdən biri də tələbənin ümumi orta müvəffəqiyyət balının 71 baldan yuxarı olmasıdır. Əgər tələbənin növbəti illərdə göstəriciləri aşağı olacaqsa, o zaman onlara kredit verilməyəcək. Tələbə bu krediti almaq üçün II kursdan müraciət edə bilər.
Göründüyü kimi hökumətin yeni təşəbbüsü də qısırlıdır və bu kreditlərdən yararlanmaq üçün labirintlərdən keçmək lazımdır. Necə ki, gənc ailələr üçün nəzərdə tutulmuş ipoteka kreditlərindən yararlanmaq müşkül məsələdi, eləcə də təhsil kreditlərindən istifadə etmək ağır mərhələdən keçməyi tələb edir. Elə vəziyyət yaradırlar ki, tələbə təhsil krediti üçün müraciət etməkdə maraqlı olmasın.
Əgər valideynin illik gəliri 10 min manatdan yüksəkdirsə, daha kreditə nə ehtiyac var? Hamıya məlumdur ki, ölkədə kütləvi işsizlik hökm sürür, dövlət işində çalışanların əksəriyyəti 200-250 manat maaş alır. Deməli, minlərlə tələbə ehtiyacı olduğu halda, bu kreditlərdən yararlana bilməyəcək.
Digər tərəfdən Tələbə Kredit Fondunun hansı mənbədən maliyyələşəcəyi məlum deyil. Bankların kredit verməkdən imtina etdiyi bir vaxtda, Tələbə fondu necə kredit verəcək? Maliyyə Naziri Samir Şərifov bugünlərdə bildirdi ki, təhsil kreditlərinin verilməsi ilə bağlı konkret fikir söyləmək olmaz. Bu da bir daha təsdiqləyir ki, yaxın gələcəkdə bu istiqamətdə effektli işin şahidi ola bilməyəcəyik.
Yuxarıda da qeyd etdiyimiz kimi elə şərtlər tətbiq ediləcək ki, cüzi sayda tələbə kredit ala biləcək. Deməli, növbəti dəfə insanların başının altına yastıq qoyub, vaxt udmaq istəyirllər. Hökumətin tələbəyə qayğısı, məhşur paraşut lətifəsində olduğu kimidir.
Samir