«Erməni soyqırımı»nı Rusiya tanıyanda niyə üsyan etmirdiz?
Iyunun 2-də Almaniya parlamentində (Bundestaq) 1915-ci il olaylarının “soyqırımı” kimi tanınmasına dair qətnamə layihəsi səsverməyə çıxarıldı və Bundestaqın demək olar ki, bütün deputatları qətnamənin lehinə səs verdilər. Almaniyanın “erməni soyqırımı”nı tanıması cəmiyyətdə haqlı etiraza səbəb oldu və əsas müzakirə mövzusuna çevirildi. Əlbəttə, Almaniyanın “soyqırım”ı tanıması tarixi biabırçılıq idi, yanlış qərar idi və bununla barışmaq lazım deyil. Hər bir vicdanlı vətəndaş belə bir qərardan məyusdur və bunu böyük haqsızlıq hesab edir.
Amma bir həqiqət də var ki, bu qərarın verilməsində Türkiyənin xarici siyasətindəki axsamaların da payı var. Xatırladaq ki, Almaniya bundestaqı Azərbyacanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğalçı kimi tanıyan qətnamə də qəbul edib. Ona görə də Almaniya ilə müharibə aparmağa yox, diplomatik sahədə uğurlu iş aparmağa, məlum qərarın yanlış olduğunu sübut etməyə və Almaniyanı fakt qarşısında qoymağa ehtiyac var.
Amma toxunmaq istədiyimiz əsas məqam məlum hadisəyə Azərbaycan hakimiyyətinin reaksiyasıdır. Belə ki, Almaniya Bundestaqının qərarından sonra hökumət təmsilçiləri, özünü bitərəf kimi təqdim edənlər, hökumətin qazanından qidalananlar Almaniyaya hücuma keçdilər, Türkiyənin təəssübkeşinə çevrildilər. Çox istərdik ki, hökumətin bu canyananlığı, erməni xislətinə qarşı barışmazlığı, Türkiyə sevgisi səmimi və daimi olsun. Amma baş verənlərə nəzər salanda məlum olur ki, hökumət komandasının alovlu mövqeyi şəxsi açıqdan doğur. Əks halda Türkiyənin müdafiəsi, qondarma soyqırımını tanıyanlara nifrət həmişə özünü göstərərdi.
Məlumdur ki, Rusiya “erməni soyqırımı”nı Almaniyadan xeyli müddət əvvəl qəbul edib. Bugünlərdə isə Rusiya prezidenti “erməni soyqırımı” abidəsini ziyarət etdi, abidə önünə əklil qoydu. Bu gün Almaniyanın asıb-kəsənlər Rusiyaya qarşı niyə eyni aqressiyanı nümayiş etdirmir? Niyə “erməni soyqırımı”nı Almaniya tanıyanda düşmən, Rusiya tanıyanda isə dost olur?
Yaxud, bir müddət əvvəl Türkiyə sərhəddini pozmuş Rusiya təyyarəsi vuruldu və iki ölkə arasında ciddi gərginlik yaşandı. Niyə Azərbaycan hakimiyyəti Türkiyəni müdafiə etmədi? Əksinə, bəzi deputatlar Türkiyəni üzr istəməyə səslədilər. Hökumətin sözçüləri “Türkiyə qardaşımız, Rusiya dostumuzdu” mesajı verdilər. Ən yaxşı halda “biz təəssüf edirik” söylədilər. Yəni, özlərində cəsarət tapıb, qardaş Türkiyəni müdafiə edə bilmədilər.
Digər tərəfədən “erməni soyqırımı”nı tanıyan ölkələr arasında Vatikan da var. Amma bildiyimiz kimi Heydər Əliyev Fondu Vatikandakı bütün xarabalıqları, muzeyləri, kitabxanaları təmir etdirir, yenidən bərpa edir. Faktiki olaraq Azərbaycan hökuməti Vatikanda milyonlar xərcləyir, xeyriyyə işləri görür. “Erməni soyqırımı”nı Almaniyadan əvvəl tanımış Vatikana bu sevgi hardan qaynaqlanır? Niyə Vatikana qarşı da anti-təbliğat aparılmır, niyə qardaş Türkiyənin haqlı mövqeyinə haqsız qiymət verən ölkəyə milyonlar yatırılır? Kimsə bunun izahatını verə bilərmi?
Bir daha qeyd edirik ki, Almaniyanın qondarma soyqırımını tanımasına etiraz edilməli, bu qərar lənətlənməlidir. Amma bu missiyanı Azərbaycan hökuməti üzərinə götürəndə ikrah hissi yaranır. Yuxarıda göstərdiyimiz faktlar da göstərir ki, hökumətin Türkiyə sevgisi də şəxsi maraqlara bağlıdır.
Samir