Cəmil Həsənli yenidən Milli Şuranın sədri seçildi
Milli Şura iyunun 4-də özünün növbəti sessiyasını keçirib. Sessiyanın gündəliyinə ictimai-siyasi vəziyyətin müzakirəsi, təşkilati və cari məsələlər daxil olub.
Sessiyanı açıq elan edən Milli Şura sədri Cəmil Həsənli bu gün 4 iyun qiyamından 23 il keçdiyini xatırladıb və həmin hadisələrdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cəmil Həsənli daha sonra həbsdən azad olmuş Milli Şura üzvləri Leyla Yunusu və Tofiq Yaqublunu bu münasibətlə təbrik edib, onlara göstərdikləri fədəkarlığa görə Milli Şura adından təşəkkürünü çatdırıb.
Gündəlikdə duran məsələlərin baxılmasına təşkilati işlərdən başlanıb. Quruma yeni üzvlər qəbul olunub. İradə Nəriman və İlham Hüseynin Milli Şuranın üzvülüyünə namizədliyi irəli sürülüb. Hər iki şəxs səsvermə yolu ilə Milli Şuranın üzvü seçilib.
Milli Şurada yeni seçkilər
Bundan sonra Milli Şuraya sədr seçkisi və Şuranın Koordinasiya Mərkəzinin yenidən formalaşması müzakirəyə çıxarılıb. AXCP sədri Əli Kərimli Milli Şuranın sədrliyinə Cəmil Həsənlinin namizədliyini irəli sürüb. Əli Kərimlinin təklifini Milli Şuranın başqa üzvləri də dəstəkləyib. Gültəkin Hacıbəyli bildirib ki, Cəmil Həsənli bütövlükdə Azərbaycan xalqının ümid yerinə çevrilmiş bir xadimdir, onun Milli Şuraya sədr seçilməsini dəstəkləyir. Hacı Əmirulla, Rövşən Əhmədov və başqaları da Cəmil Həsənlinin namizədliyini müdafiə ediblər. Sonda təklif səsə qoyulub və Cəmil Həsənli yekdilliklə Milli Şuranın yenidən sədri seçilib.
Cəmil Həsənli Milli Şura üzvlərinə yenidən ona etimad göstərdikləri üçün təşəkkür edib: “Təşəkkür edirəm, dostlar. Sədr olsam da, olmasam da bu yolu getməliyik. Lakin bu sədlik mənim üzərimə əlavə məsuliyyət qoyur. Müxalif düşərgədə olmaq çox çətindir. Lakin bütün hallarda millətin iradəsini ifadə etmək lazımdır. Bu mübarizə davam edəcək. Rejimin amansızlığına baxmayaraq insanlar məhbəsdə də sınmır, mübarizələrini davam etdirir. Biz də bu yolu getməliyik, başqa yolumuz yoxdur”.
Sədr seçkisindən sonra Şuranın Koordinasiya Mərkəzinin yeni tərkibi seçilib. Rüstəm İbrahimbəyov, Kamil Vəli Nərimanoğlu, Leyla Yunus, Vahid Məhərrəmli, Rövşən Əhmədli, Tofiq Yaqublu, Eldəniz Quliyev, Əli Kərimli, Gözəl Bayramlı, Vidadi Mİrkamal, Nurədddin Mustafayev, Gültəkin Hacıbəyli, Şahvələd Çobanoğlu, Oqtay Güləliyev, Mehman Əliyev, Fuad Ağayev, Namizəd Səfərov, Rafiq Manaflı, İbrahim İbrahimli və Rahim Hacıyev yeni Koordinasiya Şurasna üzv seçiliblər.
“Ölkəni uçurumun qarşısına gətiriblər”
Bununla da təşkilati işlər başa çatıb və ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsinə başlanıb.
Milli Şura sədri Cəmil Həsənli deyib ki, ölkədə vəziyyət çox pisdir. İllərdir davam edən yarıtmaz siyasət ölkəni uçurumun qarşısında gətirib.
“Xüsusən də rayonlarda insanlar həyatın bütün ağırlıqları ilə üz-üzə dayanıb. İş yerlərinin ixtisarı, gəlirlərin azalması kütləvi sosial narazılığı qaçılmaz edib. Səhiyyə sahəsi elə bir vəziyyətə düşüb ki, hamı ölkədən kənara qaçır. Qarabağla bağlı aprel ayında baş verənlər Azərbaycan xalqının və ordusunun ruh yüksəkliyini göstərsə də, diplomatik sahədə bunu görə bilmədik. Xüsusən də Vyana danışıqlarında”, – deyə Cəmil Həsənli qeyd edib.
Milli Şura sədri bildirib ki, siyasi məhbuslarla bağlı həm beynəlxalq aləmlə, həm yerli ictimayyətlə xeyli iş görülüb. Artıq nəticələr də var.
Cəmil Həsənli ölkədə hüquq-mühafizə orqanlarının, məhkəmələrin siyasi hakimiyyətin əlində alətə çevrilməsini tənqid edib. “İlham Əliyev məhkəmə sistemini karikaturya döndərib. İnsanlar həm tutulanda, həm də azadlığa buraxılanda qanunsuzluqla üzləşir. Ölkədə polis rejimi yaranıb”, -deyə o bildirib.
“Xalqı sındıra bilmədilər”
Cəmil Həsənlidən sonra Koordinasiya Mərkəzini üzvü, AXCP sədri Əli Kərimli çıxış edib. O da çıxışına bu gün Azərbaycanda demokratik hökumətin qiyamla deviliyi gün olduğunu xatırlatmaqla başlayıb:
“Bu gün tarixi gündür. Milli hakimiyyətin qiyam yolu ilə devrildiyi gündür. 23 il əvvəl Azərbaycanın sürətlə demokrikləşməsini, Avropa ailəsinə sürətlə qoşulma perspektivini görüb narahat olan xarici və daxili qüvvələr bir araya gələrək, parlamentdə o qiyamın dövlət çevrilişi ilə başa çatmasına nail oldular. Heydər Əliyevin başçılığı ilə keçmiş kommunistlərin hakimiyyəti bərqərar oldu. Qısa müddətdə Heydər Əliyev həmin hakimiyyətin mahiyyətini dəyişərək sülalə hakimiyyətinə çevirdi. Artıq 23 ildir ölkə bir ailə tərəfindən idarə olunur. Bu illər ərzində Azərbaycanın siyasi sistemi dağıdıldı, demokratik təsisatları məhv edildi, mənəviyyatı tənəzül etdi, ölkənin iqtisadi sərvətləri talan olundu, bir çox böyük fürsətlərdən ölkəmiz mərhum olundu. Lakin bir təsəllimiz var ki, sovet işğalından sonrakı bu 23 illik yeni işğal da Azərbaycan xalqını sındıra bilmədi. Azərbaycan xalqı bu işğalla barışmadı, təslim olmadı, mübarizə davam edir və Azərbaycan xalqı hər zaman fürsət axtarır ki, böyük Məhəmmədəmin Rəsulzadənin və Əbülfəz Elçibəyin yarımçıq qalmış yolunu davam etdirsin. Mən inanıram ki, apardığımız mübarizə uğur qazanacaq və Azərbaycan yenidən demokratiya, ədalət yoluna çıxacaq”.
Qarabağ problemi hər iki ölkədəki avtoritar rejimə sərf edir
Əli Kərimli çıxışında aprelin əvvəllərində Qarabağda yaşanan döyüşlərə də toxunub: “Qarabağ döyüşlərində məlum oldu ki, Azərbaycan rəhbərliyinin torpaqları azad etməyə siyasi iradəsi, Ermənistanın isə yeni torpaq işğal etməyə gücü yoxdur. Nə çıxır ortalığa? Status-kvo qalacaq.
Bizi rejim nə qədər zəiflətsə də, yenə Azərbaycan əsgərinin şücaəti önəmlidi. Döyüşlər zamanı aydın oldu ki, əsgərlərimizin əzmi, şücaəti yerindədir. Biz bu torpaqları azad etmək gücündəyik. Bəs onda bu gərginlik niyə saxlanılır? Problemin indi həll olunmaması daha çox onunla bağlıdır ki, gərginliyin qalması həm Azərbaycandakı, həm də Ermənistandakı avtoritar rejimlərə sərf edir. Hər iki ölkəni nəzarətində saxlamaq istəyən Rusiyanın avtoritar hakimiyyətini qane edir”.
“Ölkəni borc bataqlığına salıblar”
AXCP sədri çıxışını ölkədə sosial-iqtisadi vəziyyətin ağırlığından danışmaqla davam etdirib: “Özlərini elə aparırlar ki, sanki ölkədə sosial-iqtisadi vəziyyət qaydasındadır. Ilham Əliyevin həqiqətə uyğun olmayan sözlərinə fikir verməyin. Büdcə kiçilir, Ümumi Daxili Məhsul azalır, maliyyə ehtiyatlarımız tükənir. Böhran davam edir və edəcək. Hökumət heç bir ciddi addım atmır. Korrupsiya piramidası əvvəlkitək inkişaf edir, rəqabətsiz mühit, mülkiyyət hüququna qəsd, ölkədən kapital axını davam etməkdədir.ÿSon dörd ayda qeyri-neft sektoruna investitsiya qoyuluşu 73 faiz azalıb. Hanı, bəs bunlar kənd təsərrüfatını inkişaf etdirirdi? Bir statistika deyim, keçən ilin ilk dörd ayında bu sahəyə 170 milyon dollar vəsait qoyulmuşdusa, bu il həmin rəqəm 40 milyon dollar təşkil edir.
Hökumətin sosial-iqtisadi vəziyyətdən çıxmasının əsasən üç istiqaməti var:
1. Imitasiya etmək – vaxtaşırı bir-birinə zidd və bəzən də ləğv olunan fərman və sərəncamlar vermək – onların da əksəriyyətinin praktik əhəmiyyəti olmur;
2. Qarabağ problemindən sui-istifadə edərək xalqı gündəlik qayğılarından uzaqlaşdırmağa cəhd;
3. Borclanma. Bu gün Azərbaycan dövlətinin artıq istifadə etdiyi borcun məbləği 7 milyarddı, imzaladığı borcun miqdarı isə 10 milyardı keçib. Bu təkcə dövlət borclarıdır. Dövlətin zəmanəti ilə ayrı-ayrı şirkətlərə alınan külli miqdarda borclar da var. Neftdən gələn 100 milyarddan artıq gəlir məhv edildi. Indi ölkənin nə qədər borc almaq imkanları varsa, ondan da istifadə etmək istəyirlər. Ölkəni borc batağlıqına salıb getmək istəyirlər”.
“Bu hakimiyyəti artıq müdafiə edən yoxdur”
AXCP sədri qeyd edib ki, vəziyyət bu qədər pisləşəndən sonra ümid azadlığın gətirəcəyi üstünlüklərdən istifadə etməyə qalır. Amma siyasi rejim bu istiqamətdə də vəziyyəti ağırlaşdırır. Əli Kərimli bu xüsusda siyasi məhbus probleminə diqqət çəkib. Xatırladıb ki, beynəlxalq təşkilatların və demokratik qüvvələrin səyləri nəticəsində siyasi məhbuslardan bir neçə nəfəri azad etdirmək mümkün olub, lakin çox təəssüf, ölkədə hələ də 80 nəfərdən artıq siyasi məhbus qalır: “Biz bu gün də Xalq Cəbhəsinin üzvlərinə, NIDA-çılara, yazarlara, inanclı kəsimə, Azərbaycan gəncliyinə düşmənçiliyin davam etdiyini görürük”.
AXCP lideri bildirib ki, demokratik qüvvələrə qarşı illərdir davam edən repressiya və basqı siyasəti məğlub durumdadır, hakimiyyət ictimai rəydə uduzur: “On illərdir davam edən mənəvi terrora, basqılara baxmayaraq, Azərbaycan hakimiyyyəti ictimai rəydə alternativinə uduzur. Bunu görməmək mümkün deyil. Deməli, Azərbaycan xalqını, ictimai rəyi aldada bilməyiblər.ÿBu hakimiyyəti artıq müdafiə edən yoxdur. Azərbaycan gəncliyinin içində hökumətin heç bir dayağı yoxdur. Yalnız keçmiş nəsildən qalma, korrupsiyalaşmış sistemin sabahı ola bilməz”.
Azərbaycan iqtisadiyyatında böhran
Müzakirələr Milli Şura üzvlərinin çıxışları ilə davam edib.
Professor Nurəddin Məmmədli çıxışında hakimiyyətin beynəlxaq dəstəkdən mərhum edilməsinə toxunub: “Vaxtilə hakimiyyətə neftin hesabına müəyyən dəstəklər vardı. Artıq bu imkanlar itirilib. Bunu hiss edən bir çoxları bunların ən öndə gedən siyasiləri ilə bir masa arxasında oturmaqdan belə çəkinirlər”.
İqtisadiyyat üzrə fəlsəfə doktoru Nemət Əliyev bəzi statistik göstəriciləri Milli Şura üzvlərinin nəzərinə çatdırıb: “2015-ci ildə Ümumi Daxili Məhsulumuz 22 milyard dollar azalıb. Bu, 40 faiz azalma deməkdir. Iqtisadi strukturlar kifayət qədər maliyyə gəlirlərinə sahib olmalıdırlar ki, növbəti mərhələdə onu dövriyyəyə buraxmaqla artmaqda olan ehtiyacları ödəmək qarşılığında öz işlərini sağlam əsasa gətirməlidilər. Lakin bu imkanlar əldən verilib. 2016-cı ilin ilk 4 ayı ərzində Ümumi Daxili Məhsulda 6 milyard dollar azalma var. Bu da çox böyük itkidir. Bütün istehsal sahələrində tənəzzül dövrü yaşanır. Böyük neft pullarının ölkəyə daxil olduğu vaxtlarda xidmət sahələrinə çoxlu vəsaitlər ayrılırdı. Indi həmin sahəyə ayrılmalar 84 faiz azalıb və xidmət sektoruna pul qoyuluşunun ümumi yatırımlardakı payı 9 faizdir. Halbuki, 2013-cü ildə bu pay 50 faiz səviyəsində idi”.
“Ona görə buradayam ki…”
Müsavat başqanının müavini, keçmiş vicdan məhbusu Tofiq Yaqublu müxalifətin təşkilanlanması və genişləndirilməsi məsələsindən danışıb: “Mən Müsavat partiyasının Milli Şuradan çıxmasını düzgün addım saymamışam və ona görə də bu gün buradayam. Amma bəzilərinin də ”Müsavat partiyası satılıb, o artıq müxalifət missiyasını yerinə yetirmir” kimi ifadələri ilə heç cür razılaşmıram. Bu bir səhv qərar idi. Müsavat Partiyasının hakimiyyətə qulluq etməsi mümkün deyil. Odur ki, həmin qüvvələrin hansı yollasa yenə bizimlə bir yerdə olmasına nail olmalıyıq”.
Hüquqşünas Fəxrəddin Mehdiyev cəmiyyətdə baş verən neqativ hallara görə ailələrin dağıldığını vurğulayaraq qeyd edib ki, artıq bu göstəricilər 30 faizə çatıb, bu da həyəcan təbili çalmağa əsas verir. Fəxrəddin Mehdiyev bu istiqamətdə ictimai müzakirələrin təşkilinin vacibliyini qeyd edib.
İqtisadi böhrandan çıxış yolu
Iqtisadçı alim Vahid Məhərrəmli Azərbaycanda hazırkı durumu birmənalı böhran adlandırıb: “Ilham Əliyevin, hökumət nümayəndələrinin nə deməsindən asılı olmayaraq, iqtisadiyyatda böhran vəziyyəti yaranıb. Iqtisadi geriləmə, istehsal müəsissələrinin, ticarət obyektlərinin, xidmət sahələrinin bağlanması, işsizlərin sayının artması, ölkəyə daxil olan valyutanın azalması, neft gəlirlərinin azalması ölkədə böhranın mövcudluğunun əsaslarını yaradır. Böhrandan çıxış yolu da var. Böhran əslində, yeni imkan deməkdir. Bunun üçün bütün resursları səfərbər edib yalnız real sektora investisiyalar qoyulmalıdır”.
Fəlsəfə elmləri doktoru Əli Abbasov Milli Şuranın qeydiyyata alınması üçün səylər göstərilməsinin zəruri olduğunu deyib. Qeyd edib ki, qeydiyyat məsələsi həll olunarsa, Milli Şuranın fəaliyyəti daha səmərəli olacaq. Həmçinin Milli Şuranın vətəndaşların daha böyük dəstəyini qazanması üçün ölkədə mövcud olan başlıca problemlərlə bağlı konsepsiya və proqramlar hazırlanıb cəmiyyətə təqdim etməyin vacibliyini vurğulayıb.