Fəxrəddin Mehdiyev: «Elnur Seyidov Əli Kərimlinin qayını olduğu üçün 5-ci ildir ki, siyasi girov olaraq həbsdə saxlanılır»
Bir müddət əvvəl keçmiş MTN “Texnikabank”la bağlı əməliyyat keçirərək xeyli sayda bankiri həbs elədi. Onların bir qismi, o cümlədən bankın rəhbəri Etibar Əliyev azadlığa buraxıldı, qalanına Bakı Ağır Cinayətlər Məhkəməsində ağır cəzalar verildi. Sonrakı mərhələlərdə cəzalar yüngülləşdirildi və bu iş üzrə həbs olunanlardan biri istisna olmaqla, digərləri azad olundu. Həbsdə qalan həmin o bir nəfər də AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovdur. Vəkil Fəxrəddin Mehdiyevlə söhbətimizdə Elnur Seyidovun hələ də həbsdə saxlanılmasının səbəbləri, ümumiyyətlə, “Texnikabank” ətrafında baş verənlər haqda danışdıq:
– Uzun müddətdir ki, Elnur Seyidov barədə heç bir məlumat yoxdur. Onunla bağlı vəziyyət nə yerdədir?
– Mətbuatda Elnur Seyidovla bağlı yazıların getməməsi onun öz mövqeyilə bağlıdır, özü istəmir. Elnur Seyidov ümumiyyətlə, ictimai-siyasi həyatdan kənar şəxsdir. Təəssüf ki, heç bir cinayət törətməmiş, heç bir siyasi prosesdə iştirak etməmiş bu şəxs ağır xəstə olmasına baxmayaraq, yalnız Əli Kərimlinin qaynı olduğu üçün 5-ci ildir ki, siyasi girov olaraq həbsdə saxlanılır.
– “Texnikabank” işi üzrə həbs olunanlardan kimlər həbsdədir? Ümumiyyətlə, “Texnikabank” ətrafında vəziyyət necədir?
– 2012-ci ildə keçmiş MTN tərəfindən Etibar Əliyev başda olmaqla, bankın 25 nəfər işçisinə qarşı cinayət işi başlanmışdı. Onlara qarşı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma, dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, sənədləri saxtalaşdırma kimi ittihamlar irəli sürülmüşdü. Həmin ittihamlar əvvəlcədən qərəzli idi. Bankı sıradan çıxarmaq üçün mülki xarakterli məsələlər cinayət müstəvisnə keçirilmiş, bu qədər şəxsə qarşı əsassız olaraq cinayət təqibinə yol verilmişdi. “Texnikabank” iqtisadi, xidmət, infrastruktur göstəricilərinə görə bank sferasında yaxşı mövqeyi ilə seçilən banklardan olub.
Konkret olaraq, Elnur Seyidovun müdir müavini işlədiyi Yasamal filialına gəlincə, bu filial ümumiyyətlə, nümunəvi olub. Istintaqın qərarı ilə filialın maliyyə-kredit fəaliyyəti Beynəlxalq Audit tərəfindən bütün illər və parametrlər üzrə yoxlanılıb və yekun aktda Yasamal filialının fəaliyyəti yüksək qiymətləndirilib. Çox təəssüf ki, istintaqa təqdim olunmuş həmin akt qərəzli olaraq nəzərə alınmadı.
Bütövlükdə, Texnikabankın işi üzrə 25 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdi. Onların bir qismi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7-8 il azadlıqdan məhrum edildilər, bir qisminə də şərti cəza verildi. Bankın rəhbəri, guya mütəşəkkil dəstənin başçısı kimi təqdim olunan Etibar Əliyevə də 8 il şərti cəza verildi. Yəni o da azadlığa buraxıldı. Sonradan Etibar Əliyev yenidən “Texnikabank”ın rəhbərliyinə qaytarıldı, bank müflis olana qədər orada işlədi. Beləliklə, bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilən 25 nəfərdən yalnız Elnur Seyidov həbsdədir. Təkrar edirəm, biz həmin şəxslərə qarşı da cinayət təqibini əsassız hesab etmişik.
“Texnikabank” işini aparanların bir çoxunun özü həbsdədir”
– Konkret olaraq, Elnur Seyidova qarşı irəli sürülən ittihamlar nədən ibarət idi?
– Elnur Seyidov 27 mart 2012-ci ildə həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsilə ittiham irəli sürülmüşdü. Sonradan ittihamın həcmi genişləndirildi və vəzifə səlahiyyətlərini aşma, mənimsəmə, vəzifə saxtakarlığı, sənədləri saxtalaşdırma kimi yeni ittihamlar elan olundu. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktabr 2013-cü il tarixli hökmü ilə ona 7 il 6 ay həbs cəzası verildi. Apellyasiya məhkəməsi də hökmü dəyişdirmədən qüvvədə saxladı. Ali Məhkəmə isə 19 yanvar 2015-ci il tarixli qərarı ilə vəzifə saxtakarlığı və sənədləri saxtalaşdırma ittihamlarını çıxarsa da, cəzanı cəmi 3 ay azaltdı. Elnur Seyidov hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
Elnur Seyidova qarşı ittihamlar o qədər saxta, uydurmadır ki, hətta hüquqi savadı olmayan adamlarda da təəccüb doğurur. Guya Elnur Seyidovun müdir müavini olduğu Yasamal filialında Namiq Xəlilov adlı müştəriyə “Texnikabank”ın Baş ofisinin razılığı olmadan 148 min manat məbləğində kredit verilməklə mənimsənilib. Işin təəccüblü tərəfi odur ki, Elnur Seyidov həbs olunana qədər həmin kredit məbləğinin 90 faizi – 137 min manatı ödənilmişdi. Yəni 3 illik verilmiş kredit vaxtından əvvəl əsas borc və faiz borcu da daxil olmaqla, tam ödənilmişdi. Namiq Xəlilov özü də məhkəmədə ifadə verərək, həmin kredit müqaviləsindəki məbləği aldığını və ödədiyini bildirdi. Kredit müqaviləsini Namiq Xəlilov və filialın müdiri Cəfərli imzalamışdı.
“Texnikabank”ın rəhbəri də dəfələrlə istintaqa və məhkəməyə rəsmi məktubla müraciət edərək, Elnur Seyidova qarşı hər hansı tələb və iddiasının olmadığını bildirmişdi. Həmçinin göstərmişdi ki, bank həmin kredit məbləğindən gəlir əldə edib. Beləliklə, ittiham maddi zərərlə bağlı olsa da, əslində işdə maddi zərər yoxdur, zərərçəkən də yoxdur.
Digər ittihamlar da analoji qaydadadır.
“Dağınıq skleroz xəstəliyi olan şəxsə həbs verilməyə bilərdi”
– Məlumata görə, Elnur Seyidovun səhhətində ciddi problemlər var. Hazırda vəziyyəti necədir?
– Elnur Seyidov uzun illərdir ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Bərpa Institutunun 5 aprel 2012-ci il tarixli 38 nömrəli, Bakı Istintaq Təcridxanasının 1 aprel 2014-cü il tarixli, Penitensiar Xidmətin 17 oktyabr 2014-cü il tarixli arayışlarından görünür ki, Elnur Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir və xəstəlik kəskinləşməkdə davam edir. Ağır xəstəliyi ilə əlaqədar Elnur Seyidov ciddi müalicəyə möhtacdır. O, cəzaçəkmə müəsisəsində belə bir müalicə almaq imkanından məhrumdur. Xəstəliyi ilə əlaqədar 15 may 2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə ona ömrlük ikinci qrup əlillik müəyyən edilib.
“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunun 9.5-ci maddəsinə görə, bu xəstəlikdən əziyyət çəkən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar təyin oluna bilər.
Ağır, xroniki xəstəliyilə əlaqədar onun cəzadan azad edilməsi üçün 18 oktyabr 2015-ci ildə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişik. Iş məhkəmənin icraatındadır. Məhkəmənin qərarı ilə ekspertiza təyin edilib, lakin uzun müddət keçməsinə baxmayaraq, ekspertizanın rəyi hazır deyil.
– Elnur Seyidovun müdafiəsi üçün hansı vasitələrdən istifadə etməyi nəzərdə tutursunuz?
– Elnur Seyidovun müdafiəsi ilə bağlı ölkədaxili məhkəmə müdafiə vasitələri tükənib. Ali Məhkəmənin qərarından sonra Konstitusiya Məhkəməsinə müraciət etmişdik, lakin işi icraata qəbul etmədilər. Ölkənin tanınmış hüquq müdafiəçiləri Elnur Seyidovla bağlı dəfələrlə Əfv Komissiyasına müraciət ediblər. Təəssüf ki, müraciətlər baxılmamış qalıb.
Avropa Məhkəməsində Elnur Seyidovla bağlı iki iş var
– Bu iş üzrə Avropa Məhkəməsinə şikayət göndərmisinizmi?
– Bəli, həm Elnur Seyidov barəsində verilmiş həbs qərarı, həm də məhkəmə araşdırmasının nəticəsindən beynəlxalq məhkəməyə şikayətlər göndərmişik.
– Son zamanlar gözlənilmədən bəzi siyasi məhbuslar azad olunur. Bu yaranmış yeni situasiya Elnur Seyidova da şamil edilə bilərmi?
– Yeni yaranmış situasiya ilə bağlı Baş Prokurorluq Ali Məhkəmənin Plenumuna da müraciət edə bilər. Artıq belə praktikalar mövcuddur. Məsələn, Intiqam Əliyevin işində olduğu kimi. Yeni situasiya deyiləndə qeyd etdiyim amillər nəzərə alına bilər. Həmin iş üzrə cinayət məsuliyyətinə cəlb edilən 25 nəfərdən yalnız Elnur Seyidov barəsində azadlıqdan məhrumetmə cəzası qalır. Bundan başqa, MTN-də ciddi qanunsuzluqlara yol verdiyinə görə bu qurumun istintaq idarəsinin rəhbəri vəzifəsindən azad edilib. “Texnikabank” işi üzrə istintaq qrupunun rəhbəri cinayət məsuliyyətinə cəlb edilməklə, həbs olunub. Elnur Seyidov qeyd etdiyim kimi, ağır, xroniki xəstədir. Cəzaçəkmə müəssəsində müalicə almaq imkanından məhrumdur. Bütün bu amilləri nəzərə alaraq heç olmasa, onun barəsində də cəza şərti tətbiq edilməklə azad oluna bilər.
Məhkəmə-tibb ekspertizası obyektiv rəy versə, o, xəstəliyi ilə əlaqədar da cəzadan azad oluna bilər.
Bu variantlar üzərində işləyirik və çalışırıq ki, bu günahsiz insan nəhayət ki, azadlığa qovuşsun.
Təzəxan Mirələmli