Azərbaycanda müharibə başladığını aprelin 2-si “Sınıq Körpü” adlanan gömrük-keçid məntəqəsində eşitdim. Heç şübhəsiz, Əliyevlər hakimiyyəti dövründə 23 il gizli gedən müharibə, bir 23 il də açıq-aşkar davam edəcək. Gizli müharibə ilə aşkar müharibənin fərqi ondan ibarət olacaq ki, əvvəllər düşmən gülləsindən ölənlərə “intihar etdi” deyirdilər, bundan sonra “şəhid oldu” deyəcəklər…
Adamların “müharibə başlayıb, itkilərimiz var…” kədər, həyəcan dolu xəbərlərinə gömrük əməkdaşlarının – çamadanı aç, ciblərini boşalt…” həyasız əmrləri qarışmışdı. Bir az aralıda böyük cüssəli, 35-40 yaşlı nəhəng bir kişiyə boyu qarnının ölçüsü boyda olan gömrükçü “qayda-qanun” dərsi keçirdi. Yükü uşaq bezləri, yuyucu vasitələr olan nəhəng kişi çarəsizlikdən büzüşüb yumaq boyda olmuşdu, balacaboy isə “heydərizm qazı” ilə doldurulduğu üçün hava şarı kimi şişib böyüyürdü. Əl-ayağı əsən yaşlı bir kişini isə yarım kisə kartof üçün incidirdilər, sanki qoca kişi kartoflardan “kasetli mərmi” düzəldəcəkdi. Vallah, heç müharibə filmlərində elə ağır səhnə görməmişdim: üzü danlanan yaşlı kişi kartof kisəsini ehtiyatla, əzizləyə-əzizləyə kənara qoydu, elə bil ürəyi də kisədə idi. Harın gömrükçü kartof kisəsinə hirslə təpik vuranda qoca dəhşətlə zarıdı, sanki kisədə ürəyi partladı. Hardasa 23 ildir, ölkənin ən şərəfsiz, ən namərd məxluqlarını gömrüyə rüşvət almaq, evlərinə, sahiblərinə çamadanla pul aparmaq üçün, Azərbaycanın ən mərd, ləyaqətli oğullarını isə sərhədə Vətəni qorumaq, ailələrinə tabutlarını yollamaq üçün toplayırlar. Bir dəfə yazmışam, yenə də təkrar edirəm: Ilham Əliyev bizi basdırmaq üçün bu ölkədə KIŞI qoymadı!
Pərakəndə halda qarşıma çıxan şərəfsiz, namərd kişilər çox olub, amma üç-dörd ay əvvəl “SDK” gömrük postunda onları “topdan” gördüm. Fevral ayında Stavropolda yaşayan qohumlarımızın yanından qayıdırdıq: nehrə yağından tutmuş təndir çörəyinə kimi bizə pay qoymuşdular. Neyləsinlər, bilirlər ki, Azərbaycanda çörəyin üstünə yaxmaq üçün nəinki nehrə yağı, heç şor da tapmaq mümkün deyil. Ölkəni tərk edənlər dünyanın hər yerində balaca bir Azərbaycan yarada biliblər, amma Azərbaycanı idarə edənlər hər yeri insanlara qürbət edib, Vətəndə Vətən üçün darıxırıq.
Rusiyadakı qohumların bizə ən çox qoyduqları pay qoz idi. “SDK” gömrüyündə yükümüzü çəkdilər və dedilər ki, prezidentin fərmanı var, hər adama ayda 10 kilo ərzaq icazəsi var, sizin yükünüz isə 9 kiloqram artıq gəlir. Uzun sözün qısası, Azərbaycanın “topdan namərdlər”i 9 kilo qozu otuz gün anbarda saxlamaq üçün akt tərtib etdilər. Gömrük əməkdaşları ilə başlanan “qoz-qoz oyunu”nu davam etmək üçün düz otuz gündən sonra “SDK” gömrük postuna getdim. Gözlədiyim kimi “bəhanələr” başladı: “bu gün bazar günüdür, anbar işləmir”, “anbar saat on ikidə açılır”, “skladçik gəlməyib” və s. Nəhayət, bir neçə yekəqarın paqonlunun qəbulundan, qorxulu sərhəd itləri ilə tanışlıqdan sonra anbara girib qozları götürməyə icazə verdilər. Kaş heç icazə verməyəydilər. Ilahi, o müvəqqəti saxlanc anbarı deyildi, o AZƏRBAYCANIN ƏBƏDI FACIƏ, QƏM-KƏDƏR MUZEYI idi. Ora müharibə vaxtı əsirlərin əşyalarının toplandığı yerə bənzəyirdi. Kitablarda oxuduğum, filmlərdə gördüyüm ən ağır səhnələrdən də dəhşətli idi. Anbarın ortasında dəhşət içində donub qalmışdım. Bütün mallar qara torbalarda idi, amma yerə süzülən yağdan, ətrafa dağılan şəkər tozundan, qənddən, konfetdən, siqaretdən… torbalarda nə olduğunu anlamaq elə də çətin deyildi. Çəkisi iki yüz kilodan çox olan anbardar yerimdən tərpənmədiyimi görüb əsəbiləşdi və əmr etdi ki, qozlarımı axtarıb tapım. Qohumların qoz torbasına bağladıqları qırmızı corab ipi qara anbarda qanı dayanmayan damar kimi titrəyirdi…