2010-cu ildə baş verən Kür daşqınları zamanı 400 milyon manatdan artıq büdcə vəsaiti xərcləndi. Necə xərcləndiyi ilə bağlı nəsə yazmaq artıqdır. Bəlkə, 400 milyon manat büdcədən silindi də yazmaq olardı. Onda “Açıq Hökumət…”lə bağlı sərəncam-zad yox idi. Həm də neft pullarının fontan vuran çağlarıydı. Hökumətdəkilərin, onların süfrəsinin qırıntılarından dolananların başı bərk qarışmışdı. Birdən-birə pul axınına düşmüşdülər, etiraf edək, çoxları bu halda başını itirir. Ondan dəfələrlə az məbləğ qarşısında ətrafımızda neçələrinin haldan-hala düşdüyünü görmüşük.
O çağlarda biz də Kür daşqınlarından ziyan çəkənlərə dəstək olmaq istəyilə, vətəndaş cəmiyyəti fəalları olaraq, tez-tez Sabirabada gedirdik. Əlimizdən gələn köməyi əsirgəmirdik, çalışırdıq ki, daşqınlardan ziyan çəkənlərə dövlətdən ayrılan pullar mənimsənilməsin, vətəndaşlara çatsın. Eyni zamanda vətəndaşların özlərini də fəal olmağa, haqlarını tələb etməyə səsləyirdik. Onda bir neçə yazı da yazmışdım. Hələ üstəlik, Nazirlər Kabinetinə informasiya sorğusu da göndərmişdim. Bir çox suallarıma cavab istəmişdim. Onlardan biri Kür daşqınlarıyla bağlı görüləcək işlərin tendersiz-filansız “Qaraçay” şirkətinə verilməsi haqdaydı. Aradan 6 il keçsə də Nazirlər Kabineti sorğuma hələ də cavab verməyib. Mənə elə gəlir ki, sorğunun cavabsız qalmasının bir səbəbi də Hökumətin onda qapalı olmasındaydı. Pul olan yerdə nə açıqlıq?! Sel kimi axan milyonlar qarşısında heç xaricilər, beynəlxalq təşkilatlar da duruş gətirə bilmirdilər. Təsadüfi deyil ki, jurnalistlərin və jurnalistikanın da alğı-satqısı bu illərdə oldu…
“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 aprel sərəncamı ümidlərimi xeyli artırıb. Ümidlənməyimin bir səbəbi də ölkəyə axan neft milyonlarının azalmasıdır. Düşünürəm ki, elə sərəncamın verilməsinə də qara qızılın qiymətdən düşməsi səbəb olub. Alan alıb, satan satıb. Indi vicdanla işləməyin zamanı gəlib. Korrupsiyaya qarşı mübarizənin də əvvəlki illərdən fərqli aparılacağına şübhəm yoxdur. Bu mübarizədə Hökumətə (Açıq Hökumətə) yardımçı olanlar artıb. Bəzi jurnalistlər apardıqları araşdırmallarla dəstək verirlər. Jurnalist Araşdırmaları Şəbəkəsi də öz töhfəsini verir. Bu yaxınlarda açıqlanan “Panama sənədləri” isə “burcutmağa” (ifadə mənlik deyil, yapçı Tağı Əhmədova məxsusdur) yer qoymur. Sərəncamda isə konkret tapşırıq var, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlarını təqdim etsinlər”.
Bu il dekabrın 30-dan sonra maraqlı açıqlamaların şahidi olacağıq. Ancaq ona qədər işləmək gərəkdir, hər kəs layiqli vətəndaş olaraq bildiklərini hökumətə (Açıq Hökumətə) çatdırmalıdır. Məsələn, Ilham Əliyevin şirkətləri, Ramiz Mehdiyevin zavodları, Kəmaləddin Heydərovun holdinqləri, Ramil Usubovun şadlıq evləri və restoranları, Ziya Məmmədovun zavod və fabrikləri (istəyirsiz Ziya məsələsində tələsməyin, bəlkə, dekabra qədər özləri hər şeyi həll etdilər), Fazil Məmmədovun, Zakir Qaralovun, Elman Rüstəmovun, Oqtay Əsədovun, Fuad Ələsgərovun, Əli Həsənovların, başqa nazirlərin, icra başçılarının ticarət obyektləri barədə informasiyalarınızı əsirgəməyin…
Biz özümüzü icma üzvü kimi aparmalıyıq. Yerlərdə icmalar dövlətdən, yaxud donor təşkilatdan hər hansı işi görmək üçün yardım alanda şərt qoyulur ki, icmanın da bu işə töhfəsi olsun. Bu, simvolik məbləğ də ola bilər, ancaq olmalıdır. Biz də Korrupsiyaya qarşı mübarizədə Hökumətə (Açıq Hökumətə) töhfəmizi verməliyik, icma olaraq…