Müzəffər Baxışov: «Bu artıq konkret şəkildə şəxsiyyət əleyhinə cinayətlərə təhrik etmək deməkdir»
Ağcabədinin icra başçısı Şahin Məmmədov martın 9-da rayonun Şənlik kəndində əhali ilə görüşərkən məmura yaraşmayan ifadələr işlədib. Şahin Məmmədov kənd əhalisinə deyir ki, onlara içməli su və təmir olunmuş yol lazımdır: “Kimin nəyinə lazımdır ki, hansısa işə nə qədər pul ayrıldığını öyrənməyə cəhd etsin. Bu pullar kiminsə dədəsinin deyil ki, narahat olsunlar. Əgər mən bu pullara tamah salmıramsa, siz niyə tamah salırsınız?”
Daha sonra Şahin Məmmədov əhaliyə deyib ki, bura gəlib işləmək istəyən təşkilatlar yazı-pozudan qorxur. Əgər bir də bu kənddən kimsə, hansısa şikayət dolu yazını mətbuata ötürsə, onu əhali yığışaraq daş-qalaq etsin.
Maraqlıdır, icra başçısının daş-qalaq təklifi qanuna uyğundurmu?
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, səslənən ifadələr qətiyyən bir məmura, rayona rəhbərlik edən şəxsə yaraşmır. Hüquqşünasın sözlərinə görə, kəndlərin yol təmiri və ya su çəkilişi ilə bağlı şikayət ərizələri yazmaq vətəndaşların hüququdur. Kənd camaatının belə məsələlərə dövlət büdcəsindən nə qədər vəsait ayrıldığı və xərcləndiyi barədə də məlumatı olmalıdır: “Kənd camaatının problemlərin həll olunmadığı barədə yazdığı şikayət məktublarının hüquq-mühafizə orqanlarına çatdırılması tam qanunauyğun haldır və bəyənilməlidir. Icra başçısı mənimsəmə faktları barədə şikayət yazanların daş-qalaq edilməsini təklif edirsə, bu artıq konkret şəkildə şəxsiyyət əleyhinə cinayətlərə təhrik etmək deməkdir”.
Müzəffər Baxışov qeyd edir ki, daş-qalaq edilən şəxsə xəsarət yetirilərsə, təhrikə görə icra başçısı məsuliyyətə cəlb oluna bilər: “Daş-qalaq edilən şəxslər yüngül xəsarət alarsa, bu, Cinayət Məcəlləsinin 128-ci, az ağır xəsarət alarsa, 127-ci, ağır xəsarət alarsa, 126.1 maddəsinə tövsif oluna bilər. Ümumiyyətlə, icra başçısı belə təhriklərə görə məsuliyyətə cəlb olunmalıdır”.
Nigar