Ölkədə yanvardan bəri 57 nəfər özünə qəsd edib…
Ölkənin taleyüklü problemlərinin bəlkə də ən ağırı intiharlarla bağlı olan məsələdir. Statistika aparmadan da Azərbaycanda intihar hallarının hər keçən ay daha da artdığını görmək olur. Yanvarın əvvəlindən bəri ölkədə azı 57 nəfər intihar edib və ya buna cəhd göstərib. Onlardan da 20 nəfəri banka borcu olduğuna, maddi çətinliklərə görə canına qəsd edib.
Analitiklər intiharı insanın affekt halı kimi xarakterizə edir və ona müəyyən mənada haqq qazandırırlar. Fəqət, hər bir insan intiharın ən azı günah olduğunu düşünməli və nə olur-olsun, özünü bu həddə çatdırmamalıdır. Intiharların artan siyahısı bizi şablon kimi çıxsa da, həyəcan təbilini daha ucadan çalmağa vadar edir. Tanrının verdiyi ömrü hansısa bank borcuna, psixoloci zəifliyə, ağır xəstəliyə, sosial-iqtisadi çətinliyə, bəzən qarşılıqsız məhəbbətə görə yarıda qoymağın özü ən böyük günahdır.
Intihar asan iş deyil. Intihar təkcə bir ailənin deyil, bütöv bir nəslin-kökün gözüyaşlı qalması və həyatının qaralması deməkdir. Intihar onu seçən şəxs üçün bəlkə də qayğılardan qurtulmağın yeganə yoludur. Amma yol nə qədər qısa olsa da, ona gedilməməlidir.
Intiharların bu qədər artan statistikasında dövlətin hansısa bir əməli iş gördüyü, insanları maarifləndirməyə yönəlik tədbirlər keçirməsi faktına təəssüf ki, rast gəlməmişik. Mətbuatın yazmasından savayı, hansısa nazirliyin, qurum və ya adi bir idarənin gündəliyə intiharlarla bağlı bir tədbir salması da kimsəyə tanış mənzərə deyil. Statistikanı təqdim etməklə iş bitmir. Statistikanın arxasında real insanlar, talelər dayanır. Insan həyatı neçə hektardan nə qədər taxıl götürülməsi, ərazilərə nə qədər yağıntı düşməsi, ilin məhsuldar və ya əksinə gəlməsi demək deyil. Bütün sadalananların başında insan faktoru dayanmalıdır. Bəlkə də ictimai təpki olsa və yaxud qarşılayıcı tədbirlərlə bu məsələnin üstünə gedilsə, intiharların sayı da azalar.
Inkişaf etmiş ölkələrin insanları ya xoşbəxtlikdən, ya da qayğısızlıqdan intihar edir. Biz isə qayğılardan, bank borcundan, xəstəlikdən, insan kimi yaşaya bilməməkdən, aşağılanmaqdan intihar edirik. Intihar hər iki halda, bağışlanmazdır. Bəlkə özümüzü ulu babalarımızın yerinə qoyub bu qədər zəifləmədiyimizə inandıraq?! Borcu da qaytarmaq olur, sağalmaq da mümkündür. Mümkün olmayan tək şey ölümdür ki, onu əlimizlə özümüzə yaxınlaşdırırıq. Biz hər bir halda, həyata şüurlu baxmalıyıq. Çətin də olsa, hər bir ailənin sığortalanmadığı “Intihara son!” deyə biləcək qədər mətin xalqıq. Mənəvi cəhətdən özümüzü elə böyüdək ki, əlimiz fiziki cismimizi məhv etməyə qalxmasın.
Sosial şöbə