«Avtoritar hakimiyyət Xədicəni qorxutmağa çalışsa da, o, şantaja baş əymədi…»
Almaniyanın ən çoxtirajlı qəzeti olan “Bild” Azərbaycanda həbsdə olan araşdırmaçı jurnalist Xədicə Ismayılova haqda geniş məqalə hazırlayıb. Gündəlik 2 milyon 500 min tirajla nəşr olunan qəzetin “Amal Kluni bu jurnalistə görə niyə mübarizə aparır?” başlığıyla yayımladığı məqalədə Xədicə Ismayılovanın hökumətin korrupsiyasını ifşa etdiyinə görə məruz qaldığı təzyiqlərdən tutmuş, Azərbaycandakı repressiyalara qədər bir sıra məsələlərə toxunulur. Eyni zamanda, Qərb dövlətlərinin hökumətləri, Avropa Ittifaqı da Azərbaycanda baş verən repressiyalara adekvat reaksiya vermədiklərinə görə ittiham edilir. Məqalənin tərcüməsini təqdim edirik:
***
Tanınmış vəkil Amal Kluninin yeni işi siyasi baxımdan təhlükəlidir. Kluni Avropa Insan Haqları Məhkəməsində azərbaycanlı jurnalist Xədicə Ismayılovanın hüquqlarını müdafiə etmək istəyir. Ismayılova Azərbaycanda hakim elitanın korrupsiya əməllərini, hakimiyyətdən necə sui istifadə etdiyini üzə çıxarıb göstərirdi. Buna görə də onu əvvəlcə şəxsi həyatına aid gizli çəkilmiş görüntülərlə şantaj etdilər, daha sonra 2014-cü ilin dekabrında həbsxanaya saldılar. 2015-ci ilin sentyabrında çıxarılan hökmlə Xədicə Ismayılova 7 il 6 ay azadlıqdan məhrum edildi.
Xədicə Ismayılova barədə çıxarılmış hökm siyasi motivli hesab olunur. Bu hökm ATƏT, ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, müxtəlif beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən pislənilib.
Müşahidəçilər deyir ki, bu həbs Azərbaycanda avtoritar hakimiyyətin bütün tənqidçi səslərə və azad mətbuata qarşı sistemli təzyiqlərinin tərkib hissəsidir.
Kluninin Ismayılovanın hüquqlarını müdafiə etməsi keçmiş sovet ölkəsi olan Azərbaycanda hökumətyönlü medianı və hakimiyyət təmsilçilərini qıcıqlandırıb. Onun ünvanına belə ittihamlar səsləndirilir ki, Kluni ermənipərəstdir və Azərbaycan əleyhinə kampaniya aparır.
Avropa Məhkəməsi Xədicənin xeyrinə qərar versə…
“Sərhədsiz Reportyor” beynəlxalq söz azadlığını müdafiə təşkilatının baş direktoru Kristian Mihr deyir ki, Amal Kluninin bu işdə iştirakı yaxşı haldır: “Birincisi, sırf peşəkarlıq baxımından, o, məşhur Corc Kluni ilə evliliyə qədər də tanınmış vəkil idi. Ikincisi, onun məşhurluğu prosesə təzyiqi daha da artırır”.
Əgər Avropa Məhkəməsində Xədicə Ismayılovanın xeyrinə qərar qəbul olunsa, onun Azərbaycan hökuməti tərəfindən icra olunub-olunmayacağı sual altındadır. Çünki hökumət Avropa Məhkəməsinin bir sıra qərarlarını yerinə yetirməyib.
Mihr deyir ki, bu halda, Avropa Ittifaqına təzyiq göstərmək lazımdır: “Avropa Ittifaqının xarici siyasət idarəsinin rəhbəri Mogerini bu yaxınlarda Azərbaycana səfər etdi. O, bircə dəfə də həbsdə olan jurnalistlərin adını çəkmədi. Bu çox pis haldır”.
Amal Kluninin müdafiə etdiyi Xədicə Ismayılova kimdir? O, bir müddət “Azadlıq” radiosunun Bakı bürosuna rəhbərlik edib, həmçinin bu radioda yayımlanan populyar tok-şounun aparıcısı olub. O, öz araşdırmalarında hakim elitanın korrupsiya əməllərini, hakimiyyətdən sui-istifadə hallarını, o cümlədən prezident və ailəsinin biznesi barədə faktları üzə çıxarırdı. Buna görə də avtoritar hakimiyyət ən müxtəlif üsullarla onu qorxutmağa çalışırdı.
Xədicə Elmarın yolunu davam etdirmək qərarı verdi
“Hakimiyyətin hədələri, şantajları qarşısında sərgilədiyi qətiyyət onu ölkədə tənqidçi səslərin nümunəsinə çevirdi. Azərbaycanda 2005-ci ildə hökuməti tənqid edən jurnalist Elmar Hüseynov yaşadığı evin qarşısında qətlə yetiriləndən sonra o, öz həyatını mətbuat azadlığı uğrunda mübarizəyə və jurnalist araşdırmaları aparmağa həsr etmək qərarını verdi”, – deyə “Human Rights Watch”ın təmsilçisi, Xədicə Ismayılovanın yaxın dostu Georgi Qoqia bildirir.
Elmar Hüseynov da hakimiyyətin korrupsiya əməllərini araşdırırdı. Hüquq müdafiə təşkilatları hesab edirdi ki, Elmar Hüseynov sifarişlə qətlə yetirilib. Amma hələ də bu cinayətin üstü açılmayıb.
“Xədicə bilirdi ki, Elmar Hüseynovun yolunu davam etdirsə, heç vaxt ailəsi olmaya bilər. Amma o, şüurlu şəkildə bu yolu seçdi”, – deyə Qoqia qeyd edib.
Xədicə şantaja baş əymədi…
Hakimiyyət dəfələrlə tənqidçilərini susdurmaq üçün adamların ailə üzvlərindən istifadə etməyə çalışıb. Xədicə məsələsində isə hətta onun yaşadığı mənzilə soxularaq, yataq otağına gizli kamera yerləşdirmiş, onun şəxsi həyatına aid görüntüləri lentə almışdılar. Üç il əvvəl Xədicəyə içində onun üç şəkli olan məktub göndərilmişdi. Xəbərdarlıq edilmişdi ki, “özünü yaxşı apar”. Mühafizəkar müsəlman cəmiyyətlərində nikahdankənar birgə yaşayış qəbul olunmur.
“Hökumətyönlü qəzetlərdə Xədicənin şəxsi həyatına aid, yalan və böhtanla dolu məqalələr dərc olundu, onun intim videosu internet vasitəsilə yayıldı. Azərbaycan mühafizəkar ölkədir. Burada hələ də namusa görə qətllər baş verir. Ərsiz qadının kiminləsə birgə yaşayışı onun həyatı üçün təhlükəli ola bilər. Lakin Xədicə şantaja baş əymədi və araşdırmalarını davam etdirdi. O, həqiqət uğrunda mübarizədə hər şeyə və hər kəsə qarşı vuruşdu”, – deyə Qoqia vurğulayıb.
Martın 8-də “Human Rights Watch”ın Berlin bürosunda Xədicə Ismayılova insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərə görə mükafatlandırılıb. Onun mükafatı dostu, jurnalist Arzu Qeybullayevaya təqdim olunub.
“Xədicə Azərbaycanda yaşayan və işləyən jurnalistlər, fəallar, bloggerlər, dissidentlər, o cümlədən mənim üçün nümunədir. Xədicə hər dəfə hədələr, təzyiqlər qarşısında nümayiş etdirdiyi müqavimət, cəsarətlə bizə gücün nə olduğunu öyrədir”, – deyə Arzu Qeybullayeva çıxışında bildirib.
Azərbaycanda “qəbiristanlıq sükutu”
Beynəlxalq hüquq-müdafiə təşkilatlarının məlumatına görə, hazırda Azərbaycanda 100-dən artıq siyasi məhbus var. Onların da ən azı, 15-i yazılarında, sosial şəbəkələrdə hökuməti tənqid edən jurnalistlər, bloggerlərdir.
Arzu Qeybullayeva “Bild”ə deyir ki, son dörd ildə Azərbaycanda vətəndaş cəmiyyətinin dağıdılması üçün sistemli kampaniya aparılır. Bununla paralel olaraq, hökumət dünyada özünə nüfuz qazanmaq üçün milyonlarla vəsait xərcləyir, “Eurovision” musiqi yarışması, Avropa Oyunları, “Formula-1″ yarışları kimi iri tədbirlər keçirir. Vətəndaş cəmiyyətinin bir sıra fəalları ya həbsxanadadır, ya da ölkəni tərk etmək məcburiyyətində qalıb. ”Human Rights Watch”ın rəyinə görə, hazırda Azərbaycanda insanlar arasında “qəbiristanlıq sükutu”nu xatırladan qorxu vəziyyəti hökm sürür.
Hüquq müdafiəçiləri deyir ki, belə özündənrazı hökumətin bu tip davranışı onun zəif yeridir və tənqid bu halda, kömək edə bilər. Amma beynəlxalq aləm tənqid etməyə tələsmir.
Qərb ölkələri jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını pis vəziyyətdə qoydular. Avropalı siyasətçilər siyasi məhbusların azadlığını tələb etmirlər, neftlə zəngin olan bu ölkə ilə əməkdaşlıq münasibətlərinə daha çox üstünlük verirlər.
Xədicəni müdafiə etmək istəyirsinizsə…
Xədicə Ismayılova da ölkədə baş verənlərə Qərbin zəif reaksiyasından məyusdur. Həbsxanadan göndərdiyi məktubunda yazırdı ki, nə vaxtsa ABŞ və Avropadan yaxşı jurnalistin necə olmalı olduğunu öyrənib. Amma onun və digərlərinin azad dünya gözləntiləri özünü doğrultmayıb. Bakıya səfər edən heç bir Qərb siyasətçisi burada baş verənləri açıq tənqid etmir, siyasi məhbusların azadlığa buraxılması tələbini aydın şəkildə dilə gətirmir.
O, qeyd edir ki, bağlı qapılar arxasında insan haqlarının müdafiə olunmasına inanmır: “Açıq və ucadan danışın! Mənim üçün səssiz diplomatiya anlayışı yoxdur!”
Siz Xədicə Ismayılovanı müdafiə etmək istəyirsinizmi?
Istəyirsinizsə, Azərbaycan prezidentinin elektron poçtuna məktub göndərin…”
Siyasət şöbəsi