Gədəbəy sakini məhkəmənin qanunsuz qərarlarından şikayət edir
Gədəbəy şəhəri Qumlu yaşayış massivinin sakini Allahverdiyev Yaqub Həsən oğlu redaksiyaya gələrək üzləşdiyi problemlə bağlı şikayətini çatdırıb. Həmin şikayəti qısa ixtisarla təqdim edirik.
“Mənə məxsus şəxsi evimə Gədəbəy rayon Daşınmaz Əmlak Idarəsi heç bir məhkəmə qərarı olmadan tanınmış milyonçu Mahmudov Məzahət Maqsud oğlunun adına qeydiyyat şəhadətnaməsi çıxarıb və evin ikidə bir hissəsini ona verib. Məzahət Mahmudovun Bakı şəhəri 9 saylı notariat kontorunda Gədəbəy məhkəməsinə verilmiş ərizəsində göstərilir ki, borcla bağlı mənə heç bir tələbi qalmadı və gələcəkdə də heç bir iddiası olmayacaq. Borc tam ödənildi. Bundan sonra Gədəbəy Rayon Məhkəməsinin hakimi Maarif Kazımov həmin işə 2013-cü ilin oktyabrın 8-də xitam verdi. 2014-cü ilin iyun ayının 23-də həmin hakim yenidən qətnamə qəbul edir ki, mənə məxsus ev satışa çıxarılsın.
Bildirirəm ki, mənim başqa yaşayış evim və torpaq sahəm yoxdur. Prezidentin 05.03.2002-ci il tarixli 672 saylı fərmanı və Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli 89 saylı qərarında göstərilir ki, vətəndaşın bir evi varsa, borc ona yönəldilə bilməz. Amma Gədəbəy Rayon Məhkəməsinin hakimi Maarif Kazımov, Gəncə Apelyasiya Məhkəməsinin həmin qərarı qüvvədə saxlayan hakimləri, eləcə də Gədəbəy rayon Icra Şöbəsi prezident fərmanını və Nazirlər Kabinetinin qərarını saya salmırlar. Halbuki, həmin fərman və qərar hazırda da qanuni qüvvədədir.
Mənim notariat qaydada Mahmudov Məzahətə borcumu qaytarmağıma baxmayaraq Gədəbəy Rayon Məhkəməsi və Gəncə Apelyasiya Məhkəməsi dövlət notariat kontorunun sənədinə inanmırlar. 2001-ci ilin sentyabrın 20-də Mahmudov Məzahət məndən köhnə məzənnə ilə 9 milyon manat aldığını imzasıyla təsdiq edib.
Hətta bundan sonra bu işə görə 2006-cı ilin iyun ayının 21-də Gədəbəy Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə barəmdə bir il azadlıqdan mərhumetmə hökmü də çıxarıb.
Indi yaşamağa yerim olmadığı üçün elimdən-obamdan didərgin düşmüşəm. Xahiş edirəm şikayətimin aidiyyəti qurumlara çatdırılmasında mənə köməklik edəsiniz”.