Suriyada beş ildir davam edən münaqişə ərzində 88 jurnalist öldürülüb. Bu barədə məlumat dünya ictimaiyyətini münaqişə zonalarında fəaliyyət göstərən mətbuat nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbir görməyə çağıran “Press Emblem Campaign” qeyri-hökumət təşkilatı tərəfindən dərc olunub.
“Press Emblem Campaign” Suriyada beş ildə 88 jurnalistin ölümünü sənədləşdirib. BMT-nin Insan Haqları üzrə Şurasının Cenevrədə keçirilən 31-ci sessiyasında təşkilatın nümayəndəsi təkcə keçən il Suriyada 13 curnalistin, bu ilin yanvar ayında isə 2 jurnalistin həlak olduğunu bildirib.
Təşkilat Suriyanın ardıcıl olaraq dörd ildir KIV əməkdaşları üçün ən təhlükəli ölkələr sırasında yer aldığını qeyd edir. Jurnalistlər arasında ölüm hallarının çoxluğuna görə digər lider ölkələr arasında Əfqanıstan, Iraq, Pakistan və Yəmənin də adı var.
2004-cü ildə yaradılan “Press Emblem Campaign” qeyri-hökumət təşkilatı BMT-də konsultativ statusa malikdir. Cenevrədə jurnalist qətlləri barədə vaxtaşırı məruzə dərc edən təşkilat münaqişə zonalarında fəaliyyət göstərən mətbuat işçilərinin təhlükəsizliyinin təmin olunması üzrə ictimai rəyi daha qətiyyətli addımlar atmağa cəlb etməyə çalışır.