Analitiklər hesab edir ki, Putin bu addımı sonu bilinməyən müharibəyə cəlb olunmamaq üçün atıb
Vladimir Putin Rusiya ordu birləşmələrinin martın 15-dən etibarən Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib. Rusiya qoşunlarının Suriyadan çıxarması barədə Putinin qərarı bir sıra suallar yaradıb. «Rusiya qoşunlarının çıxarılması Suriyada siyasi nizamlanma üçün yaxşı təkan olacaq». “TASS”ın verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib: «Ümid edirəm ki, bu qərar bütün münaqişə tərəfləri üçün yaxşı siqnal olacaq. Ümid edirəm ki, bu proses bütün iştirakçıları arasında etimadı daha da artıracaq”, – deyə Putin XİN rəhbəri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib.
Bəs Rusiyanın gözlənilmədən belə bir addım atmasına səbəb nədir? Bu istiqamətdə müxtəlif fərziyyələr səslənir.
Rusiya qoşunlarının çıxarılma səbəbləri barədə fərziyyə
Türkiyə mətbuatının verdiyi məlumata görə, Rusiya Suriyadan 50-dən artıq qırıcı təyyarə və helikopter çıxaracaq. Amma Rusiya Suriyadakı bazalarının qorunması üçün gərəkli silahları, döyüş təyyarələrini, gəmilərini regionda saxlayacaq. Başqa bir məlumatda qeyd olunur ki, Rusiyanın Suriyadakı əməliyyatının bir məqsədi də yeni silah növlərini sınaqdan çıxarmaq olub. Bu məqsədə nail olunduğuna görə, qoşunların bir hissəsi regionu tərk edir.
Tanınmış siyasi texnoloq, politoloq Qlev Pavlovski isə hesab edeir ki, Rusiya Suriyanı udşlu vaxtda geri çəkilir. Yəni hazırda regionda mövcud olan vəziyyət Kremlin xeyrinədir. Ona görə Rusiya Suriyada vəziyyətini ağırlaşdırmadan, hazırkı qalib durumda çıxmaq istəyir.
«Rusiyanın bu addımı bir neçə geosiyasi məqsəd daşıyır»
ABŞ-ın Analitik Agentliyi «Stratfor»un isə analizinə görə, Rusiyanın Suriyadan qoşunlarını çıxarması bir neçə geosiyasi məqsəd daşıyır. «Stratfor»a görə, Putinin qoşunların çıxarılması ilə bağlı müddəti nəzərə alanda, bu qərarı martın 14-də Cenevrədə start götürən sülh danışıqlarına təsir etmək cəhdi kimi dəyərləndirmək olar. Bununla Rusiya özünü danışıqlarda münaqişə tərəfi kimi yox, arbitr kimi təqdim etməyə çalışır: «Bununla Suriyada sülh danışıqlarının tərəfdarı kimi çıxış etməyə çalışan Rusiya əlavə təsir rıçaqları əldə etmək fikrindədir. Kreml eyni zamanda beynəlxalq ictimai rəyə təsir etmək məqsədi ilə münaqişədə rolunu da dəyişə bilər. Rusiyanın Suriyadakı münaqişəyə qoşulmasının ilkin səbəbləri barədə də unutmaq lazım deyil. Rusiyanın Suriyaya müdaxilədə ilkin məqsədi Ukrayna və Qərbin sanksiyaları ilə bağlı danışıqlar prosesində üstünlük qazanmaq idi».
«Rusiya imicini bərpa etmək istəyir»
«Stratfor» onun da altını cızır ki, Kreml özünə hesabat verir ki, Ukraynanın şərqində hərbi əməliyyatların dayandırılması ilə bağlı Minskdəki danışıqlarda olduqca qəliz situasiya ilə üzləşib. «Bununla belə Rusiya Suriyadan qaçıqın axınının güclənməsiilə Avropaya təzyiqini artırmış oldu. Əgər Rusiya Suriyadakı əməliyyatlarına son qoyarsa, bu qaçqın axının azalmasına səbəb ola bilər», deyə məqalədə vurğulanır. Deməli, Rusiya özünə nəinki Suriya münaqişəsinin həllində müsbət imic qazana bilər, eyni zamanda Avropa Birliyinə təzyiqin də azalmasına nail ola bilər. Amma baş verənlərin fonunda Rusiya-Türkiyə gərginliyini də unutmaq olmaz: «Beləliklə Rusiya Avropa Birliyində ona qarşı sanksiyaların uzadılması ilə bağlı iyulda keçiriləcək səsvermə ərəfəsində Rusiya özünün korlanmış imicini yaxşılaşdıra bilər. Bunun təsdiqi olaraq İtaliya və Macarıstandan gələn bəyanatları göstərmək olar. Hər iki dövlət vurğulayıb ki, Rusiyaya qarşı sanksiyaların uzadılması avtomatik qəbul olunacaq qərar deyil.
«Putin sonu bilinməyən müharibədən qaçdı»
«Times» isə yazır ki, Putin Suriyadan qoşunlarını çıxarmaqla Qərbi təəccübləndirdi. «Analitiklər hesab edir ki, Putin bu addımı sonu bilinməyən müharibəyə cəlb olunmamaq üçün atıb», deyə o vurğuladı. Nəşr hesab edir ki, Rusiya qoşunlarının Suriyadan çıxarılması qısa müddət ərzində sülh danışıqlarının növbəti raundu üçün nikbin əhval-ruhiyyə yaradacaq. Əgər bu danışıqlar yenidən uğursuzluğa düçar olacaqsa, o zaman heç kim Rusiyanı bunda günahkar kimi göstərə bilməyəcək: «Putin əvvəlki kimi aralıq və xəzər dənizində yerləşən gəmiləri və strateji bombardımançıları vasitəsilə Suriyanı bombalamağa qadirdir. Rus qoşunlarının Suriyadan çıxarılması o anlama gəlir ki, Putin Əsədin bundan sonra da hakimiyyətdə qalması üçün kifayət qədər düşmənini öldürdüyü qənaətindədir».
Xəyal