Ölkəmizdə qəribə işlər baş verir. Bakı küçələrindəki sahibsiz itlər amerikalılar tərəfindən xilas olunur. Əcnəbilər itləri hətta Nyu-Yorka apararaq, sığınacaqlara yerləşdirir və sonradan KİV vasitəsilə heyvanlara sahib axtarırlar.
Belə xoşbəxtlərdən biri də “Kommodor” ləqəbli köpəkdir. Məhz o, ditmasparkcorner.com saytı tərəfindən “övladlığa götürülmək üçün həftənin heyvanı” kimi təqdim edilib. Bu it Bakıdan Nyu-Yorka qədər yol qət edib.
Azərbaycan Heyvanları Müdafiə Cəmiyyətinin (AHMC) rəhbəri Azər Qarayev bildirib ki, sahibsiz heyvanların Azərbaycandan inkişaf etmiş xarici ölkələrə aparılmasında və orada onlar üçün sahib axtarılmasında qəribə heç nə yoxdur. “Bu təcrübə çoxdan var. İnkişaf etmiş ölkələrdən Azərbaycana gələn əcnəbilər mütəmadi olaraq ölkəmizdəki heyvanlara yardım edir, onları ölümdən qurtarırlar”.
A.Qarayevin sözlərinə görə, əcnəbilər bütün lazım olan sənədləri rəsmiləşdirir, heyvanları vaksinasiya edir və özləri ilə aparırlar. Bu yolla təkcə Azərbaycandan deyil, Rusiyadan, Yaxın Şərq ölkələrindən də heyvanlar xaricə yollanır.
İndiyə kimi Azərbaycandan bu cür xarici ölkələrə köçmüş heyvanların sayı ilə bağlı statistika yoxdur, amma məlumdur ki. ölkəmizdə təxminən 60 min sahibsiz heyvan var ki, bunların arasında itlər və pişiklər üstünlük təşkil edir. (virtualaz.org)