elnurastanbeyli@gmail.com
Dünən xəbər lentlərindən oxuduq, sən demə, martın 11-də Səbail rayon məhkəməsinin hakimi Rauf Əhmədov 28 yaşlı gənc barədə 7200 manat kredit borcuna görə həbs qərarı çıxarıb. Vahid Kərimov ad-soyadlı həmin gənc heç kredit götürən də deyil, zamindir.
Üstəlik, onu həbs etdikləri halda, kredit götürənin özü azadlıqda dolaşır, elə digər zaminlər haqqında da həbs qərarı-filan yoxdur.
Nə demək olar, Azərbaycansayağı ədalət belə tələb edir!
Digər tərəfdən, məsələn, Hacı Ibrahim Nehrəmli kimi tanınan bir “iş adamı” (“iş adamı” ifadəsini ona görə dırnaqda yazıram ki, bizdə nə bazar iqtisadiyyatı, nə rəqabət mühiti, nə azad sahibkarlıq mövcuddur, burada iş adamı olmaq üçün öncə mütləq kiminsə adamı olmalısan) təzəlikcə banklara hardasa 1 milyard dollara yaxın borcu olduğunu söyləmişdi. Lap təzəlikcə isə açıqlama verdi ki, ölkədə qumarxanalar yenidən açılmalıdır, belə olsa, ölkəyə xeyli pul gətirər, həm özü yaxşı qazanar, həm də neftdən boşalan büdcəni doldurmağa kömək eləyər.
Qısası, 1 milyard dollar kredit borcu olan adamı qoyub 7200 manatlıq kreditə zamin duran gənci həbs etmək də Azərbaycansayağı ədalətin başqa bir üzüdür.
Əslində, bu həbs bir siqnaldır: biz gələcəkdə kredit borclarına görə insanların türməyə doldurulmasına indidən adət etməliyik. Rəsmi rəqəmlərə inansaq, Azərbaycanda banklara borclu olan 2,4 milyon nəfər var, hardasa bunun yarısı qədər – 1,1 milyon nəfər də bank kreditlərinə zamin durub. Bir sözlə, ölkədə 3,5 milyon nəfərin taleyi bankların əlindədir, dolayısı ilə, elə bu qədər adam da potensial “kredit məhbusu”dur.
Yeri gəlmişkən: Azərbaycanın yetkinlik yaşına çatmış, deməli, yaşı kredit götürməyə və ya zamin durmağa imkan verən vətəndaşlarının sayı 4,8 milyon nəfərdir. Bu rəqəmdən yola çıxsaq, nə qədər fəlakətli mənzərə ilə qarşı-qarşıya olduğumuzu söyləmək artıqdır: hər 3 nəfərdən birimiz bankların girovuyuq, sabah-biri gün həmin 28 yaşlı gəncin yerində istənilən birimiz ola bilərik.
Bu qədər zəngin sərvətləri olan bir ölkənin vətəndaşlarını sonda bu aciz, miskin vəziyyətə salmaq həqiqətən çox böyük mərifətdir, bunların əttökən, cilddən-cildə girməkdə analoqu olmayan yaltaqlarından birinin son deputatlıq seçki-şousundakı şüarında deyildiyi kimi, “alqışlayıram!”
Əslində, vəziyyətin bu yerə gəlib çıxacağını təsəvvür etmək bir o qədər çətin deyildi. Xalq öz müqəddəratına laqeyd yanaşanda, öz bugünkü və gələcək taleyinin müəyyənləşməsində iştirak etməyə həvəsli olmayanda, öz vətəndaşlıq missiyasının başını aşağı salıb bir qarın çörəyini qazanmaqla kifayətləndiyini düşünəndə, “buna da şükür!” deyib qədərinə razı olanda, hökumətlə hökumətlik etməyi ağlının ucundan keçirməyib, “padşaha üsyan Allaha üsyandır” qəflətinə qapılanda onun istənilən acınacaqlı aqibətlə üzləşməsi qaçılmazdır.
Indi ölkə həbsxanaları ağzınacan siyasi və vicdan məhbusları ilə doludur. Onlar ona görə dəmir barmaqlıqlar ardındadırlar ki, böyük əksəriyyətdən fərqli olaraq, ölkələrində ədalətin təntənəsini, hüququn üstünlüyünü görmək istəyirlər, bir ovuc adamın bir toplum üzərində ağalığını içlərinə sindirmirlər, xalqla rəiyyət kimi rəftar edilməsinə qarşıdırlar. Bəs çoxluq buna necə yanaşır? Soyuq, yad, ögey.
Nəticə? Indi o çoxluq potensial “kredit məhbusu” kimi həmin cəsur, ləyaqətli, vicdanlı insanlarla eyni zindanı bölüşmək təhlükəsininin cəmi-cümlətanı bir addımlığındadır.
Söyləmişdik axı: “evdə balalarım var” deyərək yaxasını ölkənin taleyüklü işlərindən kənara çəkərək, bir qarın çörək naminə Şərə göz yummaqla uzağa getmək olmaz.
Demişdik axı: bir yerdə hüquqsuzluq varsa, ədalətsizlik var, zülm varsa, hər kəs üçün var.
O hüquqsuzluq, ədalətsizlik, o zülm, o zillət bu gün səndən yan keçə bilər bəlkə, amma onun sabah da sənin qapını döyməyəcəyinin təminatı olmaz.
Və artıq o “sabah” hamı üçün başlayıb, bilmirəm, fərqindəsinizmi?!