Yaxud şər-böhtanla «Səs» çıxaranlar
Birmənalı şəkildə demək olar ki, şərə xidmət etməkdən, yalanlara keşik çəkməkdən, haqqı daşlamaqdan faciəli heç nə ola bilməz. Çox təəssüf ki, yaşadığımız ölkədə belələri çoxdur. Kimisi siyasətçi, kimisi jurnalist, kimisi ziyalı adıyla haqqı ləkələməklə məşğuldur.
Ölkədə talan, yalan, ədalətsizlik, hüquqsuzluq baş alıb gedir. Hər gün hansısa vəzifəlinin qanunsuz əməlləri aşkar olunur. Nazirimizin biri cinayətkar, biri oğru, biri üçqat agent çıxır. Milli valyuta hər gün ucuzlaşır, qiymətlər qalxır, əhali sürətlə borclanmaya gedir, hər gün yeni intihar xəbərləri eşidirik və hökumətin heç bir adekvat reaksiyası yoxdur.
Hökumət mətbuatı da həmişəki kimi öz “rol”unu oynayır. Ya olmayan inkişafdan yazacaqlar, ya hansısa Avropa ölkəsini hədəf seçəcəklər, ya da müxalidəti “yad” edəcəklər.
Məsələn, bu ölkədə yalanın səsi kimi tanınan “Səs” qəzeti var. Bu qəzetə nəzər salanda elə bilirsən ki, milli valyutanı ucuzalşdıran, ölkədən 95 milyard pul çıxaran, bütün sahələri monopoliyaya alan, vətəndaşı intihar həddinə çatdıran, gələcək nəsillərin çiyninə borc yükləyən, dünyanın müxtəlif yerlərində milyonluq malikanələr tikdirən AXCP sədri Əli Kərimlidir.
Kor tutduğun buraxmayan kimi, “Səs” də Əli Kərimlidən yapışıb. Dünya dağılsa da, zəlzələ baş versə də, tufan qopsa da, bu qəzetin əbədi mövzusu AXCP sədridir.
Bu “qəzet”in saytında “müxalifət” və “köşə” bölümləri var. Həmin bölümlərdə olan bir neçə materialın başlığına nəzər salaq. “Əli Kərimli və onun tərbiyəsiz uşaqları hədəfdə”, “Deputatdan Əli Kərimliyə sərt ittihamlar”, “Mirmahmud Mirəlioğlu Əli Kərimlinin cavabını verdi”, “Əli Kərimli siyasi arenadan silinir”, “Əli Kərimlinin canı Fuad Qəhrəmanlı sarıdan dincəlib”, “Əli Kərimli ifşa edildi”, “Əli Kərimlinin fəqərə sütunu”, “Əli Kərimlinin Cəmil Həsənli dili” və s.
Bu nümunələr Əli Kərimli haqqında yazılanların 1 faizi də deyil. Bəli, “Səs”in repertuarında Əli Kərimli mövzusu əzəli-əbədi xarakter daşıyır.
Əgər Əli Kərimlini alternativ hesab etmirsizsə, Əli Kərimlinin arxasınca gedən yoxdursa, partiyadaşları Əli Kərimlini atıblarsa, xalq bu adamı qəbul etmirsə, niyə belə narahatsınız? Əli Kərimli həqiqətən də siyasi səhnədən silinibsə, hər gün “Səs”in səhnəsində niyə bu adamı şərləməklə məşğulsunuz?
Niyə özünüzdə cəsarət tapıb üç səhnədə çıxış edən Samir Şərifov haqqında yazmırsınız? Əminliklə deyirəm ki, Samir Şərifovun Əli Kərimliyə işlədiyi ortaya çıxsaydı, hökumət onun sülaləsini qurudardı. “Səs” qəzeti isə Samir Şərifovu terrorçu kimi təqdim edərdi.
Cənablar, Eldar Mahmudov, Əli Abbasov, Samir Şərifov… Əli Kərimlinin kadrları deyil. Bu ölkəni “korrupsiya çempionu” edən, “intiharlar ölkəsi”nə çevirən Əli Kərimli deyil. Zərrə qədər cəsarətiniz, ədalət hissiniz varsa, topun lüləsini həqiqi səbəbkarlara qarşı çevirin. Onsuz də sizin atdığınız bütün bombalar, müdafiə etdiyiniz tərəfin başında partlayır.
Amma bu xidmətlərinə görə “Səs” qəzetinə təşəkkür etməmək də ədalətsizlik olardı. Çünki, bu qəzet Əli Kərimlini hədəf seçməklə Əli Kərimlinin əsl hədəflərini göstərmiş olur.
“Səs” bu hökumətin səsini batıracaq liderin kimliyini tirajlamaqla məşğuldur. Yəni AXCP liderinə qarşı olan təbliğat hökumətin mahiyyətini üzə çıxarır.
Bu “yazar”ları da qınamaq olmur. Satılmışları hədəf seçməklə çörək qazanmaq mümkün deyil. Ona görə də satın alınmayanları hədəf seçirlər. Yəni hökumətin qazanından pay qoparmaq üçün Əli Kərimli mövzusu vazkeçilməzdir. Bu mövzuya müraciət edib deputat olanlar, medal alanlar da var.
Davam edin cənablar, bu da sizin taleyinizdir. Allah sizi də belə cazalandırır. Ona şər atmasanız, işdən qovularsınız. Amma bilin ki, ictimai rəydə “Səs” qəzeti 1 səs belə ala bilmir. “Səs”iniz ancaq öz başınıza düşür.
Bəlkə də dünyada ikinci belə “fenomen” yoxdur. Yəni adını “Səs” qoyasan, amma bütün ədalətsizliklərə səssiz qalasan. Ağır dərddir!
İlham