Hökuməti ifşa edəcək heç bir cinayət faktı araşdırılmır
Ölkədə hüquqsuzluğun miqyası artdıqca, hüquq mühafizə orqanlarının mənasız quruma çevrildiyi də aydın görünür. Illərdi saysız-hesabsız korrupsiya cinayətləri ortaya çıxır, vəzifəli şəxslər haqqında ilginc faktlar açıqlanır, bəzən bu cinayətlər görüntülərlə, sənədlərlə təsdiqlənir. Amma Prezident Aparatından sifariş gəlmədiyindən aidiyyəti orqanlar öz funksiyalarını yerinə yetirmir. Daha doğrusu, irimiqyaslı qanunsuzluqların başında hökumət dayandığı üçün bu cinayətlər araşdırılmır, günahkarlar cəzalandırılmır.
Amma hansısa müxalifətçi küçədə möhkəm danışanda dərhal başınnı üstünün kəsdirirlər. Yaxud hansısa vicdanlı hüquqşünas, müstəqil jurnalist, dəyərli ziyalı haqq sözü deyəndə, qondarma cinayət işi açılır, istintaq aparılır və s.
Bəli, hansı cinayətlər ki hökumətin ifşasıyla nəticələnəcək, həmin cinayətlər örtülü qalır. Binəqədidə yanan binayla bağlı istintaq hələ də davam edir, “Günəşli” yatağındakı partlayışa görə cinayət işi açılsa da məsuliyyətə cəlb olunan yoxdur.
Son günlər isə ölkəni silkələyəcək bir neçə hadisə baş verib. SOCAR-la bağlı yayılan məlumatlar sənədlərlə təsdiqini tapıb və məlum olub ki, dövlətin milyonları havaya sovrulub. Mərkəzi Bankın sədri Elman Rüstəmov korrupsiyada ittiham olunur və Avstriya məhkəməsi bu prosesi davam etdirir. Ölkənin maliyyə nazirinə qarşı üçqat agent ittihamı səsləndirilir və hökumət komandası susmağa qərar verir.
Ancaq bu hadisələrin hər biri ciddi araşdırma tələb edir, bu faktlarla bağlı cinayət işi açılmalıydı, hüquq mühafizə orqanları cəmiyyətə izahat verməliydi və s.
Amma dövlətin taleyi ilə bağlı olan bu faktlara qarşı bütün strukturlar susmaqla cavab verir. DIN-in, MTN-in, Prokurorluğun səlahiyyəti yoxdur ki, adekvat reaksiya versin.
Ona görə də dəhşətli olan hansısa hüquqsuzluq, korrupsiya faktı deyil. Dəhşətli olan ölkəni bürüyən bu bəlalara qarşı aidiyyəti qurumların əlibağlı qalmasıdır.
Deməli, bu qurumlar öz vəzifələrini yerinə yetirmək iqtidarında deyillər. Deməli, dövlətin və millətin taleyi təhlükədədir.
Bir ölkənin hüquq mühafizə orqanları xəyanətdə, korrupsiyada ittiham olunan şəxsləri cəzalandıra bilmirsə, o ölkənin işıqlı sabahından danışmaq olmaz.
Göründüyü kimi, aidiyyəti qurumlar daha çox hüquqsuzluğu müdafiə etməklə məşğuldular. Bu ölkədə qanun çoxdandır ki, şahlıq edə bilmir. Ona görə də kiçik və böyük şahlar qanuna çevrilib.
Akif