«Binə» və «Sədərək»də qıtlıq yaranıb; sahibkarlar niyə mal gətirmir?
“Binə” və “Sədərək” Ticarət mərkəzləri bir neçə aydır ki, xaricdən yeni məhsullar ala bilmir. Sahibkarlar gömrük rüsumunu verib mallarını Azərbaycana keçirmək istəsələr də, əngəllərlə rastlaşırlar. Onlar bildiriblər ki, bazara gətirmək istədikləri geyim məhsulları gömrükdə ləngildilir. Məhz bunun nəticəsidir ki, hər iki ticarət mərkəzində yeni məhsullara rast gəlinmir. Hətta illər öncədən anbarlarda saxlanılan geyim əşyaları indi satışa çıxarılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə Modern.az-a açıqlamasında bu faktları inkar edib. O deyib ki, hansısa sahibkarın məhsulunun gömrükdən buraxılmaması informasiyası həqiqəti əks etdirmir: “Konkret fakt göstərilsin və araşdıraq ki, səbəb nədir, gömrük işçilərinin günahıdır, yoxsa sahibkarın. Gömrük rüsumu Nazirlər Kabinetinin qərarı ilə qeyd olunan məbləğdir. Maksimal gömrük rüsumu 15 faizdir, 18 faiz Əlavə Dəyər Vergisi verilir ki, bu hardasa 35,7 faizə gəlib çıxır. 0,3 faizi əməliyyat haqqıdır, ümumilikdə 36 faiz edir.
Bu tənzimlənən məsələdir, yəni bizlik deyil. Əgər hər hansı sahibkarın ölkəyə idxal etdiyi malın bütün sənədləri qaydasındadırsa, heç bir problem ola bilməz. Sadəcə, bəlkə hansısa sənədlərdə problem olub və sahibkarın malı buraxılmayıb. Amma əgər gömrük işçiləri xüsusi maneə və əngəl yaradırsa, bizə deyilsin, araşdıraq”.
“Azadlıq”a daxil olan məlumata görə, əgər böhrandan əvvəl karqo şirkətləri günə 12 TIR mal boşaldırdılarsa, hazırda bu, 1 TIR-a enib. Məlumata görə, böhrandan əvvəl bir kub karqo mal 280-300 dollar ödənilirdisə, indi qiymətlər qalxıb. Sahibkarlar bildirir ki, hazırda gətirilən geyim malların üstünə toplam 42 faiz rüsum gəlir. “Mallar bizə baha başa gəldiyinə görə biz də baha satmağa məcburuq. Ona görə də alıcılıq qabiliyyəti düşüb, geyim alan yoxdur. Yeni də mal da buna görə gətirilmir. Bu isə qıtlığa və malların daha da bahalaşmasına səbəb olacaq”, – deyə sahibkarlar əlavə edib.