Maliyyə naziri Samir Şərifovun adı keçən skandalla bağlı yeni təfərrüatlar
Maliyyə naziri Samir Şərifovla bağlı “üç qat agent” qalmaqalı gündəmin əsas mövzusu olaraq qalır. Qeyd edək ki, sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvets Ukraynanın “Qordon” agentliyinə müsahibəsində Azərbaycan hökumətini silkələyəcək ittihamlar səsləndirib.
O, özünün yeni kitabı haqda danışarkən, Azərbaycanın yüksək siyasi elitasında təmsil olunan və hazırda Kremlə işləyən “üçqat agentdən” də bəhs edib. Həmin məmur Azərbaycanın maliyyə naziri Samir Şərifovdur. Şvetsin iddiasına görə, agentura məlumatlarında bildirilir ki, Samir Şərifov Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına işləyib, indi yenidən Kreml tərəfindən ələ alınıb.
Maliyyə Nazirliyinin məsələyə ironik münasibətini nəzərə almasaq, hələ bu qalmaqalla bağlı Samir Şərifovdan ciddi reaksiya verilməyib. Bu material yayılandan sonra ekspertlər bildirmişdi ki, Şvetsin iddiaları əsassızdırsa, maliyyə naziri onu məhkəməyə verməklə bunu sübut etməyə cəhd edə bilər. Lakin bu da baş verməyib. “Azadlıq” bunun səbəbini öyrənmək üçün Maliyyə Nazirliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Mais Piriyev bildirib ki, mətbuat xidmətində bu barədə məlumat yoxdur. O, gün ərzində məsələ ilə bağlı dəqiqləşdirmə aparıb məlumat verəcəyini söyləsə də, sonradan zənglərə cavab verməyib.
Bu arada jurnalist Eynulla Fətullayev qalmaqalla bağlı müəllif yazısı ilə çıxıh edib. O, məqaləsində Samir Şərifov barədə materialın keçmiş MTN şefi Eldar Mahmudov tərəfindən təşkil olunduğunu bildirib. Qeyd edək ki, “Azadlıq” bir neçə gün əvvəl bu versiyanı irəli sürmüşdü. Yazmışdıq ki, Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin sıradan çıxarılmasında Samir Şərifovun böyük rolu olub. Ola bilər ki, Eldar Mahmudov bunun qisasını almaq üçün maliyyə nazirini bu şəkildə hədəfə gətirə bilər. Eynulla Fətullayev isə bunu versiya kimi deyil, fakt kimi yazıb.
Yeri gəlmişkən, bu qalmaqal başlayandan ilk dəfədir ki, Samir Şərifov iqtidara yaxın media orqanı tərəfindən müdafiə edilir. Iqtidarın nəzarətində olan digər mətbuat orqanları isə məsələ barədə hələ də susurlar. Hakimiyyət nümayəndələrindən də hələ də məsələyə münasibət bildirən olmayıb. Adətən hakimiyyətdə hansısa yüksək post tutan məmur haqqında gündəmi zəbt edəcək səviyyədə neqativ xarakterli iddialar səsləndirələndə YAP-çı deputatlar və iqtidarın nəzarətində olan KIV-lər deyilənlərin əsassız olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Lakin Samir Şərifovla bağlı məsələdə bu baş verməyib.