Bu gün AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbarahimin məhkəməsində iştirak edən zaman qərara gəldim ki, repressiya aparatının xırda vintlərini xəbərdar edim: Cinayət Məcəlləsində belə maddələr də var:
Maddə 290. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə
Maddə 292. Qanunsuz olaraq tutma, həbsə alma və ya həbsdə saxlama
Maddə 295. Bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma
Bu gün analoqsuz ölkənin analoqsuz məhkəməsində prokuror Məmməd İbrahimin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Artıq 6 aydır ki, qurama cinayət işi bəhanəsilə həbs olunmuş Məmməd bəy 1-ci devalvasiyadan sonra Milli Şura olaraq təşkil etdiyimiz “Talana son!” mitinqlərinin 3 rəsmi təşkilatçısından biri olub. Yeri gəlmişkən, həmin aksiyalar üçün yaradılmış Mitinq Komitəsinin sədri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da 3 aydır ki, şərlənərək həbs olunub.
Olduqca istedadlı və cəsarətli vəkil Yalçın İmanov sübut etdi ki, Məmməd İbrahim nəinki heç bir cinayət törətməyib, tam əksinə, o özü hüquq-mühafizə orqanlarında törədilən bir cinayətin qurbanıdır. Yalçın bəyin saxta ittihamı darmadağın edən çıxışını şərh bölümündə yerləşdirəcəm. Amma işdəki bəzi qışqıran saxtakarlıq və qərəzi də bura yazıram ki, biləsiniz, əsas “təqsiri” xalqın haqlı etirazlarını təşkilatlandırmaq olan əqidəli insanları hansı yollarla şərləyirlər.
1. Üzəduranlardan birinin saxta ifadəsi ilə Məmməd bəyə qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsilə ittiham elan olunub. Guya ki, Məmməd bəy həmin şəxsi vurub, köynəyini cırıb. Lakin ittiham tərəfinin özünün dəvət etdiyi şahidlərin beşi də həm istintaqda, həm də məhkəmədə ifadə veriblər ki, Məmməd bəy həmin şəxsi vurmayıb, əksinə həmin şəxs Məmməd bəyi vurmağa cəhd edib.
2. Məmməd bəyə qarşı əvvəlcə elan edilmiş ittiham üzrə maksimum cəza bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmədən ibarət idi. Həm Ali Məhkəmənin, həm də Konstitusiya məhkəməsinin qərarlarına görə belə işlər üzrə həbs-qətimkan tədbiri seçilə bilməz. Vəkilin etirazlarından sonra Məmməd bəyi azad etmək əvəzinə həbsindən 20 gün sonra ona daha ağır ittiham irəli sürüblər ki, Məmməd bəyin həbsi “qanuni” olsun. Nisbətən ağır ittihamı quraşdırmaqdan ötrü istintaq Məmməd bəyin həyatı boyu üzlərini görmədiyi daha 2 nəfəri də döydüyünü cinayət işinə əlavə edib.
3. Və ən dəhşətlisi: vəkilin rəsmən aldığı sənədlərdə göstərilir ki, istintaqın kəşf etdiyi əlavə “zərərçəkmiş” yalnız 5 oktyabrda polisə şikayət edib. Yəni polis, istintaq guya belə bir “zərərçəkmişin” də varlığından yalnız 5 oktyabrda xəbər tutub. Lakin iş materiallarından görünür ki, həmin şəxs artıq 1 oktyabrdan istintaq hərəkətlərində zərərçəkmiş kimi iştirak edirmiş.
Bir sözlə, Məmməd İbarahimə qarşı əvvəlcədən hazırlanmış plan üzrə cinayət işi quraşdırılıb.
Məmməd bəy çox möhkəmdir. Məhkəmədəki son sözündə açıq və şəstlə dedi ki, hətta dünyaya yenidən gəlmiş olsaydı, yenə də AXCP sıralarında ədalət uğrunda mübarizə aparmağı, bacardığı qədər haqqın yanında olmağı, xalqın sözünü deməyi seçərdi. Allah qapını açsın, Məmməd bəy. Allah hamımıza güclünün yox, haqlının yanında olmaq cəsarətini və dürüstlüyünü versin.