Artıq bank borclarına görə, daha ciddi addımlar atılmağa başlanıldı. Bankdan borc götürmək üçün zamin duran bir şəxs bu günlərdə həbs edilib. Bu mövzu ilə bağlı sosial şəbəkədə məlumat paylaşılıb. Belə ki, martın 11-də Səbail rayon Məhkəməsinin hakimi Rauf Əhmədov 28 yaşlı Vahid Kərimovu borca görə 10 gün müddətinə həbs edib. Bir vətəndaşın “Rabitəbank”a 7225,7 manat borcu var. Həmin borc üzrə girov da var. Üstəlik 3 zamin də var. Zaminlərdən biri cümə günü həbs edilən Kərimovdur (yəni borc onun deyil heç). Kərimovun 2 və 3 yaşında körpə uşağı var. Özü və həyat yoldaşı işləmirlər.
Mövzu ilə bağlı vəkil Vidadi Mirkamal deyib ki, zamin duran şəxsi həbs etmək sadəcə nonsensdir: “Azərbaycanın mövcud qanunvericiliyinə görə, banka borclu olanlara zamin duranlar üçün əmlak məsuliyyəti nəzərdə tutula bilər. Borc götürən şəxsin banka olan borcunu ödəmədiyi təqdirdə, zamin duran şəxs həmin şəxsin әvәzinә sadəcə borcunu ödəməlidir. Bu məsələyə görə, Azərbaycan qanunvericiliyində cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Bu cür şəxslər ictimai təhlükəli şəxslər hesab edilmir. Zamin duran şəxsi həbs etmək sadəcə nonsensdir. Amma bu cür tendensiyanın silsilə şəkilini alaraq davam etməsini ehtimal etmirəm. Bu birmənalı qaydada həm də Avropa konvensiyasının müddüalarına ziddir. Belə qərar çıxardan hakimlərin, məhkəmələrin qəraraları Avropa İnsan Haqları Məhkəməsi tərəfindən ləğv ediləcək. Bu fakt Azərbaycanı beynəlxalq aləmdə rüsvay edən bir faktdır. Bu olayların total şəkildə davam edəcəyinə inanmıram. Amma bura Azərbaycanıdır və burada hər şey ola bilər.
Rəsmi məlumata görə, əhalinin 2,5 milyon nəfəri banklara bilavasitə borclu olan şəxslərdir. Elə o qədər də insan zamindir. Bu göstəricilərə görə, ölkə əhalisinin 60-70% dolayısı ilə banklarla bağlı şəxslərdir. İnsanları bu formada qorxutmaqla işləri həll etmək mümükün deyil. Düşünürəm ki, bu cür bir neçə hadisə baş versə ölkədə çox ciddi ictimai qınağa gətirib çıxardacaq”. (Deyerler.org)